Aqrar Sığorta Fondu bu il baş vermiş hadisələr və qeydə alınmış zərərlər üzrə fermer və təsərrüfatlara ödəniş etməyə başlayıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ödəniş qurumun qarşıladığı bütün riskləri - dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları və üçüncü şəxslərin hərəkətlərini əhatə edir. Artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildiriş göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur.
Bu il Fonda ödənişlə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi fırtına-qasırğa, sel-subasma, dolu və sair hadisələrlə əlaqədardır.
Sığorta hadisələri ölkənin bütün bölgələrində və Fondun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə daxil olub.
Xatırladaq ki, 2022-ci ildə Fond 2021-ci illə müqayisədə 2 dəfə çox - 2,4 milyon manat ödəniş edib. 2023-cü ildə bu rəqəmin bir qədər də artacağı gözlənilir.
Aqrar Sığorta Fondunun əhatə etdiyi məhsul və risklərin siyahısı mütəmadi olaraq genişlənir. Hazırda Fond 41 bitki növü üzrə əkinləri ümumilikdə 28 sayda riskdən qoruyur. Fermerlərə dəstək məqsədilə, hesablanmış sığorta haqlarının 50 %-ni dövlət ödəyir.