Azərbaycan daha bir ölkədən mal əti tədarük etməyə başlayıb
- 11 fevral, 2025
- 13:45
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 44,9 milyon ABŞ dolları dəyərində 11 136 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 %, kəmiyyət olaraq – 56 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 28,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % çoxdur) 6 490 ton (+88 %), Braziliyadan 7,9 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 2 482 ton (+3 dəfə), Belarusdan 4,4 milyon ABŞ dolları dəyərində (+11 %) 1 107 ton (+16 %), Hindistandan 2,1 milyon ABŞ dolları dəyərində (-52 %) 692 ton (-59 %), Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+57 %) 167 ton (+46 %) mal əti alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük (2,5 min ABŞ dolları dəyərində 0,02 ton) həyata keçirilib.
2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 8 min 168 ton mal ətinin 46,7 %-i Ukraynanın payına düşüb.