Azərbaycan daha bir ölkədən günəbaxan toxumu almağa başlayıb

ASK
  • 17 iyun, 2022
  • 08:20
Azərbaycan daha bir ölkədən günəbaxan toxumu almağa başlayıb

Bu ilin ilk 4 ayında Azərbaycan xaricdən 1,91 milyon ABŞ dolları dəyərində 1 min 115 ton günəbaxan toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 71 % azdır.

Çindən 1,149 milyon ABŞ dolları dəyərində 631,28 ton, Türkiyədən 659,65 min ABŞ dolları dəyərində 376,43 ton, Ukraynadan 56,1 min ABŞ dolları dəyərində 66 ton (mart-aprel aylarında tədarük olmayıb), Rusiyadan 45,7 min ABŞ dolları dəyərində 41,1 ton, İrandan 0,33 min ABŞ dolları dəyərində 0,08 ton, Almaniyadan 0,32 min ABŞ dolları dəyərində 0,07 ton və Boliviyadan 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Ötən ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə Çindən tədarük müvafiq olaraq 21,5 % və 16,6 % artıb, Türkiyədən – 0,5 % və 11 % artıb, Ukraynadan – 25,6 % və 5,7 % azalıb, Rusiyadan – 38 dəfə və 65 dəfə azalıb, İrandan – 6,6 dəfə və 14,1 dəfə azalıb, Almaniyadan – 6 % azalıb və dəyişməyib.

Azərbaycan bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Boliviyadan günəbaxan toxumu alıb.

Qeyd edək ki, ötən il xaricdən (10 ölkə) aldığımız 6 min 305 ton günəbaxan toxumunun 43 %-i Rusiyanın, 27 %-i Çinin, 16,2 %-i Türkiyənin, 10,1 %-i Ukraynanın payına düşür.