Azərbaycanda bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında innovasiyaların tətbiqi dövlət səviyyəsində dəstəklənir. Əhalinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin edilməsində aqrar innovasiyaların rolu danılmazdır. Bu sahədə vəziyyətlə bağlı “Report”un suallarını Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktoru Anar Cəfərov cavablandırıb.
- Hazırda aqrar sektorda innovativ texnologiyaların təşviqi və tətbiqi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Bu sahədə innovativ texnologiyaların təşviqi və tətbiqi istiqamətlərində silsilə tədbirlər həyata keçirilir. Xüsusilə iqlim dəyişikliyi fonunda ölkədə fermerlərə müasir suvarma sistemlərinin əldə olunması ilə bağlı dövlət səviyyəsində dəstək göstərilir. Ölkə Prezidentinin fərman və sərəncamları aqrar sektorda müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsində və iqtisadi səmərəliliyinin artırılmasında müstəsna rol oynayıb. Fermerlər müasir suvarma sistemləri qurmaq üçün ümumi məbləğin yalnız 20%-ni avans şəklində ödəyir, vəsaitin 40 %-ni dövlət qarşılayır, yerdə qalan məbləğin 5 il müdddətində ödənilməsi üçün faizsiz kredit verilir. Artıq Azərbaycanda suvarılan əkin sahələrinin 10 %-də müasir suvarma sistemləri qurulub. Dövlət başçısının “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanı ilə ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda payızlıq taxılların orta məhsuldarlıq göstəricisi hektara 50 sentnerdən yüksək olub.
- Aqrar sahədə innovativ texnoloji maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində hansı işlər görülür?
- Bu baxımdan innovativ həllərə əsaslanan yeni aqroparklar yaradılmasına, qabaqcıl texniki vasitələrin, elektron kənd təsərrüfatı informasiya sisteminin, innovativ enerji və resurs qoruyucu texnologiyaların, o cümlədən “Dəqiq əkinçilik”, “Pivot” avtomatik suvarma sisteminin tətbiqinə daha çox üstünlük verilir. “Dəqiq əkinçilik” müasir dövrün ən aktual texnologiyalarından biri sayılır. O, kompüter və peyk texnologiyalarının tətbiqi ilə əkinlərin məhsuldar idarə olunması üçün kompleks yanaşma sistemidir. Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir.
- Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dronların tətbiq səviyyəsini necə dəyərləndirirsiniz?
-Ölkədə robototexnika istehsalı ilə məşğul olan yerli şirkətlərdən bir qismi sınaq məqsədilə aqrodron istehsal ediblər. Bununla belə, ölkədə aqrodronların kütləvi istehsalına hələ də başlanılmayıb. Aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur. AİM-in təşkilatçılığı ilə vaxtaşırı olaraq ölkənin müxtəlif regionlarında fermerlər üçün aqrar təyinatlı pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə təlimlər təşkil olunur. Təlimlərdə Türkiyədən dəvət olunmuş mütəxəssisləri kənd təsərrüfatı məhsul istehsalçılarına pilotsuz uçuş aparatlarının xüsusiyyətləri, istifadə qaydaları, texniki göstəriciləri haqqında nəzəri və praktiki biliklər öyrədirlər. Təlimin yekununda fermerlərə Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin təsdiqlədiyi sertifikat və dronların idarəedilməsi üzrə sürücülük vəsiqələri təqdim edilir. Əsasən ölkədə fəaliyyət göstərən iri təsərrüfat subyektləri öz əkinlərində aqrodronlardan istifadə edir. Bu təsərrüfat subyektləri isə öz növbəsində fermerlərə sifariş əsasında xidmət göstərir. Fermerlər bu dronlarla sahəsində dərman səpməklə həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərcdən azad olur. Aqrodronlar əkin sahələrində bir neçə funksiyanı yerinə yetirir. İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirən bu dronlar həmçinin dənəvər mineral gübrəsinin səpinində də istifadə oluna bilər.
- AİM hazırda hansı layihələr üzərində işləyir?
- Mərkəzin əsas məqsədi aqrar sektorun innovativ əsaslarla inkişaf etdirilməsi, innovasiya əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin və üsulların təşviqi, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi üzrə metodik-praktiki dəstəyin və xidmətin göstərilməsindən ibarətdir. Mərkəz aqrar sahədə innovasiyaların tətbiqi, müasir texnologiyaların və avadanlıqların istifadəsi ilə bağlı tədbirlərin, eyni zamanda beynəlxalq və kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı məlumatlandırmanı həyata keçirir.
Fəaliyyət istiqamətlərinə uyğun olaraq məhsul satışının təşkil edilməsi, təchizatçı şirkətlərin öz məhsul və xidmət təklifi satışının həyata keçirilməsi, fermerlərin maliyyə və sığorta resurslarına çıxışının asanlaşdırılması, fermerlərin sertifikatlı toxumlarla təmin edilməsi məqsədilə Mərkəzin təşkilatçılığı ilə ölkənin müxtəlif iqtisadi rayonlarında Aqrar Biznes Festivalları,Toxum Sərgi-Satış Yarmarkaları, Kredit Yarmarkaları, sahəvi məhsul festivalları keçirilir. Bu il aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 32 rayonda Aqrar Biznes Festivalları keçirilib. Festivallar Salyan, Yevlax, Masallı, Quba, Qazax, Qəbələ, İsmayıllı, Saatlı, Samux, Xızı, Gədəbəy, Yardımlı, Daşkəsən, Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər , Masallı, Neftçala, Balakən, Qax, Naxçıvan MR, Şərur, Şabran, Siyəzən, Beyləqan, Cəlilabad, Lənkəran, Lerik rayonlarında təşkil edilib. Bu festivalları 15 046 kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı ziyarət edib. Regionlarda keçirilən festivallarda 175 dövlət və özəl bölməni təmsil edən strukturlar öz innovativ məhsullarını, o cümlədən müasir suvarma sistemləri, kənd təsərrüfatı təyinatlı avadanlıqlar, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və onların sertifikatlı toxumlarını sərgiləyib və realizə edib. Festivallarda 20-ə yaxın xarici şirkət öz innovativ məhsullarını sərgiləyib. Aqrar Biznes Festivalları çərçivəsində ümumi dəyəri 5 milyondan artıq məhsul satışı həyata keçirilib.
Toxum bazarının və yerli toxumçuluğun inkişaf etdirilməsi, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin və işbirliyinin qurulmasına imkan yaradılması məqsədilə ölkənin 10 iqtisadi rayonunda 16 Toxum sərgi-satış yarmarkası keçirilib. Bu yarmarkalarda payızlıq dənli bitkilərin əkini üçün müxtəlif bitkilərin yüksək reproduksiyalı, sertifikatlı toxumları nümayiş olunub. Yarmarkalar çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə edilməsiı, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə müxtəlif təlimlər, məlumat sessiyaları keçirilib.
Fermerlərin maliyyə savadlılığını artırmaq, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma işlərinin həyata keçirilməsi məqsədilə bölgələrdə Kredit Yarmarkaları keçirilir. 2024-cü ildə ölkəmizin müxtəlif 30 rayonunda 30 Kredit yarmarkası keçirilib. Bu yarmarkalarda İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, 12 bank və 2 bank olmayan kredit təşkilatlı iştirak edib.