Azərbaycan daha bir ölkəyə ərik satmağa başlayıb
- 19 avqust, 2022
- 10:55
Bu ilin I yarısında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 1 074 ton təzə ərik ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,5 %, kəmiyyət olaraq – 2,8 % çoxdur.
Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 7,1 % artıb) 1 008 ton (+4,8 %), Belarusa 139 min ABŞ dolları dəyərində 64,3 ton və Qazaxıstana 1 min ABŞ dolları dəyərində (-49,1 %) 2,2 ton (-44,6 %) məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.
Hesabat dövründə ölkəyə 98 min ABŞ dolları dəyərində 56,5 ton ərik idxal edilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 90,5 % və 93,1 % azdır.
Türkiyədən 90 min ABŞ dolları dəyərində (-91,2 %) 54,8 ton (-93,2 %), İrandan 7 min ABŞ dolları dəyərində (+49,3 %) 1,6 ton (+49,1 %) və Cənubi Afrikadan 0,4 min ABŞ dolları dəyərində (+33,3 %) 0,05 ton (dəyişməyib) məhsul alınıb.