Azərbaycan balının brendləşdirilməsi təklif edilir
- 11 fevral, 2022
- 13:12
Azərbaycan Arıçılar Assosiasiyası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə Azərbaycan balının ümumi brendinin yaradılması və bir məkanda satışının təşkili ilə bağlı layihə təqdim edib.
Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, layihə müxtəlif bölgələrin ballarının toplanıb-qablaşdırılıb daim fəaliyyət göstərən bal yarmarkası kimi bir yerdə satışının təşkili ilə bağlıdır: “Bu məkanda həmçinin, xüsusi laboratoriyanın yaradılması məsələsi də yer alıb. Belə ki, laboratoriya vasitəsilə arıçıların ballarını yoxlamağa imkan verəcək, həm də bir məkanda bütün xidmətlər cəmlənəcək. Dünyada bu cür məkanlar var. Layihə bütün regionların balının bir məkanda satışına imkan yaradacaq".
B. Həsrətov bildirib ki, bu layihəyə bir-iki il müəyyən dəstək olmalıdır: "Layihə özünü maliyyələşdirəndən sonra artıq dəstəyə ehtiyac qalmayacaq. KOBİA layihənin maliyyələşdirilməsi ilə bağlı xarici təşkilatlara müraciət edib”.
Assosiasiya sədri qeyd edib ki, layihə ölkədə arıçılığın inkişafına səbəb ola bilər: “Layihə həmçinin məhsulunu sata bilməyən arıçılara da dəstək olacaq”.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 7 min tona yaxın bal süzülüb.