Bakı. 18 aprel. REPORT.AZ/ Çinin “Shandong Guangtong Silkworm Eggs Co.” şirkətindən Azərbaycana 6 000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və bu gün ölkəyə gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, toxumlar inkubasiyaya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.
"Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında ölkənin 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq 1 kq-a 5 manat subsidiya verir. Yaxın gələcəkdə toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Xatırladaq ki, 2016-cı ildə 2007-ci ildən bu vaxta kimi ilk dəfə ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1 250-yə yaxın kümçü ailəsi bir ay ərzində çəkdikləri zəhmət müqabilində 600 min manata yaxın gəlir əldə ediblər.
Kənd Təsərrüfatı Nazirliyi 2016-cı ildə tender müqaviləsi əsasında Çindən 1,5 mln. ədəd tut tingləri tədarük edib, Prezident Administrasiyası tərəfindən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.
Bu il isə ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulub.