Azərbaycan daha 3 ölkəyə badam tədarükünə başlayıb
- 20 oktyabr, 2022
- 06:44
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xaricdən 1,785 milyon ABŞ dolları dəyərində 307,12 ton badam (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,3 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Amerika Birləşmiş Ştatlarından 1,598 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 276,93 ton (+16 %), İspaniyadan 95,59 min ABŞ dolları dəyərində (-33 %) 17,35 ton (-33,7 %), Avstraliyadan 33,94 min ABŞ dolları dəyərində (+6,8 dəfə) 5,14 ton (+19 dəfə), Türkiyədən 20,79 min ABŞ dolları dəyərində (+58 %) 3,21 ton (+53 %), İrandan 14,62 min ABŞ dolları dəyərində (+44,4 %) 1,94 ton (+44,7 %) məhsul idxal edilib.
Hesabat dövründə Azərbaycandan xaricə 1,189 milyon ABŞ dolları dəyərində 381,6 ton badam göndərilib (bir il əvvəl tədarük olmayıb).
Rusiyaya 696,87 min ABŞ dolları dəyərində 134,92 ton, Özbəkistana 450,82 min ABŞ dolları dəyərində 239,3 ton, Belarusa 41,78 min ABŞ dolları dəyərində 7,3 ton, İraqa 0,29 min ABŞ dolları dəyərində 0,06 ton, Qazaxıstana 0,04 min ABŞ dolları dəyərində 0,01 ton, Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
On illik fasilənin ardından Qazaxıstana, 5 illik aradan sonra Rusiyaya tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa, Belçikaya və İraqa ixrac həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycandan xaricə göndərilən 87,23 ton badamın 51 %-i Türkiyənin, 48,9 %-i Özbəkistanın və 0,1 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.