Yuxarı

KTMT-nin Bişkek sammiti - yola verilən Paşinyan - ŞƏRH

Zirvə toplantısında Paşinyana niyə cavab verilməyib?

Atalarımız yaxşı deyiblər: “Meydan boş olanda çaqqallar özünü qurd sayar”. Hadisələr sübut edir ki, siyasi meydan boş olan kimi Ermənistanın rəsmiləri, siyasi və ictimai adamları Azərbaycana qarşı təbliğat aparırlar. Müxtəlif tədbirlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çıxış eşidəndə isə özlərini itirir, yalan danışmağa, faktları təhrif etməyə başlayırlar.

Deməli, noyabrın 28-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Toplantıda Rusiya prezdenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Əsas məsələ baş katibin təsdiqlənməsi olub və sonda Belarus nümayəndəsi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi olaraq təsdiqlənib. O, səlahiyyətinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq. Xatırladaq ki, daha əvvəl KTMT baş katibi vəzifəsini tutan Ermənistan nümayəndəsi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Ermənistan müstəntiqləri Xaçaturova qarşı 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyalarını dağıtmaqla bağlı cinayət işi üzrə konstitusiya quruluşunu devirməklə əlaqədar ittiham irəli sürüb. Ötən il noyabrın 8-də Astanada keçirilmiş sammitdə qərara alınmışdı ki, Ermənistanın nümayəndəsinin ardından KTMT-nin baş katibi vəzifəsini Belarus nümayəndəsi icra edəcək. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Ermənistan və Tacikistan daxildir.

Əslində, Nikol Paşinyan hökuməti Xaçaturovu həbs etdi. Sonra onu sərbəst buraxdı. O, hazırda Rusiya ərazisindədir. Bu baxımdan, KTMT-də iddiası və hikkəsi təmin edilməyən Ermənistanın baş naziri, necə deyərlər, “əl ayağını gəmirib”. Onun çıxışında nə ölkəsinin üzv olduğu bu hərbi birliyin siyasi xəttinə, nə də uğrunda mübarizə apardığını elan etdiyi demokratiya ilə uzlaşa biləcək bir cümlə belə yoxdur. Nikol Paşinyanın sammitdə Azərbaycana qarşı çıxşından bəzi nümunələri diqqətinizə çatdırıb cavablandıracağıq. 

Bu arada Azərbaycanın öz ərazilərini, Dağlıq Qarabağı işğaldan hərbi yolla azad etməyə qadir olması barədə bəyanatı Nikol Paşinyanın “narahatlığına” səbəb olub. O bildirib ki, bu, "KTMT üçün çox təhlükəlidir". KTMT-nin nizamnaməsində üzv dövlətlərin ərazi bütövlüyünün müdafiəsi öz əksini tapıb. Azərbaycanın ərazilərini Ermənistanın işğalçı qüvvələrindən azad etməsi hansı məntiqlə təşkilata təhlükə yarada bilər? Dağlıq Qarabağ və ətraf rayonlar KTMT-nin ərazisi deyil. Bura Azərbaycandır və onun öz ərazisini işğalçıdan azad etmək hüququ var. Onun sözlərinə görə, Azərbaycanın bu mövqeyi “təkcə Cənub Qafqaz üçün deyil, KTMT ölkələri üçün də təhlükəlidir”. Paşinyan Azərbaycanın müasir silahlar almasını təhlükəsizlik baxımından gərginliyin artmasına təsir göstərəcəyini vurğulayıb. Torpaqlarını işğal etdiyi üçün Ermənistan istisna omaqla Azərbaycanın KTMT-yə üzv dövlətlərin hamısı ilə çox yüksək səviyyədə hərbi, iqtisadi, sosial və mədəni əlaqəsi var. Bu baxımdan, həmin silahların hədəfinin KTMT-yə üzv dövlətlər olmadığı sirr deyil. Ermənistan isə işğalçıdır, qonşu dövlətlərə, Azərbaycan, Türkiyə, İran və Gürcüstana ərazi iddiası ilə çıxış edir. Bu dövlətlərin hamısının təşkilata üzv dövlətlərlə münasibətləri örnək səviyyədədir. Məsələn, Azərbaycan-Rusiya, Türkiyə-Rusiya, İran-Rusiya əlaqələrini göstərmək kifayətdir.

Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistan regional əlaqələrdən və layihələrdən məhrum edilib. Bu isə ölkə iqtisadiyyatının təşkilata üzv olmayan xarici qüvvələrdən də asılı vəziyyətə salıb. Belə bir hal regiona və KTMT ərazisinə Ermənistan vasitəsilə üçüncü tərəfin müdaxilə etməsinə şərait yaradır. Bu da regionun və təşkilatın təhlükəsizliyini təhdid edə bilər. Başqa sözlə, Azərbaycan torpaqlarını işğal etmək və üçüncü qüvvələrin regiona girməsi üçün Emənistanda hər cür şərait var: işğalçıdır, iqtisadi cəhətdən tam asılıdır, xarici sərmayəyə böyük ehtiyacı var, Rusiya və Qərblə eyni məsafədə qalmağa çalışır, ölkə ərazisində xarici dövlətin hərbi bazası var, vətəndaşları cari dövlətlərə işləməyə meyillidir, mühacirət axını artır, hakimiyyəti siyasi cəhətdən səbatsızdır və s. Odur ki, Ermənistan kimi bir dövlətin KTMT-yə üzv olması təşkilatın siyasi, ictimai və hərbi nüfuzuna zərbə vurur.

Qeyd edək ki, 2017-ci ildə təşkilatın Belarusun paytaxtı Minskdə keçirilən sammitində Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilmişdi. Sənəddə təşkilat ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyi və münaqişənin Helsinki Yekun Aktının üç əsas prinsipinə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə əsasında nizamlanmasının vacibliyi qeyd olunub. Onda Ermənistan qətnamədən deyil, 2018-ci ildə təşkilata Qazaxıstanın sədrlik edəcəyindən narahat idi. Qazaxıstan və onun o vaxtkı prezidenti Nursultan Nazarbayev Ermənistan rəhbərlərinin Azərbaycana qarşı yersiz çıxışlarına cavab verirdi. Bu dövlət bütün prinsipial məsələlərdə Bakı ilə birgə hərəkət edir, xüsusilə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tələbini irəli sürür. 

Nikol Paşinyan əvvəl dediyi yalan iddiaların cavabsız qalmasından cürətlənərək Azərbaycana qarşı çıxışını belə davam etdirib: “Azərbaycan ekstremistlərin tranziti üçün əlverişli meydandır”. Maraqlıdır, Azərbaycana “ektremistlər” hansı ölkədən gəlib, hara gedə bilər? İrandan gəlib Rusiyayamı keçəcək? Yoxsa Ermənistan və Gürcüstandan gəlib Rusiya və İrana yollanacaq? Bu, çox gülünc iddiadır. Ancaq Ermənistanda terrorçuların məskən saldığına dair çoxsaylı faktlar var. Elə təkcə terrorçu PKK qruplaşmasının Ermənistana keçməsi, erməni etnik qrupunun maraqlarını müdafiə edən ASALA-nın fəaliyyəti və bəyanatları Paşinyanın iddialarını alt-üst edir. Bir də Paşinyanda bu məlumat haradandır? Axı Ermənistan Milli Təhlükəsizlik Xidmətindəki materiallar xidmətin direktorunun keçmiş birinci müavini Karapet Davtyanın əmri ilə qurumdakı məxfi sənədlər məhv edilib. Bu quruma direktor isə hələ də təyin edilməyib. Başqa sözlə, Paşinyandan bu barədə fakt tələb edilsə, onun çarəsiz qalıb kəkələyəcəyi və yeni yalan uyduracağı istisna olunmur.

Nəhayət, Nikol Paşinyan Qələbənin 75 illiyinin keçirilməsi ilə bağlı Rusiyaya uğurlar arzulayıb. Erməni-faşist Qaregin Njdeni Böyük Vətən Müharibəsinin qəhrəmanı səviyyəsinə çıxaran Ermənistan hökumətinin başçısının bu məsələdə səmimiyyətinə isə şübhə yeri qalmır. Nikol Paşinyanın Azərbaycana qarşı çıxışının cavabsız qalması isə sammit iştirakçılarının ona əhəmiyyət verməməsi ilə də bağlı ola bilər. Onun bu tip tədbirlərdə canfəşanlıq etməsi əvvəllər də nəticəsiz qalıb. Yenə elə qalacaq. Cari ilin mayında Avrasiya İqtisadi İttifaqının Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sammiti də Paşinyan üçün uğurlu keçmədi. Qazaxıstanın keçmiş prezidenti, Avrasiya İqtisadi İttifaqının fəxri sədri Nursultan Nazarbayevin şərəfinə təsis edilən “Nazarbayev” ordeni Ermənistanın baş naziri Nikol Paşinyana verilmədi. İclas başlamazdan əvvəl Nursultan Nazarbayev Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Qırğız Respublikasının prezidenti Sooranbay Jeenbekov və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi “Nursultan” ordeni ilə təltif edib. Ona görə hesab edək ki, sammit iştirakçıları Azərbaycana qarşı çıxış edən Paşinyanı yola verib, Ermənistanın baş katiblik məsələsində istəyinin təmin edilməməsi ilə bunu kompensasiya ediblər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi