Yuxarı

Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub

“Zirə” İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev Assosiasiyanın İdarə Heyətinin sədri seçilib

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən qabaqcıl meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, bununla bağlı avqustun 16-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 100-ə yaxın meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, meyvə və tərəvəz istehsalı, ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan Assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq. Onun sözlərinə görə, Nazirlik Assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstəyi göstərəcək.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, Konfederasiyanın yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini deyib.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.

“Zirə” İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Eyni zamanda, tədbir çərçivəsində 30-a yaxın meyvə və tərəvəz istehsalçısı, ixracatçılarının məhsullarından ibarət sərgi təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi