Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.
"Report" nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagy ilə görüşüb.
Görüşdə nazirliyin və aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. M.Məmmədov indiyədək keçirilən görüşlərdə aqrar sahədə müasir texnologiyaların transferi, mütəxəssis hazırlığı, azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda uzunmüddətli təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlığa başlanılması, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında sıx əlaqələrin qurulması ilə bağlı razılıq əldə edildiyini xatırladıb. İki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb, kənd təsərrüfatı sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Azərbaycan tərəfi iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkib. M.Məmmədov macar həmkarını Azərbaycana səfərə dəvət edib, ona işğaldan azad olunmuş ərazilərdəki bərpa, yenidənqurma və zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlərlə yaxından tanış olmağı təklif edib, kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdıran nazir macar sahibkarları bu ərazilərdə investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
İ.Nagy öz növbəsində Macarıstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması vacib əhəmiyyət daşıyır. İstvan Nagy bu dəvəti məmnuniyyətlə qəbul edərək yaxın zamanlarda Azərbaycana səfər edəcəyini vurğulayıb.