Yarımadada Qış Olimpiadası - Koreya xalqı bir yerdə, Rusiya kənardan izləyir - ŞƏRH

Yarımadada Qış Olimpiadası - Koreya xalqı bir yerdə, Rusiya kənardan izləyir - ŞƏRH Pxençxanda Rusiya dövlət olaraq təmsil olunmur, bu ölkənin himni səsləndirilməyəcək, bayrağı dalğalandırılmayacaq
Analitika
1210
9 Fevral , 2018 15:30
Yarımadada Qış Olimpiadası - Koreya xalqı bir yerdə, Rusiya kənardan izləyir - ŞƏRH

Bakı. 9 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. "Ağ Olimpiadalar” adlanan yarış ilk dəfə 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı medallar uğrunda mübarizə aparıb. İndiyədək 22 Qış Olimpiya Oyunları tarixə çevrilib. 

Oyunlara gedən Azərbaycan nümayəndə heyətində, ümumilikdə, 11 nəfər, o cümlədən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov yer alıb. Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib. Əvvəlki Qış olimpiadalarında nümayəndə heyətinin istənilən üzvü bayrağı daşımaq imkanına malik idi. Amma bu dəfə Beynəlxalq Olimpiya Komitəsi ölkə bayrağını yalnız idmançının daşımalı olduğuna dair tələb irəli sürüb. Ona görə də bu missiyanı elə avstriyalı legionerin özü yerinə yetirməli olub. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq. Patrik Braxner Avstriyada anadan olub. İdmançı ardıcıl ikinci olimpiadada Azərbaycanı təmsil edəcək. P.Braxner 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş idmançımız slalomçuların mübarizəsində finişə çata bilməyib.

Ümumilikdə, rekord sayda - 92 ölkənin iştirak etdiyi Qış Olimpiya Oyunlarında 2902 idmançı öz qüvvəsini sınayacaq. Onlar 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda mübarizə aparacaqlar. Oyunlara ən geniş heyətlə ABŞ gəlib – 242 idmançı. Kanada ikinci (226), İsveçrə üçüncü (169) yerdədir. Ev sahibləri isə olimpiadada 122 idmançı ilə təmsil olunacaqlar. Əvvəlki Qış olimpiyalarında böyük idmançı heyəti ilə təmsil olunan və qazandığı medalların sayına görə ilk yerlərdən birini tutan Rusiya dopinq qalmaqalına görə XXIII Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Pxençxanda Rusiya dövlət olaraq təmsil olunmur, bu ölkənin himni səsləndirilməyəcək, bayrağı dalğalandırılmayacaq. Amma rusiyalı idmançılar da meydana çıxacaq. Rusiyanın 168 idmançısı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq. Pxençxanda 6 ölkə Qış Olimpiya Oyunlarında debüt edəcək. Bunlar Kosovo, Ekvador, Nigeriya, Eritreya, Malayziya və Sinqapurdur. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidir. XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 25-də keçiriləcək.

Əvvəllər keçirilən bu beynəlxalq idman yarışmaları yalnız növbəti oyunlaradək yadda qalırdı. Ancaq Pxençxan olimpiadası bir neçə hadisə ilə də tarixdə qalmağa layiqdir. Belə ki, bu idman bayramı Koreya yarımadasında bir millət arasındakı münasibətlərdə gərginliyin azalmasına yardım edə bilər. Şimali və Cənubi Koreyanın yaxınlaşmasını istəməyənlər artıq özlərini göstərdilər, bir millətin tarixində baş verən hadisə iki dövlətin tarixinə nailiyyət olaraq düşdü, idmanın siyasətə dəxli olduğu bir daha təsdiqləndi, yarımadaya sülh, barışın gələcəyi, onun bütöv olacağına inam artdı və s. Yarışdan əvvəl baş verən hadisələri yada salaq. Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər. Anlaşmaya əsasən, fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmiləri, 30 taekvondoçu və 230 azarkeş yer alıb. Həmçinin Paralimpiya Oyunlarında KXDR-in, ümumilikdə, 150 nəfərlə, o cümlədən idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər. Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər. Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçirilən Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edib. O, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmurudur. İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvüdür. O, Şimali Koreyada mühüm dövlət postu tutur. Kim Ye Çjonun adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına salınıb. O, Şimali Koreyada insan haqlarını pozan əsas şəxslərdən sayılır. Fevralın 10-da Cənubi Koreya prezidenti Mun Çje İn onunla yanaşı, şimali koreyalı qonaqlarla da birlikdə nahar edəcək. Cənubi Koreya prezidentinin Şimali Koreyaya dəvət ediləcəyi də gözlənilir. Şimali Koreya parlamentinin 90 yaşlı sədri Kim Yon Nam oyunların açılış mərasiminə qatılmaq üçün Cənubi Koreyaya səfər edib. Bu səfərdə onu 22 nəfərlik nümayəndə heyəti müşayiət edir. ABŞ-ın vitse-prezidenti Mayk Pens də Şimali Koreyadan olan qonaqlar, o cümlədən rəsmilərlə birlikdə ziyafətə qatılacaq. Ağ ev təmsilçisinin KXDR-dən olan rəsmilərlə görüşəcəyi də gözlənilir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Cənubi Koreya prezidenti Mun Çje İn

Yeri gəlmişkən, ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Cənubi Koreya prezidenti Mun Çje İn və ABŞ-ın vitse-prezidenti Mayk Pens keçirdikləri birgə mətbuat konfransında bu məsələyə də toxunublar. Cənubi Koreya lideri yeni qadağalarla bağlı ABŞ-ın mövqeyini dəstəkləyəcəklərini bildirib. Qeyd edək ki, fevralın 8-də Şimali Koreyada Xalq Ordusunun yaranmasının 70 illiyinə həsr edilən parad keçirilib. Bu hərbi tədbirdə ölkə rəhbəri Kim Çen In da iştirak edib. Paradda “Xvason-15” tipli qitələrarası ballistik raket də nümayiş etdirilib. Bu raket praktiki olaraq ABŞ-ın ərazisini vura bilir. Mayk Pens deyib ki, Şimali Koreya bu paradla daha bir epizod üzrə təxribatı davam etdirib.

Əslində, bu olimpiadanın yadda qalacaq hadisələrindən biri də Rusiyanın bu yarışlara buraxılmamasıdır. Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya 2018-ci il Qış Olimpiya Oyunlarına ölkə olaraq qatılmağı qadağan edib. Rusiya atletləri yarışlarda fərdi qaydada iştirak edə bilər. Olimpiadanın açılışı ərəfəsində Rusiyanın bəzi bölgələrinin yerli hakimiyyətləri Şimali Koreya vətəndaşı olan fəhlələri öz ərazilərindən çıxarmağa başlayıblar. Onların Rusiyadan çıxarılmasına səbəb olaraq BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnaməsi göstərilib. Hər il Rusiya Şimali Koreyanın 12-15 min vətəndaşına viza verir və onların da 90 faizi qısamüddətli iş vizasıdır. Rusiyada. əsasən, tikinti, kənd təsərrüfatı, balıqçılıq sənayesində 35 min şimali koreyalı işləyir. Onlar əmək haqlarının 40-50 faizini alırlar. Maaşın qalan hissəsi Şimali Koreya hakimiyyətinin hesabına köçürülür. Bu məvaciblə həmin işçilər 13 nəfərlik ailə üzvlərini saxlayırlar. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı XXI əsrin ən sərt sanksiya rejimini tətbiq edib. Həmin qətnamənin maddələrindən biri də ölkə vətəndaşlarına işləməklə bağlı vizanın verilməməsi ilə bağlıdır. 2017-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin qətnamədən irəli gələn tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamın 4 aydan sonra həyata keçirilməsi Moskvanın Pxenyana və tədbirə özünəməxsus etirazı da sayıla bilər. Şimali Koreya rəsmilərinin Cənubi Koreyada çox mühüm qeyri-rəsmi görüşlər keçirdiyi bildirilir. Ehtimal etmək olar ki, həmin görüşlərdə rəsmi Pxenyanın Qərblə yaxınlaşmasının şərtləri də irəli sürülüb. Belə bir vəziyyətdən isə Moskva narahat olmaya bilməz. Çünki bu, həm də yaxın perspektivdə ABŞ və onun təmsil olunduğu hərbi blokun Rusiyanın şərq sərhədlərinə yaxınlaşması deməkdir. Əslində, Rusiya bu addımı ilə Şimali Koreya hakimiyyətinə qarşı sanksiya tətbiq edir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri, adətən, aparıcı güclərə sərf edəndə təzyiq aləti olaraq istifadə olunur. Məsələn, qurumun Təhlükəsizlik Şurasnın Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var. Ancaq onlardan biri də indiyədək yerinə yetirilməyib. Dünyanın ali qurumunun qətnamələrinə əməl etməyən işğalçı Ermənistana isə heç Rusiya da təzyiq göstərmir.

Beləliklə, Koreya yarımadasında keçirilən yarışma beynəlxalq münaqişə və gərginliyə səbəb olan bir etnosun yaxınlaşmasına və ən azından maddi-mənəvi bütövləşməsinə səbəb ola bilər. Bu, həm də İkinci Dünya müharibəsindən sonra yaranmış və həll edilməyən münaqişələrin aradan qaldırılması üçün də təkan verər. Bu yarışma həm də yarımadadakı iki aysberqlə bağlı görünməyən üzlərin də görünməsinə şərait yaratdı. Beynəlxalq güclər arasında ziddiyyət, onların maraqlarının toqquşması və təmin edilməsi ucbatından parçalanmış bir etnosun xoş niyyəti də olimpiadaqabağı və sonrakı görüşlərdə də göründü. Şimal və cənubluların qarşıdurma istəmədikləri bir daha təsdiqləndi. Ancaq təəssüf ki, bu hal onların istəklərindən yaranmır. Heç şübhəsiz, bunu parçalanmış Koreyanın insanları da bölündükləri gündən bilirlər. Qış Olimpiya Oyunlarının isə Koreya yarımadasına istilik, barış gətirəcəyi ehtimalı da az deyil. Deyəsən, olimpiada Koreya məsələsində öz missiyasına əməl etdi.

Son xəbərlər

Orphus sistemi