Astarada 16 mindən çox Türkiyədən gətirilən “Okidsu” və “Mihovaze” sortları olan naringi tinglərdən yeni intensiv sitrus meyvə bağı salınır.
Bu barədə “Report”un cənub bürosu xəbər verir. Məlumata görə, yeni salınan bağ 25 hektar ərazini əhatə edir.
Türkiyəli mütəxəssisin rəhbərliyi ilə yaradılan sitrus meyvə bağının salınmasına bu ilin mart ayından başlanıb. Ötən dövrdə torpaq əkin üçün tam hazır vəziyyətə gətirilib, ən yeni üsullarla tinglərin əkilməsinə başlanılıb. Sitrus bağında hər hektarda 650 ədəd olmaqla ümumilikdə 16 mindən çox “Okidsu” və “Mihovaze” sortları olan naringi tingləri əkilir. Hazırkı iş prosesində təsərrüfatda gündəlik 60 nəfərdən çox fəhlə çalışır.
Əkin başa çatandan sonra sitrus bağında müasir suvarma sistemlərinin qurulmasına başlanacaq.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sitrusçuluğun inkişaf etdirilməsinə təsir edən əsas amillərdən biri də fermer və sahibkarlara güzəştli qaydalarla gübrələrin verilməsi, yeni subsidiya mexanizminin tətbiq edilməsidir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən növündən asılı olaraq salınacaq yeni intensiv sitrus bağlarının hər hektarı üçün 9-11 min manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulub.
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası çərçivəsində rayonda son illər fərdi təsərrüfatlardan başqa təkcə fermer və sahibkarlar tərəfindən yeni innovativ üsulların tətbiqi ilə 200 hektardan artıq intensiv subtropik və sitrus meyvə bağları salınmış, ümumi sahəsi 4 500 hektara çatdırılıb.