​Yəmən - "Ərəb baharı"nın növbəti qurbanı - ŞƏRH

​Yəmən - "Ərəb baharı"nın növbəti qurbanı - ŞƏRH Orada "İran islam inqilabı", ""əl-Qaidə" inqilabı", yoxsa "İŞİD inqilabı"nın baş verdiyini və ya verəcəyini ehtimal etmək mümkün deyil
Analitika
23 Yanvar , 2015 17:22
​Yəmən - Ərəb baharının növbəti qurbanı - ŞƏRH

Bakı. 23 yanvar. REPORT.AZ / "Ərəb baharı" baş vermiş daha bir dövlətdə - Yəməndə gərginlik davam edir. Ölkə prezidenti Əbdürəbbu Mənsur Hadi istefa verib.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, onunla yanaşı, Yəmənin baş naziri və Nazirlər Kabineti də istefaya gedib.

Halbuki iki gün öncə hakimiyyətlə "Ənsarullah" Hərəkatı (Husilər) arasında razılıq əldə edilmişdi. Məlumatlara əsasən, hazırda husi qiyamçıları paytaxt Sənada təhlükəsizlik tədbirlərini həyata keçirir.

İstefa xəbərindən sonra dörd böyük əyalət - Ədən, Əbyan, Lahıc və Daledəki prezidentə sadiq qüvvələr Sənadan verilən hərbi əmrlərə əməl etməyəcəklərini bildiriblər.

Münaqişənin yaranmasına səbəb kimi prezidentin konstitusiya islahatları aparmaması, hakimiyyət bölgüsü ilə bağlı verdiyi vədə əməl etməməsi göstərilir.

Ancaq "Ənsarullah"ın lideri Əbdülməlik əl-Husi çıxışlarında prezident Hadinin "Qərb dövlətləri qarşısında aciz qaldığını" vurğulayırdı.

Qeyd edək ki, husi tayfası ölkənin şimalında yaşayır. Ölkə əhalisinin üçdə birini təşkil edən husilər şiə sayılır.

Ötən ildən onların hakimiyyət uğrunda mübarizəni gücləndirdikləri müşahidə edilib. 2014-cü ildən hakimiyyətlə husilər arasında dəfələrlə qanlı münaqişə olub.

Yeri gəlmişkən, ötən ilin fevralında Yəmən prezidenti Əbdürrəbu Mənsur Hadi gərginliyin azaldılması məqsədilə ölkənin ərazi quruluşunun dəyişməsi haqda razılaşmanı təsdiqləmişdi.

Həmin sənədə əsasən, Yəmən 6 dairədən - 4-ü şimalda, 2-si cənubda yerləşən bölgədən ibarət olacaqdı. Paytaxt Səna bu dairələrdən heç birinə daxil olmayaraq, konstitusiyada təsbit olunan federal şəhər statusu daşıyacaqdı.

Anlaşma tərəfdarları ümid edirdi ki, müqavilə silahlı qarşıdurmaya son qoyacaq. Bu razılaşmaya qarşı olan cənubluların, xüsusilə husilərin qənaətincə, şimalın "hegemonluğu saxlanılıb". Onlar federal dairələrin sayını 2-yə endirməyi təklif edib.

Xatırladaq ki, 1967-1990-cı illərdə indiki Yəmənin ərazisində iki dövlət mövcud idi - şimalda Yəmən Respublikası, cənubda Yəmən Demokratik Respublikası. Birləşmədən sonra cənublular bunu "işğal" kimi qiymətləndirərək separatçı hərəkata başlayıb.

Yəməni nə gözləyir? 

"Ərəb baharı"ndan sonra Misirdə olduğu kimi, bu ölkədə də yeni qüvvələrin hakimiyyətə gəlməsinə baxmayaraq, səlahiyyət müddəti başa çatmadan onlar da hakimiyyəti təhvil verməyə məcbur olub. Misirdən fərqli olaraq, Yəməndə hakimiyyəti islamçı adı altında fəaliyyət göstərən qruplar ələ keçirib.

Bu sahədə də ölkədə vəziyyət birmənalı deyil. Belə ki, Yəməndə İranyönlü husilərlə yanaşı, "əl-Qaidə" və İŞİD-ə bağlı qüvvələr də var.

Misirdə Qərbin maraqlarına cavab verə biləcək general əl-Sisi hakimiyyətə gəldisə, Yəmənlə bağlı bunu söyləmək çətin görünür.

Bu ölkədə bir tərəfdə ABŞ başda olmaqla Qərbin, Səudiyyə Ərəbistanı və İsrailin, qarşı tərəfdə isə İranın, "əl-Qaidə" və İŞİD-ə bağlı qüvvələrin maraqları durur.

Qərb və İsrail həm təhlükəsizlik, həm də bölgədə güc balansının dəyişməsi baxımından Yəməndə islam adı altında fəaliyyət göstərən qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyillər. Səudiyyə Ərəbistanının dəstəklədiyi Hadinin komandası isə devrilib. Bu, dolayı yolla da olsa, elə Qərblə əməkdaşlıq edən qüvvələrin hakimiyyətdən getməsi kimi də dəyərləndirilə bilər.

Bu baxımdan ehtimal etmək olar ki, Yəməndə islam adı altında fəaliyyət göstərənlər arasında münaqişə artacaq. Başqa sözlə, Yəmənin məzhəb mənsubiyyəti üzrə həm hakimiyyət, həm də ərazisinin bölünməsi gözləniləndir.

Ona görə də Yəməndə "İran islam inqilabı" , ""əl-Qaidə" inqilabı", yoxsa "İŞİD inqilabı"nın baş verdiyini və ya verəcəyini ehtimal etmək mümkün deyil.

Ancaq yaranmış vəziyyətdən başqa çıxış yolu da var. Belə ki, "Ərəb baharı" nəticəsində devrilmiş prezident Abdulah Salehinin tərəfdarlarından sayılan Yəmən parlamentinin sədri Yəhya ər-Rainin başçılığı ilə yeni hökumətin formalaşmasını da istisna etmək olmaz. Bunun üçün Tunis nümunəsi də mövcuddur. Orada da "ərəb baharı" nəticəsində devrilmiş Zeynəlabdin bin Əlinin hakimiyyəti illərində müxtəlif dövlət vəzifələrində çalışmış 88 yaşlı Beci Kaid əs-Sebsi prezident oldu.

Son xəbərlər

Orphus sistemi