Unudulmuş aktivlər: qızıl və digər qiymətli metallar - ANALİTİKA

Unudulmuş aktivlər: qızıl və digər qiymətli metallar - ANALİTİKA Dünyadakı mərkəzi bankların iqtisadiyyatı kütləvi şəkildə pulla təmin etdiyi və qiymətli kağızlar bazarlarında bahalaşmanın sürətləndiyi bir vaxtda qızılın ucuz olması diqqəti cəlb edir. Əsrlərdən bəri valyuta kimi istifadə olunan qızılın heç bir ölkənin pul siyasətinə bağlı olmaması, likvid aktiv olması - istənilən vaxt başqa bir malla, xidmətlə və yaxud valyuta ilə dəyişdirilə bilməsi, onun etibarlı aktiv kimi statusunu qoruyub saxlamasına səbəb olub. Kağız puldan fərqli olaraq qızıl köhnəlmir, keyfiyyətini itirmir, inflyasiya nəticəsində dəyərdən düşmür və ən əsası onun təklifi məhduddur. Yəni, həm emal edilmiş, həm də yataqlarda xam şəkildə olan qızıldan əlavə süni şəkildə qızıl istehsal etmək mümkün deyil. Qızıla investisiya etmək istəməyənlər buna arqument kimi onun gəlir gətirmədiyini göstərirlər. Digər tərəfdən də, qızılı saxlamaq üçün müəyyən xərclər tələb olunur.
Analitika
10 İyun , 2019 14:20

Dünyadakı mərkəzi bankların iqtisadiyyatı kütləvi şəkildə pulla təmin etdiyi və qiymətli kağızlar bazarlarında bahalaşmanın sürətləndiyi bir vaxtda qızılın ucuz olması diqqəti cəlb edir. Əsrlərdən bəri valyuta kimi istifadə olunan qızılın heç bir ölkənin pul siyasətinə bağlı olmaması, likvid aktiv olması - istənilən vaxt başqa bir malla, xidmətlə və yaxud valyuta ilə dəyişdirilə bilməsi, onun etibarlı aktiv kimi statusunu qoruyub saxlamasına səbəb olub. Kağız puldan fərqli olaraq qızıl köhnəlmir, keyfiyyətini itirmir, inflyasiya nəticəsində dəyərdən düşmür və ən əsası onun təklifi məhduddur. Yəni, həm emal edilmiş, həm də yataqlarda xam şəkildə olan qızıldan əlavə süni şəkildə qızıl istehsal etmək mümkün deyil. Qızıla investisiya etmək istəməyənlər buna arqument kimi onun gəlir gətirmədiyini göstərirlər. Digər tərəfdən də, qızılı saxlamaq üçün müəyyən xərclər tələb olunur.

Müşahidələr göstərir ki, qızıla əsasən üç mənşəli tələbat mövcuddur.

- İnvestisiya məqsədli tələbat: Mərkəzi Banklar qızıla investisiya edərək likvid aktiv növlərini artırırlar, valyuta ehtiyatlarını şaxələndirirlər. Fərdi və institusional investorlar da öz portfellərini qızıl vasitəsi ilə şaxələndirir və qoruyur.

- Zərgərlik məmulatlarının istehsalı: Qızıl zərgərlik sənayesində ən çox istifadə edilən qiymətli metaldır. Əsasən Hindistan, Türkiyə və Yaxın Şərqdən tələb böyükdür. Məsələn, hindlilər 23 min tonla dünyanın ən böyük şəxsi-özəl qızılına malikdirlər.

- Sənayedə istifadəsi: Qızıl yüksək texnologiya istehlak malları başda olmaqla bir çox sənayedə öz korroziyaya qarşı dayanıqlılıq və keçiricilik qabiliyyətinə görə istifadə edilir. Bundan əlavə, qızıl tibbdə, hərbi sənayedə və aeronavtikada da istifadə olunan metaldır.

2014-cü ildən etibarən qlobal mərkəzi banklar qızıl ehtiyatlarını artırmağa başlayıblar. Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına əsasən, dünyanın ən böyük qızıl ehtiyatlar; ABŞ-dadır (8 133 ton və yaxud 373,4 milyard dollarlıq). Almaniya 3 369 tonla (154?7 milyard dollarlıq) II yerdə, IMF 2 814 tonla (129,2 milyard dollarlıq) isə III yerdədir. 

Rəsmi statistikaya əsasən, Çin və Rusiya ən çox qızıl alan ölkələr siyahısındadır. Bu da təsadüfi deyil. Çünki onların iqtisadiyyatlarının həcmi ilə qızıl ehtiyatları arasında ciddi disbalans mövcuddur. Belə ki, Çin dünyanın II iqtisadiyyatı olmasına baxmayaraq rəsmi qızıl ehtiyatları olduqca azdır. Rusiya isə rəqiblərindən geri qalmaq istəmir. Ümumiyyətlə 2019-cu ilin I rübündə mərkəzi bankların 145 ton qızıl əldə etdikləri bildirilir.

Geosiyasi vəziyyətin getdikcə pisləşməsi və gələcək perspektivlərin qeyri-müəyyənliyi fərdi və instutisional investorları da qızıla yönəldir. İngiltərə Mərkəzi Bankına qarşı tutduğu mövqe hesabına funt sterlinqin devalvasiyasına səbəb olan adam kimi məşhurlaşan Corc Sorosun “Soros Fund Management” adlı investisiya fondu bu il 260 milyon dollarlıq qızıl və qızıl hasilatı şirkətlərinin səhmlərini əldə etdiyini açıqlayıb. 

Zərgərlik və sənaye tələbatı iqtisadi konyekturdan asılı olsa da, dinamikliyini itirmir və bu sahədəki tələbat nisbətən stabildir.

Xatırladaq ki, qızılın sürətlə bahalaşması 1971-ci ildə ABŞ prezidenti Riçard Niksonun Qızıl Standartını ləğv etməsindən sonra başlayıb. 2002-ci ildə 1 unsiyası 300 dollar olan qiymətli metalı 2011-ci ildə London birjasında 1921 dollara qədər bahalaşıb. Hazırda isə onun qiyməti 1340 dollar ətrafındadır. Son 6 ildə qızıl 1340-1370 dollarlıq səviyyəni keçə bilməyib və keçən həftənin ticarət sessiyasında yenidən bu səviyyəyə yaxınlaşıb. 

Mənbə: Interactive Brokers

Digər tərəfdən, gümüş və ağ qızıl olaraq tanınan platin də qızıla nisbətən ucuzdur. Məsələn, platın/qızıl qiymət nisbəti tarixi minimumdadır. Qeyd etmək lazımdır ki, 2000-ci illərdə platin qızıldan baha idi.

Mənbə: Interactive Brokers

Qeyri-müəyyən geosiyasi vəziyyət, qızılın digər aktiv növlərinə, o cümlədən daşınmaz əmlaka və qiymətli kağızlara nəzərən ucuz olması və qızıl hasalatının son illər nisbətən azalması onun qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir. Lakin, nəzərə almaq lazımdır ki, Çin-ABŞ ticarət müharibəsi yüksək texnologiya sənayesinə ağır zərbə vura bilər və bu metallara olan sənaye mənşəli tələbat azala bilər.

P.S.: Bu yazı heç bir halda qızılın alışını və yaxud satışını tövsiyyə etmir. İnvestisiya etməzdən əvvəl risklər nəzərə alınmalıdır.

Nəriman Yaqubov

Son xəbərlər

Orphus sistemi