​Xameneinin "danışıqlar qadağandır"ı - oyun davam edir - ŞƏRH

​Xameneinin "danışıqlar qadağandır"ı - oyun davam edir - ŞƏRH Bu qadağanı İranın Qərbdən tam imtinası saymaq olmaz
Analitika
8 Oktyabr , 2015 17:35
​Xameneinin danışıqlar qadağandırı - oyun davam edir - ŞƏRH

Bakı. 8 oktyabr. REPORT.AZ/ Ötən gün dünya və bölgə ictimaiyyəti üçün gözlənilməz iki olay baş verib: onlardan biri Rusiyanın Xəzər dənizindəki "neytral sular"dan Suriyanın ərazisinə raket zərbələri endirməsi, o biri isə İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin İslam Respublikası ilə ABŞ arasında danışıqları qadağan etməsidir.

Biz ikincidən danışacağıq. Çünki bu bəyanatın Suriyaya da aidiyyəti var.

Xatırladaq ki, ötən gün ayətullah Xamenei İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Dəniz Qüvvələri komandanları və onların ailələri ilə görüşdə bildirib ki, amerikalılar danışıqlar yolu ilə İrana nüfuz etmək yolunu açmaq, öz istəklərini xalqa qəbul etdirmək məqsədi güdür. Bu danışıqlar Vaşinqtona ölkənin daxili siyasətinə təsir göstərmək imkanı qazandırır. Onun sözlərinə görə, bu qadağanın İranın nüvə proqramı ilə bağlı danışıqlara da tətbiq ediləcəyi istisna edilmir. İranın ali rəhbəri ABŞ-la danışıqların heç bir faydasının olmayacağını da vurğulayıb.

Ayətullah Seyid Əli Xamenei hətta bütün İslam dünyasına qarşı “dağıdıcı siyasi kursa malik” ABŞ-la danışıqlar aparmağa da qadağa qoyub.

Onun beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti isə məsələyə belə münasibət bildirib: “İran müstəqil və güclü dövlətdir. Belə olan halda ABŞ-la münasibətlərin inkişafına ehtiyac duymuruq”.

Bir müddət öncə Xamenei ölkəsinə tətbiq edilən sanksiyaların dayandırılmasını deyil, bütünlükdə ləğv edilməsi tələbini irəli sürmüşdü.

Son bir ayda İranın ali lideri ABŞ-ın bölgədəki müttəfiqlərinə qarşı da sərt bəyanatlar verib. Səudiyyə Ərəbsitanında Həcc ziyarəti zamanı baş verən faciədən sonra o, Səudiyyə Ərəbistanını kəskin tənqid edib. İş o yerə çatdı ki, həmin hadisə zamanı həyatını itirənlərin meyitləri krallıqdan İrana gətirilib və orada dəfn edilib. Ancaq inanclı insanlar hər hansı səbəbdən Məkkədə ölərkən müqəddəs torpaqlarda dəfn olunmağı arzu və vəsiyyət edirlər.

Bundan başqa, bir neçə gün əvvəl Xamenei bildirmişdi: "Hər şeydən əvvəl mən demək istəyirəm ki, inşaallah, 25 ildən sonra sionist rejim (İranda hakimiyyət İsraili belə adlandırır - "Report") olmayacaq". Bununla da ABŞ-ın Yaxın Şərqdəki ən etibarlı müttəfiqini özünəməxsus şəkildə hədələyib.

Qeyd edək ki, son iki ildə Vaşinqton-Tehran danışıqları daha intensiv xarakter alıb. Hətta ABŞ və İran rəsmilərinin keçirdiyi çoxsaylı görüşlərdə təkcə Tehranın atom proqramının müzakirə olunmadığı haqda da məlumat yayılırdı.

Xamenei bu sayaq məlumatlara və yanaşmalara son qoymaq üçün demişdi: "Biz müəyyən səbəblərdən ABŞ-la yalnız nüvə sazişi üzrə danışıqların aparılmasına imkan vermişik, ancaq biz başqa məsələlər üzrə danışıqlar aparmayacağıq".

Əslində, bunun kimə ünvanlandığı da sirr deyil. Tehranın Rusiya və Bəşşar Əsədə "birlikdəyik" mesajını verdiyini ehtimal etmək olar.

İranın ali rəhbərinin ABŞ-la danışıqları yasaqlaması fikrimizcə, son zamanlar Rusiyanın Suriya məsələsində fəallaşması ilə də bağlıdır.

İran atom məsələsində ABŞ başda olmaqla Qərblə razılaşarsa, o zaman müttəfiqi, Ukraynanın şərqində baş verənlərə görə sanksiyalara məruz qalan Rusiya ilə münasibəti hansı səviyyədə saxlayacaq?

Bundan başqa, Moskva ilə Tehranı Suriyada birləşdirən amillərdən biri də Bəşşar Əsəddir. Eyni zamanda, on ildən artıqdır ki, Moskva atom proqramı məsələsində Tehranı müdafiə edir.

Düzdür, Rusiya BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalı qətnamələrin hamısının lehinə da səs verib. Ancaq bütün hallarda Kreml onu dəstəkləməkdən əl çəkməyib.

İran bölgədəki müəyyən mövcud üstünlüklərini əldən vermək istəmir. Onun bunu heç müttəfiqi Rusiyaya da güzəştə gedəcəyi inandırıcı görünmür. Bu baxımdan Tehranın vəziyyəti heç də arzuolunan deyil.

O biri yandan isə İran hakimiyyəti Suriya məsələsində mövqeyinə yenidən baxmağa sövq edilir.

Xameneinin bəyanatı deməyə əsas verir ki, Suriyada Rusiya haradadırsa, İran da oradadır. Odur ki, Suriyada Rusiyaya pay verilərsə, o zaman İran da öz hesabını oradan götürmək istəyir.

Bəyanatın başqa tərəfi isə Qərbə təzyiq xarakteri daşıyır. Qərb və müttəfiqləri İran və Rusiyanı Bəşşar Əsəddən əl çəkməyə çağırır. Tehran isə öz mövqeyindən əl çəkməyəcəyini bəyan edir.

İslam Respublikası Suriya ilə bağlı tutduğu mövqeyə görə tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyindən ehtiyatlanır. Ona görə də bəri başdan qarşı tərəfə bu yolla mesajını göndərir - "danışıqları dayandıra bilərəm".

Nəzərə almaq lazımdır ki, ABŞ Senatı "altılıq"la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) İran arasında İslam Respublikasının atom proqramı üzrə razılaşmanı hələ təsdiqləməyib. Bundan başqa, BMT Təhlükəsizlik Şurası da İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyib.

Yeri gəlmişkən, atom proqramı ilə bağlı razılaşmanı İranda əhali böyük sevinclə qarşıladı. Cəmiyyət bununla həm də Qərblə yaxınlaşmaq istəyini nümayiş etdirdi.

Xameneinin qadağasında cəmiyyətin həmin hissəsi də nəzərdə tutulub. Onlar dünya ilə əməkdaşlıq tərəfdarlarıdır. Belə əməkdaşlığı isə hakimiyət müsbət qarşılamır.

Xameneinin bəhs etdiyimiz bəyanatı Qərblə İran arasında atom proqramından sonra Yaxın Şərq üzrə problemləri də müzakirə edəcəyini ehtimal etməyə əsas verir. Ancaq bu qadağanı İranın Qərbdən tam imtinası kimi də saymaq olmaz. Hər halda oyun davam edir, yeni mövzular ortaya çıxır. 

Son xəbərlər

Orphus sistemi