Yuxarı

Azərbaycan arıçıları uzunmüddətli kreditə ehtiyac duyurlar

Dövlətin dəstək göstərməsi üçün arıçılar biznes plan layihəsi hazırlamalıdır

Bakı. 26 avqust. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşəbbüsü, İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) iştirakı ilə ölkədə arıçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublikanın qabaqcıl arıçıları ilə görüş keçirilib. "Report" KTN-ə istinadən xəbər verir ki, görüşün əsas məqsədi ölkədə arıçılığın inkişafı, marketinqin və damazlıq işinin təşkilinin müzakirəsi olub.

Nazirliyin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ölkədə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahədə yüksək məhsul əldə etmək üçün damazlıq işinin təşkilinin vacibliyini söyləyib. O, həmçinin məhsulun qablaşdırılmasının da müasir tələblərə cavab verməsini təklif edib.

Görüşdə arıçılıqda mövcud olan problemlər barədə fikir mübadiləsi aparılıb və onların həlli yolları müzakirə edilib. Son illərdə arıçılığın daha da inkişaf etdirilməsi ilə əlaqədar istehsal olunan məhsulun tədarükü, qablaşdırılması və marketinqinə tələbat artıb. Çıxış edənlər bu sahəyə uzunmüddətli kreditlərin verilməsinə ehtiyac yarandığını qeyd ediblər.

Arıçılara dövlət tərəfindən müvafiq dəstəyin göstərilməsi üçün arıçılara biznes plan layihələrinin hazırlanması və bu sənədlərin Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etmələri tövsiyə olunub.

Sonda mütəxəssislərlə fermerlər arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi