Azərbaycan daha bir ölkədən mal əti almağa başlayıb

ASK
  • 04 noyabr, 2022
  • 05:59
Azərbaycan daha bir ölkədən mal əti almağa başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 6 milyon ABŞ dolları dəyərində 1 min 251 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,2 %, kəmiyyət olaraq – 60 % azdır.

Hesabat dövründə Ukraynadan 3,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66,5 % azdır) 701,4 ton (-71,8 %), Hindistandan 1,2 milyon ABŞ dolları dəyərində (-8,4 %) 386 ton (-23 %), Braziliyadan 814 min ABŞ dolları dəyərində (+64 %) 152,5 ton (+81 %), Rusiyadan 282 min ABŞ dolları dəyərində (+84 %) 17,1 ton (+13,3 %), Argentinadan 77 min ABŞ dolları dəyərində 3,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İordaniyadan tədarük həyata keçirilib. Həmin ölkədən 50,5 min ABŞ dolları dəyərində 7,5 ton mal əti idxal edilib.

2021-ci ildə Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 4,45 min ton dondurulmuş iribuynuzlu heyvan ətinin 80 %-i Ukraynanın, 14 %-i Hindistanın payına düşüb.