Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını artırmaq məqsədilə Səudiyyə Ərəbistanın əsas satış marketlərindən olan "Tamimi" marketlər qrupu ilə əməkdaşlıq etmək istəyir.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı qrupun nümayəndələri ilə görüş keçirilib.
Görüşdə nazir müavini Sarvan Cəfərov, nazirliyin nümayəndələri, eləcə də yerli meyvə və tərəvəz, ət və balıq istehsalçısı olan şirkətlərin əməkdaşları iştirak edib.
S.Cəfərov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, fermerlərə yaradılan əlverişli şərait barədə qonaqlara ətraflı məlumat verib. Görüşdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal və ixrac vəziyyəti barədə təqdimatlar edilib. Kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksək olduğu qeyd olunub, dövlətin aqrar sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyü, subsidiyalar ayırdığı vurğulanıb. O, bildirib ki, 2022-ci ildə 667,6 milyon ABŞ dolları dəyərində 643,7 min ton həcmində kənd təsərrüfatı məhsulları ixrac edilib. Ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları xurma, pomidor, fındıq, nar, alma, kartof və çay olub.
Səudiyyə Ərəbistanında olan özəl sektor nümayəndələrinə ixrac potensiallı kənd təsərrüfatı məhsulları ilə yanaşı, ölkəmizdə mövcud olan şəffaf investisiya mühiti barədə də ətraflı məlumat verilib. Görüş zamanı Səudiyyə Ərəbistanının ən iri marketlər şəbəkəsinin nümayəndələri satış bazarındakı mövqeləri barədə məlumat verib və Azərbaycan istehsallı məhsullara maraqlarının böyük olduğunu diqqətə çatdırıblar. Yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarının Səudiyyə Ərəbistanına ixracı istiqamətində müzakirələr aparılıb.
Səfər çərçivəsində şirkət nümayəndələrinin Abşeron və Quba-Xaçmazda yerləşən logistika mərkəzlərinə, meyvə bağlarına və istixanalara səfəri təşkil edilib.
1979-cu ildən bir çox ölkələrdən məhsul idxal edən "Tamimi"nin Səudiyyə Ərəbistan və Bəhreynin müxtəlif bölgələrində 104-dən çox marketi fəaliyyət göstərir.