Yuxarı
    Bağlamaq

    Azərbaycan kənd təsərrüfatı istehsalını 7%-dən çox artırıb

    Heyvandarlıq məhsulları istehsalı 2,2%, bitkiçilik istehsalı isə 12,3% artıb

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı faktiki qiymətlərlə 4 131,4 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun sabit qiymətlərlə dəyəri 7,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,2%, bitkiçilik məhsulları üzrə isə 12,3% artıb.

    Sentyabrın 1-nə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8%-i yaxud 913,6 min hektarı biçilib və həmin sahələrdən 2 781,4 min ton taxıl toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur. Hər hektardan orta hesabla 30,4 sentner məhsul götürülüb, ümumi məhsuldarlıq 33,3% artıb. Yüksək məhsuldarlıq dən üçün qarğıdalı yığımında da müşahidə edilir. Belə ki, hektarın orta məhsuldarlığı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 53 sentnerə yüksəlib, indiyədək yığılacaq dən üçün qarğıdalı sahəsinin 36,1%-dən yaxud 13,2 min hektarından 69,6 min ton məhsul toplanıb.

    Cari ildə təsərrüfatlarda mövsüm ərzində 685,0 min ton kartof, 1 011,5 min ton tərəvəz, 456,3 min ton bostan məhsulları, 352,6 min ton meyvə və giləmeyvə, 37,2 min ton üzüm, 379,4 ton çay yarpağı, 15,0 min ton dən üçün günəbaxan və 2,4 min ton tütün yarpağı toplanıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kartof istehsalı 5,1%, tərəvəz istehsalı 3,1%, bostan məhsulları istehsalı 11,2%, meyvə və giləmeyvə istehsalı 2,7%, üzüm istehsalı 0,3%, tütün istehsalı 29,3%, çay yarpağı istehsalı 19,8% artıb, günəbaxan istehsalı isə 11,6% azalıb.

    Bu ilin məhsulu üçün təsərrüfatlarda müvafiq işlər görülüb və bu dövrdə payızlıq əkinlər üçün 237,6 min hektar yaxud əvvəlki ildəkindən 7,5% çox sahədə şum qaldırılıb.

    Cari ilin ötən 8 ayı ərzində diri çəkidə 298,1 min ton mal-qara və quş əti, 1 302,3 min ton süd, 1 019,4 mln. ədəd yumurta və 16,0 min ton yun istehsal edilib. Ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 1,1%, süd istehsalı 4,3%, yumurta istehsalı 0,1%, yun istehsalı isə 1,7% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi