Mayın 1-dən bu günə qədər Aqrar Sığorta Fondunun 1651 saylı Çağrı Mərkəzinə qeyri-sabit hava şəraitinə görə fermerlərdən 143 müraciət daxil olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.
Məlumata görə, ən çox müraciət Şəkidən olub. Bu ərazidən müraciət edən 45 nəfərin 34-ü külək, 11-i dolu səbəbi ilə kompensasiya almaq istəyib.
"Bəzi bölgələrdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri nəticəsində meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Təsərrüfatlarını sığorta etdirmiş fermerlər dəymiş zərərin müəyyən edilməsi üçün Fonda müraciət edirlər. Müraciətlər daha çox Şəki, Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.
Fermerlərin müraciətləri dərhal qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunur. Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq.
Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalanmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisəsi barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və yaxud idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.