Azərbaycan İrandan heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyub

Azərbaycan İrandan heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyub Bu, İranın Qum bölgəsində dabaq xəstəliyinin yayılması ilə bağlıdır
ASK
11 Yanvar , 2016 17:30
Azərbaycan İrandan heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyub

Bakı. 11 yanvar. REPORT.AZ/ İranın Qum bölgəsində dabaq xəstəliyinin yayılması ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov əmr imzalayıb.

“Report” DBNX-yə istinadən bildirir ki, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan, Tehran bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qeyd edilib. Bununla belə, əmrdə digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına İran Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

Qeyd edək ki, İranda baş verən dabaq xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

DBNX dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyətin sabit olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi