Azərbaycan daha iki ölkəyə kürü satmağa başlayıb
- 25 oktyabr, 2022
- 07:07
Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 1 milyon ABŞ dolları dəyərində 3,39 ton qara kürü (nərə balıqlarının kürüsü) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 71,2 % çoxdur.
Çindən 1,032 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74,5 % çoxdur) 3,35 ton (+70 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 23,07 min ABŞ dolları dəyərində 0,03 ton (bir illik aradan sonra idxal bərpa edilib) məhsul alınıb.
Azərbaycan hesabat dövründə 254,87 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 0,22 ton (+5,5 dəfə) qara kürü ixrac edib.
Birləşmiş Ərəb Əmirliklərinə 97,37 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 0,07 ton (+7 dəfə), ABŞ-a 64,47 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,09 ton (+4,5 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 41,4 min ABŞ dolları dəyərində 0,02 ton, Sinqapura 16,33 min ABŞ dolları dəyərində 0,01 ton, Rusiyaya 15,74 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapura və Yeni Zelandiyaya tədarük həyata keçirilib. Yeni Zelandiya Azərbaycandan 5,46 min ABŞ dolları dəyərində 0,01 ton kürü idxal edib.