Azərbaycan daha iki ölkədən mal əti idxal etməyə başlayıb
- 10 mart, 2023
- 06:48
Ötən il ərzində Azərbaycan 17,42 milyon ABŞ dolları dəyərində 3 min 763 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Ukraynadan 10,71 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 2 min 322 ton (-35 %), Hindistandan 2,87 milyon ABŞ dolları dəyərində (+59 %) 923 ton (+48 %), Braziliyadan 2 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 400 ton (+89 %), Səudiyyə Ərəbistanından 645 min ABŞ dolları dəyərində 33,6 ton, Rusiyadan 501 min ABŞ dolları dəyərində (+93 %) 33 ton (+62 %) ət alıb.
Azərbaycana Avstraliyadan (24,4 min ABŞ dolları dəyərində 0,51 ton), Avstriyadan (3,13 min ABŞ dolları dəyərində 0,06 ton), Birləşmiş Ərəb Əmirliklərindən (4,5 min ABŞ dolları dəyərində 0,34 ton) və İspaniyadan (13,3 min ABŞ dolları dəyərində 1,7 ton) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyadan (50,5 min ABŞ dolları dəyərində 7,5 ton) və Səudiyyə Ərəbistanından idxal həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 4,45 min ton dondurulmuş iribuynuzlu heyvan ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb.