Ukraynada yaşayan azərbaycanlılar: “Bizi ciddi sınaqlar gözləyir” - RƏY

Ukraynada yaşayan azərbaycanlılar: “Bizi ciddi sınaqlar gözləyir” - RƏY “Ukraynadakı azərbaycanlılar bu ölkənin Azərbaycan barədə qərarına təsir edəcək qədər güclüdür”
Analitika
23 İyun , 2016 12:16
Ukraynada yaşayan azərbaycanlılar: “Bizi ciddi sınaqlar gözləyir” - RƏY

“Ukraynadakı azərbaycanlılar bu ölkənin Azərbaycan barədə qərarına təsir edəcək qədər güclüdür”

Kiyev. 23 iyun. REPORT.AZ/ Bu yaxınlarda azərbaycanlılarmüəyyən fasilədən sonra yenə Bakıya toplaşdılar. Əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu qurultayların keçirilməsinə 2001-ci ildən start verilib. Növbəti dəfə cari il iyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayına toplaşan həmyerlilərimizin bu dəfəki toplantısı hazırkı proseslər, həm də zaman baxımından əvvəlkilərdən fərqlənirdi. Dünyada və regionda baş verən son hadisələr, dünyadakı iqtisadi və siyasi amillərin tamamilə dəyişməsi, xüsusilə də Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında növbəti təxribatlar fonunda azərbaycanlıların toplaşması mühüm siqnallarla yadda qaldı.

Azərbaycan Prezidenti İlham Əliyevin də dünya azərbaycanlıları qarşısında çıxışı zamanı səsləndirdiyi tövsiyələr, bəyanat da bunu təsdiqləyirdi. Dövlət başçısı bildirdi ki, bu qurultay dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması baxımından çox önəmlidir. Azərbaycan Prezidenti dünyada yaşayan azərbaycanlıların tarixi Vətənləri ilə əlaqələrini kəsməsini istəmədiyini vurğulayıb: “Bu halda Azərbaycan dövləti onlara daha çox dəstək verəcək. Xaricdə milyonlarla azərbaycanlı yaşayır. Mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynasınlar. Yetişən gənclər də Azərbaycanla bağlı olmalı, Azərbaycan dilini bilməlidir”. Dövlət başçısı qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: “Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram”. Azərbaycan Prezidenti çıxışında səfirlərlə diaspor təşkilatları arasında əlaqələrin güclənməsi, azərbaycanlıların sağlam rəqabət aparması, gücün birlikdə olmasının vacibliyini bildirib. Dövlət başçısı azərbaycanlıların yaşadıqları ölkənin ictimai-siyasi həyatında yetərincə yer tutmaması, həmin ölkənin mətbuatı ilə sıx əlaqə qura bilməməsindən təəssüfləndiyini bildirərək buna ciddi önəm verilməsini tövsiyə edib. Mətbuatla sıx əlaqədə olmağın, informasiya mübarizəsinin müasir dünyadakı aktuallığını xatırladan Prezident İlham Əliyev dünya azərbaycanlılarının diqqətlərini buna yönəltməyə çağırıb. Xarici ölkələrdəki azərbaycanlı iş adamlarına Azərbaycanda investisiya qoymağı da tövsiyə edən dövlət başçısı indiki durumda bütün azərbaycanlıları birgə olmağa çağırıb.

Qurultayın gedişində və qurultaydan sonra da Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər azərbaycanlıların çıxışlarında, mətbuata bəyanatlarında əsas arqument oldu. Xüsusilə də dövlət başçısının qaldırdığı məsələlər onların planları ilə tam üst-üstə düşür.

Ukrayna da dünyada yaşayan azərbaycanlıların daha çox toplaşdığı ilk ölkələr siyahısındadır. Ən əsası da son illər bu ölkədə azərbaycanlıların fəallığı, eyni zamanda diasporumuzla bağlı müxtəlif proseslərin baş verməsi diqqət mərkəzində olub.

Bakı qurultayı və ölkə başçısının səsləndirdiyi fikirlər burada geniş müzakirələrə səbəb olub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev “Report”a bildirib ki, qurultay şəxsən Ukraynada yaşayan azərbaycanlıların fəaliyyətinə ciddi təkan oldu: “Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, diaspor nümayəndələrinə göstərdiyi qayğı və diqqət bizə stimul oldu. Biz azərbaycanlılar həmişə çalışmışıq ki, Ukraynanın bütün sahələrində fəal olaq. Əksər hallarda buna nail də oluruq: “Ulu öndər Heydər Əliyevin daim səsləndirdiyi, bu gün də Prezident İlham Əliyevin davam etdirdiyi dünyadakı azərbaycanlıların bir olması fikri bizim əsas prioritetimizdir. Biz dövlət başçısının qurultayda səsləndirdiyi tövsiyələri əsas götürərək toplantı keçirdik. Hətta regionlar üzrə də toplantılar keçirməyi və qurultaydan, Prezident İlham Əliyevin tövsiyələrindən irəli gələn layihələrimizi reallaşdırmağı qərara aldıq. Məsələn, artıq Ukrayna üzrə vahid media mərkəzimizi yaratmağı qərara almışıq. Burada yerli və Avropadan olan jurnalistlərin cəmləşdirəcəyik. Çünki Azərbaycan həqiqətlərini yalnız Ukraynada yox, Ukraynadan Avropaya, ümumiyyətlə dünyaya yaymaq da imkanlarımız var. Azərbaycan torpaqları 22 ildən çoxdur işğal olunub və bu həqiqətlərin dünyaya daha çox yayılmasında bizim vəzifəmiz böyükdür. Bizim Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə də sıx əlaqələrimiz var və işlərimizi koordinasiya edirik”.

O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, Azərbaycana investisiyanın qoyulması təbliğatına da start verilib: “Yalnız azərbaycanlı iş adamları yox, Ukraynada Avropadan olan, yerli iş adamlarını da Azərbaycana cəlb etməyi planlaşdırırq”.

BUAK sədri deyib ki, Ukraynanın siyasi həyatında, xüsusilə seçkili və dövlət orqanlarında azərbaycanlıların daha çox yer alması onlar üçün əsas şərtdir: “Bizim qurultaydakı Ukraynadan olan nümayəndə heyətinin tərkibində də əsasən bu ölkənin vilayət parlamentlərində, dövlət strukturlarında yer alan azərbaycanlılar idi. Bundan başqa, yerli və digər millətlərdən olan xeyli ukraynalı məmurlarımız var və onlar da lazım olanda bizim sözümüzü deyir. Yəni Ukraynadakı azərbaycanlılar bu ölkənin Azərbaycan barədə qərarına təsir edəcək qədər güclüdür. Bizim ən əsas cəhdimiz Ukrayna Ali Radasında təmsil olunmaqdır. Təəssüflər olsun ki, Ukraynada xeyli nüfuzlu həmvətənimizin olmasına baxmayaraq, hələlik Ali Radada bir azərbaycanlı yoxdur. Ukraynada əsas qərarlar, medianın əsas təbliğat nöqtələri Ali Radada verilir. İndi təsəvvür edin ki, bu qanunverici orqanda azərbaycanlının olması nə deməkdir. Biz Ukraynada yaşayan azərbaycanlılar Azərbaycandan - Vətənimizdən heç bir maddi və hər hansı dəstək güdməmişik. Amma bu məsələdə bizə müəyyən mənada yüksək səviyyədə dəstək də lazımdır”.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva “Report”a deyib ki, 49 ölkədən 500 iştirakçının qatıldığı Dünya Azərbaycanlılarının IV Qurultayı dünyanın müxtəlif guşələrindən olan siyasi və ictimai fəal azərbaycanlıların konsolidasiyası üçün yaxşı platformadır: "Müasir Azərbaycan diaspor hərəkatında mühüm cəhətlərdən biri bu prosesdə gənclərin rolunun gücləndirilməsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz müraciətində qeyd edib. Bu qurultayda ilk dəfə gənclərə həsr olunmuş "Keçmiş və müasir düşüncə təcrübəsi - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya" adlı müzakirə paneli ayrılmışdı. Bu müzakirə panelində mən də spikerlərdən biri kimi çıxış edərək, Ukraynada azərbaycanlı gənclər İttifaqının (UAGİ) strategiyası və perspektivləri, Ukraynada azərbaycanlı gənclər hərəkatının formalaşması və inkişafı təcrübəsini bölüşdüm. Məqsəd və vəzifələr barədə danışdıqda isə qeyd etməliyəm ki, biz UAGİ çərçivəsində nümayəndələri yaşadıqları ölkənin nümunəvi vətəndaşları olan fəal və şüurlu azərbaycanlı gənclər, eləcə də Ukraynada ictimai, siyasi, diplomatik, iqtisadi, elmi və mədəniyyət sahələrində layiqli yerini alan və gələcəkdə də alacaq gənclər formalaşdırırıq. Və bu istiqamətdə uğurlarımız var. Bu cür tendensiya və yanaşma azərbaycanlıların yaşadığı digər ölkələrdə də olmalıdır. Hər birimiz öz milli kimliyimizi itirmədən uğurlu olmağa çalışmalıyıq. Bu, Azərbaycan diasporunun daha çox inkişafına, eləcə də Azərbaycan lobbisinin güclənməsinə töhfə verəcək. Azərbaycan Prezidenti İlham Əliyev də Dünya Azərbaycanlılarının IV Qurultayında buna çağırıb: azərbaycanlılar yaşadıqları müxtəlif ölkələrdə yerli hakimiyyət orqanları və digər qurumlarda daha çox təmsil olunmalıdır. Prezident həmçinin yerli KİV ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Biz bu istiqamətdə də fəal şəkildə çalışırıq: yalnız Ukrayna mediası ilə əlaqələr qurmur, həm də öz sıralarımıza peşəkar jurnalistlər və bloggerlər cəlb edirik. Bu məqsədlə bu il bizdə Jurnalistika məktəbi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Dünya Azərbaycanlıları IV Qurultayı uğurlu keçib və yüksək səviyyədə keçirilib. Qurultay müxtəlif ölkələrdəki Azərbaycan diaspor nümayəndə heyətləri arasında təcrübə mübadiləsinə, eləcə də Azərbaycan diasporunun inkişafının vahid strategiyasının formalaşmasına imkan yaradıb".

Ukrayna Azərbaycanlılar Konqresinin Xarkov vilayəti üzrə sədri Qurban Abbasov “Report”a bildirib ki, Bakıda azərbaycanlıların dövlətin dəstəyi ilə belə toplanması onlar üçün böyük stimuldur: “Biz özümüz üçün lazımi ştrixləri götürdük. Bilirsiniz, Xarkov tələbələr diyarıdır və bu da gənclər hərəkatının burada güclü olduğu deməkdir. Biz də əsas gücü buna vermişik. Xarkov vilayətinin bütün şəhərlərində mərkəzlərimiz var və bunun da hamısına gənclər daha çox cəlb olunur. Biz əsas gücü informasiya mübadiləsinə veririk. Xüsusilə Azərbaycanın işğala məruz qalması faktı bu informasiya mübadiləsində əsas şərtdir. Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi bütün tövsiyələr burada əsas prioritetimizdir. Xüsusilə yerli mətbuatla işləmək əsas diqqətimizdədir”.

O deyib ki, Xarkovdan turistlərin Azərbaycana cəlb olunması, xüsusilə də iş adamlarında Azərbaycana marağın doğurulması istiqamətində təbliğata başlayıblar.

Konqres sədri azərbaycanlıların birlikdə hərəkət etməsinin də onlar üçün əsas şərt olduğunu söyləyib: “Burada birliyimiz üçün heç bir maneə görmürəm. Sadəcə, bir-birimizə dəstəyimizi əsirgəməməliyik. Ukrayna üzrə konqresimizin sədri Rövşən Tağıyev ölkədə digər millətlərin icma rəhbərləri ilə müqayisədə ən tanınmış şəxsdir. Onun çıxışları, müraciətləri Ukrayna rəhbərliyində ciddi reaksiyalara səbəb olur. Biz bu birlikdən uğurla istifadə etməliyik”.

Q.Abbasov Azərbaycanda xüsusilə diaspora işi ilə bağlı ayrıca televiziyanın olmasını da arzulayıb.

Ukraynanın Nikolayev vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yunus Əliyev “Report”a açıqlamasında vurğulayıb ki, dünya azərbaycanlılarının Bakıda yığışması və Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi beynəlxalq aləmə Azərbaycanın qüdrətinin bir daha göstərilməsidir: “Bundan düşmənlərimiz daha əl-ayağımıza çox dolaşmamaq üçün ciddi nəticə götürməlidirlər. Biz azərbaycanlılar həmişə güclü Azərbaycan dövləti ilə qürur duymuşuq”.

O qeyd edib ki, Bakı qurultayından çıxardıqları nəticələrdən irəli gələrək xeyli planlar qurublar: “Biz Rövşən Tağıyev başda olmaqla gücümüzü birləşdiririk. Bilrisiniz, Nikolayev böyük vilayətdir. Burda Azərbaycan dilində bir neçə məktəb var və artıq bunun sayını digər yerlərdə də artırmaq istəyirik. Bundan başqa, Ukraynanın ənənəvi bayramlarından birini keçirməyi planlaşdırırıq, həmin tədbirə digər vilayətlərin də qubernatorlarını çağıracağıq və bu da bizə təbliğatımızın effektivliyində kömək edəcək. Eyni zamanda, II Dünya müharibəsi zamanı Nikolayev uğrunda döyüşən xeyli saydaazərbaycanlının adlarını müəyyənləşdirmişik. Onların xatirəsini dəstək sayəsində əbədiləşdirməyimiz çox yaxşı olardı. Biz təkcə 416-cı Taqanroq Azərbaycan diviziyasının döyüşçülərinin xatirəsinə abidə ucaltmışıq”.

Ukrayna Azərbaycanlılar Konqresinin Dnepropetrovsk vilayəti üzrə sədrinin müavini Nəcəf Əhmədov “Report”a bildirib ki,  Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı və orada Azərbaycan Prezidentinin dünya azərbaycanlılarının fəaliyyətinə yüksək diqqət verməsi, dəyər verməsi onlarda ciddi ruh yüksəkliyi yaradıb: “Ukraynadan gedən azərbaycanlılar olaraq qurultayın ardınca Bakıda toplantı keçirərək ümumi planımızı qurduq. Artıq həmin planın icrasına başlamışıq və Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun işlərimizi görürük. Dnepropetrovsk Ukraynanın böyük və iqtisadi-siyasi həyatında həlledici vilayətlərindəndir. Biz daha çox yerli hakimiyyət orqanlarında yer tutmağa üstünlük veririk və burada gənclərimiz əsas rol oynayır. Onlara da böyük dəstəyimiz var. Artıq vilayətin seçkili orqanlarına xeyli sayda gəncimiznamizədliklərini verirlər və digər strukturlara da belə cəhdlər var. Bizim birgə səyimiz nəticəsində bunun uğurla nəticələnəcəyinə inanıram. Bizi ciddi işlər, sınaqlar və uğurlar gözləyir. Buna əminik”.

O deyib ki, Ukrayna Azərbaycanlılar Konqresi ölkənin ən fəal təşkilatlarındandır və onun rəhbəri Rövşən Tağıyev kifayət qədər siyasi gücə malikdir: "Bu da bizim üçün görəcəyimiz işlərdə əsas dvidenddir".

Son xəbərlər

Orphus sistemi