Azərbaycan daha 2 ölkədən limon və laym idxal etməyə başlayıb

ASK
  • 03 mart, 2023
  • 13:28
Azərbaycan daha 2 ölkədən limon və laym idxal etməyə başlayıb

2022-ci il ərzində Azərbaycana xaricdən 15,651 milyon ABŞ dolları dəyərində 19 min 53 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstərcisi ilə müqayisədə dəyər ifadəsində 12,7 %, kəmiyyət olaraq – 12,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 12,28 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,4 % çoxdur) 16 min 369 ton (+13,2 %), Cənubi Afrikadan 3 milyon ABŞ dolları dəyərində (+1,7 %) 2 min 395 ton (+1,7 %), Braziliyadan 187,84 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 121,53 ton (+3,7 dəfə), Misirdən 124 min ABŞ dolları dəyərində 123,55 ton, Argentinadan 42,1 min ABŞ dolları dəyərində 31,14 ton məhsul alıb.

İki il 11 aylıq aradan sonra Vyetnamdan (6,31 min ABŞ dolları dəyərində 3,41 ton), 2 il 8 ayın tamamında Misirdən, 1 il 10 aylıq fasilənin ardından Argentinadan limon və laym tədarükü bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiya (2,11 min ABŞ dolları dəyərində 1,1 ton) və Tailandan (4,1 min ABŞ dolları dəyərində 1 ton) idxal həyata keçirilib.

2021-ci ildə Azərbaycanın idxal etdiyi (7 ölkədən) 16,9 min ton limon və laymın 85,6 %-i Türkiyənin, 13,9 %-i Cənubi Afrikanın payına düşüb.