Yuxarı

Azad Rəhimov Türkiyədə rəsmi səfərdədir

İstanbulda gənclər və idman nazirlərinin 3-cü sessiyası başlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində gənclər və idman nazirlərinin 3-cü sessiyası işə başlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda nazir Azad Rəhimov da iştirak edir. 

Sessiyada gənclər və idman sahələrindəki problemlərin həll yollarının tapılması, ölkələrin idman nailiyyətlərinin, idman fəaliyyətinin artırılması, ictimaiyyətin idmana marağının yönləndirilməsi və gənclərin idman sahəsində potensiallarının gücləndirilməsi üçün müzakirələrin aparılması nəzərdə tutulur.

A.Rəhimov iclasda gənclər və idman sahələri istiqamətində Azərbaycanda həyata keçirilən siyasət haqqında geniş məlumat verib. O bildirib ki, oktyabrın 18-də müstəqilliyinin 25 illiyini qeyd edəcək gənc Azərbaycanın ölkə əhalisinin 2/3 hissəsini 30 yaşdan aşağı gənclər təşkil edir: "Gənclər sahəsində bu günə qədər 2005 - 2015-ci illəri (2005 - 2009 və 2011 - 2015) əhatə etmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı” həyata keçirilib, 20-dən artıq proqramı özündə cəmləşdirən və ilk dəfə olaraq, 10 ili əhatə edən “2015 - 2025-ci illər üzrə Azərbaycan Gənclərinin inkişaf strategiyası” imzalanıb“.

Nazir çıxışı zamanı ölkədə 320 QHT-nin müxtəlif istiqamətlərdə fəaliyyət göstərməsi, 39 Gənclər Evinin mövcudluğu və ümümilikdə gənclər sahəsini əhatə edən bir sıra layihələr haqda məlumat verib. A.Rəhimov qeyd edib ki, Azərbaycan daim beynəlxalq səviyyəli idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək, dünyada idman ölkəsi kimi böyük nüfuz qazanıb: "Məhz "Bakı-2015" I Avropa Oyunları, Formula 1 üzrə Avropa Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi oyunları qeyd olunanların bariz nümunəsidir”.

Nazir çıxışı əsnasında IV İslam Həmrəyliyi oyunlarına geniş şəkildə toxunaraq, ətraflı məlumatı iştirakçıların diqqətə çatdırıb və Oyunlarla bağlı iştirakçılara daha ətraflı məlumatın verilməsi üçün videoçarx nümayiş olunub. Bununla yanaşı, A.Rəhimov iclasda müzakirə olunan mövzularla bağlı da rəy bildirib, fikir mübadiləsi aparıb.

Xatırladaq ki, gənclər və idman nazirlərinin 3-cü sessiyası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri Şurasının 42-ci sessiyası (Küveyt, 27-28 may, 2015-ci il) və gənclər və idman nazirlərinin İslam Konfransının 2-ci sessiyasının (Ciddə, 17-18 mart, 2014-cü il) qərarlarına əsasən keçirilir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov da daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi