Azərbaycan Küveyt və İrandan yem idxal etməyə başlayıb
- 21 oktyabr, 2022
- 09:47
Bu ilin ilk 8 ayında Azərbaycan 196,51 min ABŞ dolları dəyərində 1 min 041 ton yem məhsulu (şalğam, yem çuğunduru, ot, yonca, digər) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Küveytə 188,57 min ABŞ dolları dəyərində 998,88 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 7,94 min ABŞ dolları dəyərində 41,8 ton (tədarük olmayıb) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana xaricdən 15,57 min ABŞ dolları dəyərində (+9,4 dəfə) 71,4 ton (+56,3 dəfə) yem gətirilib.
Küveytdən 10,87 min ABŞ dolları dəyərində 46,7 ton və İrandan 4,69 min ABŞ dolları dəyərində 24,7 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Küveyt və İrandan tədarük həyata keçirilib.
Ötən il Azərbaycanın ixrac etdiyi (6 ölkəyə) 1 min 533 ton yem məhsulunun 47,7 %-i Birləşmiş Ərəb Əmirliklərinin, 38,6 %-i Küveytin payına düşüb. Xaricdən (ancaq Polşadan) 1,66 min ABŞ dolları dəyərində 1,26 ton yem gətirilib.