Azərbaycanda fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunması, payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və sertifikatlı toxumdan istifadənin vacibliyi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Anar Əzimov Tovuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində toxumçu fermerlərlə keçirilən görüşdə deyib. Görüşdə Tovuz, Ağstafa, Göygöl, Qazax, Şəmkir, Samux rayonlarında toxumçuluq fəaliyyəti ilə məşğul olan 30-dan çox fermer iştirak edib.
A. Əzimov kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması əsas prioritet vəzifələrdən olduğunu nəzərə çatdırıb. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başlandığını deyən AXA-nın sədr müavini bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib ki, regionlarda toxumçuluğun elmi əsaslarla inkişafı daimi diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, fermerlərin yüksək keyfiyyətli toxumla təmin edilməsi, toxum sektorunun inkişaf etdirilməsi kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün vacib amillərdəndir.
Görüşdə fermerlərin toxumların vaxtında sertifikatlaşdırılma prosesini həyata keçirmək, eləcə də məlumatların vaxtında EKTİS-ə daxil edilməsinin vacıbliyi nəzərə çatdırılıb. Həmçinin, toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub.