XİN başçıları “3+3” formatında görüşəcək - İrəvan Bakının daha bir şərtinə boyun əyir - ŞƏRH

XİN başçıları “3+3” formatında görüşəcək - İrəvan Bakının daha bir şərtinə boyun əyir - ŞƏRH Azərbaycan torpaqlarını işğaldan azad etməklə və öz əzəli torpaqlarında yaradılan separatçı rejimə son qoydu. Bununla da Cənubi Qafqazda yeni reallıqlara imza atıb. Bölgənin əsas geosiyasi aktoru kimi çıxış edən rəsmi Bakı regionun inkişafı üçün yeni per
Analitika
19 Oktyabr , 2023 16:24
XİN başçıları “3+3” formatında görüşəcək - İrəvan Bakının daha bir şərtinə boyun əyir - ŞƏRH

Azərbaycan torpaqlarını işğaldan azad etməklə öz əzəli torpaqlarında yaradılan separatçı rejimə son qoydu. Bununla da Cənubi Qafqazda yeni reallıqlara imza atıb. Bölgənin əsas geosiyasi aktoru kimi çıxış edən rəsmi Bakı regionun inkişafı üçün yeni perspektivlər yaradıb, yeni əməkdaşlıq formatlarının canlanmasına səbəb olub. Söhbət “3+3” platformasından gedir. Platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin müəllifləri rəsmi Bakı və Ankaradır. Region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etmək əsas hədəf kimi götürülüb.

Yaxın vaxtlarda İranda “3+3” formatında xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Rəsmi İrəvan toplantıya qatılmağa razılıq verib. Əslində, Ermənistan bu addımı könüllü atmayıb. Sadəcə, çoxvektorlu siyasət yürütmək adı altında eyni vaxtda 3-4 stulda oturmağa çalışan Nikol Paşinyan hökuməti nəyin bahasına olursa-olsun təcrid vəziyyətindən çıxmağa çalışır.

Strasburqa səfər edib Avropa Parlamentində “sülh göyərçini” obrazında görünməyə çalışan Paşinyanın hədəfi bəllidir. Avropadan daha çox vəsait qoparmaq, yəni o, bir növ erməni ənənəsinə sadiq qalıb. Hökumət başçısının pul diləndiyi gün kimi aydındır.

N.Paşinyanın siyasəti həmişəki kimi yenə də ziddiyyətlidir və tərəddüdlərlə doludur. İrəvanın “3+3” formatında görüşdə iştiraka razılıq verməsi də bunun göstəricisidir. Ermənistan bir yandan Rusiyadan sürətlə uzaqlaşmağa çalışır, digər tərəfdən isə Rusiya ilə birlikdə “3+3” formatına qatılacağını təsdiqləyir. Bəllidir ki, bu formatın mahiyyəti “region problemlərinin regionda həll olunması” yanaşmasıdır. Lakin sual olunur, Paşinyan bu yanaşmanı qəbul edirsə niyə Strasburq, Brüssel, Parisi inadkarlıqla regiona müdaxiləyə çağırır?

İndiyədək “3+3” bu formatında tam tərkibdə görüşün olmaması Bakı-Tehran münasibətlərindəki soyuqluq və gərginliklə bağlı idi. Artıq bu gərginlik yoxdur və görüşün keçirilməsinə heç nə mane olmur. Qərbin, xüsusən də, ABŞ və Avropanın Azərbaycana qarşı qərəz və ikili yanaşması davam edəcəksə, o zaman “3+3” formatı güclənəcək. Ən əsası bu format “regional problemlərin həlli regiondadır” prinsipini möhkəmləndirəcək.

Əgər Qərb reallığı qəbul etməsə, Azərbaycana qarşı qərəzli və riyakar siyasətini davam etdirsə, onda ayağı Cənubi Qafqazdan birdəfəlik kəsiləcək. Ermənistan da anlamalıdır ki problemlər Avropa Parlamentində deyil, regionun özündə həll olunmalıdır. N.Paşinyan elə bilir ki, onu alqışlayanlar səmimidirlər. Əksinə, onlar üçün hazırda Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması prioritetdir. Nikol Paşinyan da belə qüvvələrin planlarının həyata keçirilməsində vasitə rolunu oynayır.

Ən əsası Ermənistan anlamalıdır ki, məhz Azərbaycan və Türkiyə regionun təhlükəsizliyini təmin edir. Məhz bu iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq, düşmənçilik hissini kənara qoymaq onun rifahına və inkişafına səbəb olacaq. Əks təqdirdə, Ermənistan rəhbərliyi 30 il olduğu kimi xalqını səfalət və yoxsulluq içində saxlamaqda davam edəcək.

Son xəbərlər

Orphus sistemi