Azərbaycan buğda idxalını 13 % artırıb
- 28 yanvar, 2023
- 13:12
2022-ci ildə Azərbaycan 1 milyon 292 min 996 ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 436 milyon 551 min ABŞ dolları olub.
Bunlar, 2021-ci illə müqayisədə həcm baxımından 144 min 896 ton (12,6 %), dəyər baxımından isə 104 milyon 605 min ABŞ dolları (31,5 %) çoxdur.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 3%-ini təşkil edib.
2022-ci ildə ölkədə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1736,1 min tonunu və yaxud 54,9 %-ini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 31,9 sentner olub. 2022-ci ildə buğdanın əkin sahəsi 547 min hektar olub, 1 milyon 736 min ton məhsul yığılıb. Bu, 2021-ci illə müqayisədə 7,9 % azdır.
2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Ötən il ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3 % artıb 5 milyard 538 milyon ABŞ dolları, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 % artaraq 5 milyard 446 milyon ABŞ dolları təşkil edib.