Aqrar Sığorta Fonduna qeyri-sabit hava şəraitinə görə müraciətlərin sayı 200-ə yaxınlaşıb

Aqrar Sığorta Fonduna qeyri-sabit hava şəraitinə görə müraciətlərin sayı 200-ə yaxınlaşıb Bu ilin aprelin 27-dən mayın 11-nə qədər qeyri-sabit hava şəraiti ilə əlaqədar əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 18 rayondan 191 müraciət daxil olub.
ASK
12 May , 2023 16:45
Aqrar Sığorta Fonduna qeyri-sabit hava şəraitinə görə müraciətlərin sayı 200-ə yaxınlaşıb

Bu ilin aprelin 27-dən mayın 11-nə qədər qeyri-sabit hava şəraiti ilə əlaqədar əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 18 rayondan 191 müraciət daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

Məlumata görə, son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumat verilib. Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.

Dəymiş zərərlərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertlərindən ibarət qruplar bölgələrə ezam olunub. Qruplara Türkiyədən dəvət olunmuş təcrübəli, aqrar sığorta sahəsində lisenziyalı ekspertlər rəhbərlik edir. Qrupların tərkibinə Azərbaycan Mərkəzi Bankından lisenziyası olan təcrübəli ekspertlərlə yanaşı, Aqrar Sığorta Fondunda keçirilən təlimləri müvəffəqiyyətlə bitirərək, Dövlət İmtahan Mərkəzinin test imtahanlarından keçən yeni ekspertlər daxildir. Onlar bu proseslərə qatılaraq zərərlərin qiymətləndirilməsi üzrə praktik biliklərə yiyələnirlər. Ekspert qrupları artıq bir çox sığortalanmış təsərrüfatlarda zərərin ilkin qiymətləndirilməsini həyata keçiriblər. İlkin qiymətləndirmə dəymiş zərərin düzgün hesablanması, zərər ödənişlərinin vaxtında olunması üçün önəmlidir.

Yekun qiymətləndirmə məhsul yığımından və biçindən öncə təsərrüfat sahiblərinin müraciəti əsasında aparılacaq, dəymiş zərər müəyyən olunacaq. Bu nəticələrə əsasən, zəruri sənədlər təqdim olunduqdan sonra 7 iş günü ərzində fermerlərə ödənişlər həyata keçiriləcək.

Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir. Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi