Yeni binalarda mənzillər bahalaşıb - ARAŞDIRMA - VİDEOREPORTAJ

Yeni binalarda mənzillər bahalaşıb - ARAŞDIRMA - VİDEOREPORTAJ
Analitika
15 Oktyabr , 2019 13:39
Yeni binalarda mənzillər bahalaşıb - ARAŞDIRMA - VİDEOREPORTAJ

Bazar münasibətlərinin tərkib hissəsi olaraq hər ay baş verən müxtəlif iqtisadi və sosial tendensiyalardan təsirlənən sektorlardan biri də daşınmaz əmlak bazarıdır.

“Report” sentyabr ayında daşınmaz əmlak bazarında gedən proseslərin mənzillərin, fərdi yaşayış və bağ evlərinin qiymətinə necə təsir etdiyini, bazarda alıcılıq qabiliyyətinin hansı səviyyədə olduğunu araşdırıb.

Mövzu ilə bağlı “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a verdiyi açıqlamada bildirib ki, oktyabr ayında yeni tikililərdə mənzillərin qiyməti artıb:

“Mənzil bazarında hazırkı vəziyyət stabil qiymətləndirilir. Yay mövsümünün ardınca bazarda hər hansı bir dinamik vəziyyət qeydə alınmayıb. Ümumilikdə daşınmaz əmlak bazarında dinamik dəyişikiyin yaranması üçün hər hansı bir iqtisadi əsas mövcud olmayıb. Hələ ki, bazara ciddi pul axınları baş vermir. Eyni zamanda, potensial alıcı kütləsinin bir hissəsi İpoteka Kredit və Zəmanət Fondunun həyata keçirəcəyi kirayə mənzil layihəsi ilə bağlı bir müddət gözləmə mövqeyi tutub ki, bu da bazarda tələbi aşağı salıb.

Yeni tikililərin bir çoxunda qeydiyyatla bağlı sənədləşmə işləri həyata keçirilir. Azərbaycan bazarı üçün xarakterik olan bir xüsusiyyət var ki, qeydiyyat prosesi başa çatdıqdan sonra bazarda mənzillərin qiyməti əvvəlki dəyərindən 10-15% fərqlənir. Eyni zamanda, ötən ildən başlayaraq tikinti prosesinə nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirməsi ilə bu sahədə yeni qaydalar tətbiq edilib. Həmin qaydalar çərçivəsində tikinti şirkətlərinin xərcləri bir qədər artıb. Bütün bunlar yeni tikililərdə qiymət artımına gətirib çıxaran amillərdir. Köhnə mənzillərdə isə hər hansı bir qiymət dəyişməsi müşahidə olunmayıb.

Hazırda Yasamal rayonu ərazisində köhnə mənzillərin bir kvadrat metrinin qiyməti təqribən 1450 manat, Səbail rayonunda 2300-2400 manat, Nəsimi rayonunda 1980 manat, Nərimanov rayonunda isə 1850-1860 manat təşkil edir. Bunlar bazar üzrə orta qiymət göstəriciləridir. Qeyd edim ki, orta qiymət göstəriciləri konkret rəqəmlər deyil və bazar üzrə ümumi vəziyyəti tam olaraq ifadə etmir.

Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər təqribən 14%, təkrar mənzil bazarında isə 7,7% artıb. Ümumilikdə 2017-ci ilin ortalarından başlayaraq daşınmaz əmlak bazarında qiymət artımları kəskin göstəricilərlə ifadə olunmur.

İlin sonuna qədər mənzil bazarında satış qiymətlərinin 2-3% artımı gözlənilir. Kəskin qiymət artımı üçün isə heç bir səbəb görmürəm”.

Kirayə mənzillərə gəlincə, ekspert sentyabr ayında kirayə mənzillərin qiymətində dəyişiklik olmadığını bildirib:

“Kirayə mənzil bazarında avqust ayı ilə müqayisədə qiymətlərdə stabillik nəzərə çarpıb. Hesab edirəm ki, oktyabr ayı ilə sentyabr ayının müqayisəsində müəyyən fərqlər olacaq. Hazırda kirayə mənzil bazarında aktiv dövr yekunlaşmaq üzrə olduğuna görə tələb aşağı düşüb”.

R. Osmanlı fərdi yaşayış evlərinin qiymətində nisbi azalmalar olduğunu qeyd edib:

"Sentyabr ayında fərdi yaşayış evləri üzrə orta qiymət göstəricilərində 1,2-1,3%-lik nisbi azalmalar nəzərə çarpıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 16,4% qiymət artımı olub. Bu da Bakı və Abşeron ərazisində torpaq sahələrinin məhdudlaşması və tələbin artması ilə bağlıdır. Əgər 3-4 il əvvəl Nardaran, Pirşağı kimi ərazilərdə torpağın 1 sotu 1000-1500 manat idisə, indi həmin ərazilərdə minimum qiymətlər 2500-3000 manatdan başlayır.

Bağ evlərinin qiymətində sentyabr ayında 2,3% azalma qeydə alınıb. Torpaq bazarında isə avqust ayı ilə müqayisədə qiymət dəyişməsi müşahidə olunmayıb”.

Yekun olaraq ekspert bildirib ki, ümumilikdə sentyabr ayında daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarının həcmi azalıb:

“2017-ci ilin ortalarına qədər bazarda alıcılıq qabiliyyəti hər il əvvəlki dövrlə müqayisədə azalan xətt üzrə gedirdi. Təqribən il ərzində alıcıların sayı 15-20% aşağı düşürdü. Lakin ilin ortalarından etibarən bazarda müəyyən dinamiklik baş verdi. Xüsusilə 2018-ci ildə ipoteka kreditlərinin verilməsi bazarda vəziyyəti dəyişdi və alıcı kütləsi artdı. Həmin il 2017-ci il ilə müqayisədə alıcı kütləsinin sayında 20-22%-ə qədər artım müşahidə olundu. Amma 2019-cu ildə alqı-satqı əməliyyatlarının sayında 2018-ci ilə nəzərən 10%-dən artıq azalma var.

2019-cu ilin avqust ayı ilə müqayisədə isə sentyabr ayında alqı-satqı əməliyyatlarının həcmində 11,4%-lik artım müşahidə olunub”. 

Son xəbərlər

Orphus sistemi