Zimbabvedə baş verənlər - dünya daha bir diktatoru yola salır - ŞƏRH

Zimbabvedə baş verənlər - dünya daha bir diktatoru yola salır - ŞƏRH Ölkədəki hadisələrlə bağlı üç versiya irəli sürmək olar
Analitika
15 Noyabr , 2017 15:43
Zimbabvedə baş verənlər - dünya daha bir diktatoru yola salır - ŞƏRH

Bakı. 15 noyabr. REPORT.AZ/ Müasir dünyanın uzunömürlü diktatorlarından birinin - Robert Qabriel Muqabenin rəhbərlik etdiyi Zimbabvedə cərəyan edən proseslərin mahiyyəti hələ də beynəlxalq ictimaiyyət üçün tam aydın deyil. Ancaq bilinən odur ki ölkədə nə isə ciddi dəyişiklik baş verib.  

Belə ki, ötən gecə Zimbabvenin ZVS dövlət televiziyası tutulduqdan sonra hərbi geyimli iki zabit ölkədə hərbçilərin hakimiyyəti ələ keçirdikləri haqqında xəbərləri təkzib edib: “Robert Muqabe və ailəsi etibarlı, təhlükəsiz yerdədir. Onların təhlükəsizliyi təmin edilib”.

Hərbçilər ölkədə fərqli şəraitin yarandığını deyərək Zimbabve prezidenti Robert Muqabenin səlahiyyətini üzərlərinə götürdüklərini bəyan ediblər.

Zimbabve Silahlı Qüvvələri Qərargahının rəisi, general-mayor S.B.Moyo vurğulayıb: “Hədəfimiz prezidentin ətrafındakı cinayətkarları təmizləməkdir. Onların törətdikləri cinayətlər ölkədə iqtisadi və sosial sahələrdə zülm yaradıb. Biz onların məsuliyyətə cəlb edilməsini istəyirik. İstənilən təxribat cəzasız qalmayacaq”.

Hərbçilərin Zimbabve parlamentini ələ keçirdiyi, maliyyə nazirini tutduqları barədə məlumatlar yayılıb. Hətta Muqabenin ev dustağı olduğu da bildirilir.

Düzdür, qapalı cəmiyyətlərdə, ölkələrdə informasiya qıtlığından müxtəlif məzmunlu şayiələr də yayılır.

Robert Muqabe dünyanın uzunömürlü və uzun müddətə hakimiyyətdə qalan diktatorlarından, dövlət başçılarındandır. Yeri gəlmişkən, ötən il noyabrın 26-də Kuba inqilabının lideri Fidel Kastro vəfat etdi. Həm Muqabe, həm də Kastro keçmiş SSRİ-nin siyasi-ideoloji xəttinin təbliğatçıları və davamçıları olublar.

Odur ki, hazırda Zimbabvedə yaranan qeyri-müəyyən vəziyyət müxtəlif məzmunlu ehtimalların irəli sürülməsinə səbəb olur. Bu isə şayiələrin yayılmasına əsas verir. Ümumilikdə, Zimbabvedəki qeyri-müəyyən durum və müəmmalı hadisələrlə bağlı üç ən optimal versiya irəli sürmək olar: Birincisi, hərbçilər hakimiyyəti ələ keçirib. İkincisi, prezidentin xanımı Qreys Muqabe ölkəyə nəzarət edir. Üçüncüsü,  Robert Muqabe dünyasını dəyişib. Təbii ki, hər üç versiyanın irəli sürülməsi üçün yetərincə arqument var.

Ona görə də ilk növbədə hərbçilərlə bağlı məsələdən başlamaq istəyirik. Afrikada dövlət başçıları ölkəni idarə etməkdə çətinlik çəkdikdə, hərbçilərin mənafeyinə zidd hərəkət etdikdə, milli mənafeyi güdaza verən və başqa irili-xırdalı intriqalar zamanı ordu hakimiyyəti ələ keçirir. Bu dövlətlərdə rejimlər hərbçilərin çiyinləri üzərində mövcud olur. Bu baxımdan onların hakimiyyəti ələ keçirməsi normal sayıla bilər. Başqa sözlə, Robert Muqabe dövləti idarə etməkdə çətinlik çəkdiyindən, yaxud onu fiziki olaraq idarə edə bilmədiyindən hərbçilər ölkədə qarışıqlığın yaranmaması üçün bu addımı ata bilərlər.

Robert Muqabenin özündən 41 yaş gənc həyat yoldaşı Qreys Muqabe hakimiyyətə nəzarəti ələ keçirib. Ona görə də zabitlər hərbi çevriliş olduğunu tam mənada bəyan edə bilmirlər. Ölkənin birinci xanımı 1965-ci il iyulun 23-də Cənubi Afrika Respublikasının Benoni şəhərində anadan olub. Onun valideynləri CAR-da əmək immiqrantı kimi yaşayıblar. 1970-ci ildə Qreys anası ilə birlikdə Zimbabeveyə qayıdıb. O, Manikalandda katolik məktəbini bitirib. Xanım Muqabenin birinci əri Zimbabve Hərbi Hava Qüvvələrinin pilotu olub. Robert Muqabenin ikinci həyat yoldaşı sayılır, Zimbabve Vətənsevərlər Cəbhəsinin üzvüdür. Q.Muqabe 1980-ci illərin sonlarında prezident administrasiyasında makinaçı işləyib, sonra prezidentin katibəsi olub. R.Muqabenin həyat yoldaşı Salli Franseska Xeyfron 1992-ci ildə dünyasını dəyişdikdən sonra ailə həyatı qurublar. Bon adlı qızları və Kiçik Robert adlı oğlanları var. Q.Muqabe 2014-cü ildə Zimbabve Vətənsevərlər Cəbhəsi Siyasi Bürosunun üzvü və Qadınlar Liqasının sədri seçilib. 2002-cildən isə ABŞ və Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (bu təşkilatın 12 üzvü var) ona qarşı sanksiya tətbiq edib.

Son zamanlar Robert Muqabenin hakimiyyəti idarə edə bilmədiyi və ölkəyə həyat yoldaşının rəhbərlik etdiyi barədə xəbərlər yayılırdı. Zimbabve prezidentinin vəziyyətə nəzarət etməsi mümkünsüz olduğundan Q.Muqabenin başçılığı altında potensial rəqiblər sıradan çıxarılır. Ona görə də ölkənin birinci xanımının hakimiyyəti ələ keçirdiyini ehtimal etmək olar.

Nəhayət, üçüncü versiya - Robert Muqabe vəfat edib. O, 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe 1980-ci ildən Zimbabvenin rəhbəridir və həmin ildən ölkəni fasiləsiz idarə edir. O, ağların əlində olan torpaqları alaraq öz silahdaşlarına paylayıb. R.Muqabe ibtidai təhsilini katolik məktəbində alıb, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulan universitetdə davam etdirib. Ali təhsil müəssisəsini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləyib. Daha sonra ölkəsinə geri qayıdaraq irqi ayrı-seçkiliyə qarşı mübarizəyə qoşulub, siyasi fəaliyyətə başlayıb. O, Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına üzv olub. Ancaq 1963-cü ildə Coşua ilə münasibətləri pisləşdiyindən ayrılaraq yeni partiya təsis edib. Bu səbəbdən qısa müddət sonra həbs edilərək 11 il cəza çəkib. O bu illər ərzində çox əziyyət çəkib, işgəncələr görüb, hətta xəstəlikdən dünyasını dəyişmiş üç yaşlı oğlunun dəfninə də buraxılmayıb. R.Muqabe həbsxanadaykən London Universitetinə imtahan verərək daxil olub. Ümumilikdə, həbs müddəti bitənədək daha 4 diploma yiyələnib: biri magistr olmaqla, iki hüquq, iqtisadiyyat və idarəetmə.

Onun üzv olduğu partizan dəstələri qarşısına çıxan bütün ağ adamları əsgər və ya dinc sakin olmasına baxmadan öldürürlər. Xüsusilə də fermerləri qətlə yetirib onların təsərrüfatını ələ keçirir, işçiləri isə öz sıralarına qatırlar. R.Muqabe bu adamlara azadlıq əldə etdikdən sonra torpaq vəd edir. Ondan narazı qalanlar isə tezliklə boğazı kəsilmiş halda tapılırdı. Həbsxana həyatı onun qəlbini daşlaşdırmışdı. Beləliklə, tezliklə yüksək savadlı, aqressiv, mübariz Muqabenin adı sərhədləri aşır: ABŞ və Britaniyada hamı ondan danışırdı. Artıq Cənubi Rodeziyada (Zimbabveni ağ dərililər belə adlandırırdı) ağların hakimiyyəti dözmədi və qanlı döyüşlərdən sonra sülh razılığına gəlib ölkəni qaralara təhvil verdilər.

Hakimiyyətə namizəd iki ad vardı: Robert Muqabe və Coşua Nkomo. Ancaq R.Muqabe seçkilərdə rəqibini qabaqladı.

O, 1987-ci il dekabrın 27-də prezident seçiləndən sonra radio ilə ilk çıxışında ağlara belə müraciət etmişdi: “Dünən düşmən idik, bu gün birləşib dost olmalıyıq. Ağlar bizi sıxırdı, amma biz bunun qisasını almayacağıq. Mən gələcək naminə birləşməyə və güzəştə getməyə sizi dəvət edirəm”.

Ötən il hakim Zimbabve Afrika Milli Birlik-Vətənpərvər Cəbhəsi 93 yaşlı dövlət başçısının 2018-ci il prezident seçkisində namizəd olacağını təsdiqləyib.

Ölkə müxalifəti R.Muqabe və partiyasının, xüsusilə iqtisadiyyat sahəsində ölkənin inkişafının qarşısında ən böyük maneə olduğu fikrini müdafiə edir. İqtisadi böhranın yaşandığı ölkədə yerli pul vahidi əvəzinə, ABŞ dolları, avro və funt-sterlinq istifadə edilməyə başlanmışdı.

2016-cı ilin avqustunda paytaxt Hararedə R.Muqabenin əleyhinə kütləvi aksiyalar keçirilmişdi.

Zimbabve prezidenti Harare şəhərində abidəsinin açılış mərasimində iştirak edib. Dördmetrlik daş abidə yerli heykəltəraş Dominik Behuroy tərəfindən hazırlanıb. Eynəkli və bığlı abidə dövlət başçısını təsvir edir. O bu heykəli "gözəl sənət əsəri" adlandırıb.

Baş verənlərdən belə qənaətə gəlmək olar ki, Zimbabveyə bütün hallarda bundan sonra artıq Robert Qabriel Muqabe rəhbərlik edə bilməyəcək, yaxud bu rəhbərlik daha çox formal xarakter daşıyacaq.

2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisinin isə daha tez keçirilməsi də istisna edilmir. Elə baş verənləri prezident seçkisinə hazırlıq kimi də dəyərləndirmək olar. Beləliklə, dünya daha bir diktatoru yola salır.

Zimbabve hərbçiləri isə 93 yaşlı Robert Muqabenin yuxulaya-yuxulaya prezident kreslosunda vəfat etməsinə imkan vermədi.

Son xəbərlər

Orphus sistemi