Azərbaycan kənd təssərrüfatı kooperasiyasında Almaniya təcrübəsini tətbiq edəcək

Azərbaycan kənd təssərrüfatı kooperasiyasında Almaniya təcrübəsini tətbiq edəcək Parlament "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsinə başlayır
ASK
18 May , 2016 14:08
Azərbaycan kənd təssərrüfatı kooperasiyasında Almaniya təcrübəsini tətbiq edəcək

Bakı. 18 may. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasında II oxunuşda müzakirə üçün tövsiyyə olunub.

"Report"un verdiyi xəbər görə, sənəd kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Burada əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müsəssiləri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.

Kənd təsərrüfatı kooperasiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların birlikləri vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyətdir. Kooperativlər fəaliyyət xarakterinə görə istehsal, istehlak və istehsal-istehlak yönümlü ola bilər.

İstehsal kooperativində görülən işlərin ən azı 70%-i kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir.

İstehlak kooperativləri 5-dən az olmayan fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır. İstehlak kooperativlərinin yerinə yetirdiyi işin həcminin pul ifadəsində ən azı 70%-i kooperativ üzvləri tərəfindən həyata keçirilməlidir.

İstehsal-istehlak kooperativləri isə kənd təsərrüfatı məhsullları istehsalı ilə yanaşı istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini yerinə yetirir.

Bələdiyyələr kənd təsərrüfatı bazarında rəqabəti genişləndirmək, kooperativlərin səmərəli fəaliyyətinə təkan vermək üçün kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir.

Qanun layihəsinə əsasən, kooperativlərin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirilir ki, dövlət və bələdiyyə mülkiyyətində olan, fəaliyyət göstərməyən və ya səmərəli istifadə edilməyən obyektlər satış şəbəkələri təşkil etmək üçün kooperativlərin icarəsinə verilə bilər.

Aqrar siyasət Komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, bu maddədə bir az dəyişiklik edilməsi həmin obyektlərin təkcə icarəyə verilməsi deyil, satışının da mümkün olmasının qanunda qeyd olunmasının məqsədəuyğun olacağını vurğulayıb: "Kooperativə obyekti təkcə icarəyə götürmək deyil, satışını da qeyd etmək lazımdır. Çünki insanlar icarədə olana investisiya yatırmaqda elə də maraqlı olmurlar".

E.Quliyev qeyd edib ki, hazırda bazarda inhisarlar var: "Bazarda sərbəst kooperativlərə yer verməklə bunu aradan qaldırmaq və qiymətlərdə azalma müşahidə etmək mümkün olacaq. Çünki koooperativlər bazarda rəqabətə girir".

Komitə sədri əlavə edib ki, bəzi insanlar kooperativləri kolxoz və sovxozla qarışdırırlar: "Kooperativlər 1849-cü ildə Londonda yaradılıb. Daha sonra Almaniya, Fransa, Hollandiya, Rusiyada formalaşıb. Azərbaycanda isə 1898-ci ildə Bakı, Naxçıvan və Gəncədə yaradılıb. 1995-96-cı illərdə kolxoz və sovxozların islahatları aparılıb, kooperativlər isə qaldı. Kooperasiyanın inkişafının əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir".

Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, ABŞ və Avropa ölkələri kooperativlərlə bağlı müvafiq qanunlarla işləyir: "Balaca təsərrüfatın xərci çox, gəliri az, böyük təsərrüfatların isə əksinə xərci azalır, gəliri artır. Artıq insanlar bu fəaliyyətə başlayıblar. Kooperasiya sahəsində Almaniya təcrübəsini öyrənmişik və qanunlarımızı buna uyğunlaşdırmışıq".

Deputat Hüseynbala Mirələmov da müzakirədə bildirib ki, dövlət dəstəyi ilə bağlı üçüncü fəsildə konkret qeydlər etmək lazımdır, kreditləşmə mexanizmi sadələşdirilməlidir. Onun sözlərinə görə, əgər maliyyələşmə, kreditləşmə mümkün olmasa, bu qanun kağız üzərində qalacaq.

Son xəbərlər

Orphus sistemi