Üçüncü dünya müharibəsi faktiki olaraq başlayıb. Düzdür, bu, rəsmi olaraq hələ elan olunmayıb. Ancaq planetin fərqli regionlarında, eləcə də Azərbaycanın Şimal və Cənub qonşularının iştirakı ilə baş verən hadisələr onu deməyə əsas verir ki, hazırda dünyanın faktiki bölüşdürülməsi prosesi gedir. Ayrı-ayrı siyasətçilər, o cümlədən prezidentlər, baş nazirlər də dəfələrlə bu barədə fikirlər səsləndirib, xəbərdarlıq ediblər.
Məsələn, Prezident İlham Əliyev ötən ilin yanvarında yerli telekanallara müsahibəsində deyib ki, indi faktiki olaraq üçüncü dünya müharibəsi gedir. Dövlət başçısı bildirib ki, dünya qütbləşib və qarşıdurma dərinləşir.
Ölkə lideri növbəti dəfə Prezident seçildikdən sonra bu ilin fevral ayında andiçmə mərasimində də oxşar mesajlar verib: “Dünya faktiki olaraq üçüncü dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq üçüncü dünya müharibəsi başlamışdır, müxtəlif fərziyyələr ola bilər”.
Üçüncü dünya müharibəsinə şərait yaradan bəzi səbəblər var. Birincisi, beynəlxalq təhlükəsizlik sistemi çox zəifləyib. Beynəlxalq hüquq unudulub. Dünyada nəzarət sistemi, demək olar, işləmir. Bu, dünyanın yenidən bölüşdürülməsinə imkan yaradır. Hazırda kollektiv Qərb və Şərq yəni geosiyasi xəritə formalaşdırırlar. Bunun üçün isə dünyanın müxtəlif bölgələrində məqsədli şəkildə müharibə ocaqları yaradırlar.
Hələ iki il əvvəl, 2022-ci ildə Şərqi Avropada Rusiya ilə Ukrayna arasında başlayan və indiyə qədər davam edən savaş üçüncü dünya müharibəsi ilə bağlı fikirlərin əsası oldu. Çünki çoxlarına məlum olduğu kimi, bu, sadəcə iki ölkə arasında olan savaş deyil. Bu, Qərbin Şərqlə, xüsusilə Rusiya, Çin və İranla mübarizəsinin tərkib hissəsidir. Təsadüfi deyil ki, bu gün Pekin və Tehran açıq şəkildə Moskvanı dəstəkləyir, onun qalib gəlməsini istəyir. Çünki başa düşürlər ki, Rusiyanın bu müharibədəki məğlubiyyəti həm də perspektivdə Çin və İranın imkanlarının zəifləməsidir.
Son günlər Yaxın Şərqdə baş verənlər isə göstərir ki, üçüncü dünya müharibəsinin, əslində, çoxdan başladığını iddia edənlər haqlıdırlar. Xatırladaq ki, 2023-cü ilin oktyabrında sözügedən regionda İsrail və HƏMAS arasında başlayan müharibə bu günə qədər davam edir. Rəsmi Tel-Əviv HƏMAS və "Hizbullah"ı məhv edəcəyinə söz verib. Proseslər onu göstərir ki, döyüşlər yaxın vaxtda başa çatmayacaq. Əksinə, daha da genişlənəcək. Belə ki, bu il aprelin 14-də İran qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etdi. Əslində, belə bir hücum gözlənilən idi. Çünki aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirdi. Hadisə nəticəsində 13 nəfər öldü. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər daha da gərginləşdi.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri bildirdi ki, İsrailin hücumu cavabsız qalmayacaq. Və deyilən kimi də oldu. Hücumlar təxminən bir gün davam etdi. Bundan sonra rəsmi Tehran əməliyyatların bitdiyini elan etdi.
Bir çox beyin mərkəzinin və siyasətçinin fikrincə, İranın hücumları uğursuz oldu.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian daha əvvəl bildirdi ki, İsrailin növbəti hücumlarına daha ağır cavab veriləcək.
Doğrudur, hazırda İran və İsrail arasında birbaşa toqquşma yoxdur. Amma düşünmək olar ki, proses davam edəcək. Çünki bu, dünyanı bölüşdürmək iddiasında olan güclərin də marağında olan məsələdir. Şərqi Avropa ssenarisinin gələcəkdə Yaxın Şərqdə təkrarlanması, Qərbin öz proksiləri vasitəsilə bölgədə “daşı daş üstündə qoymaq istəməmək” üçün hərəkətə keçmələri mümkündür.
Bu gün dünyanın ayrı-ayrı bölgələrində baş verən müharibələr, əslində, bir-biri ilə sıx bağlıdır. Şərqi Avropadakı vəziyyət Yaxın Şərqə, oradakı durum isə öz növbəsində Mərkəzi Asiyaya, Cənubi Qafqaza təsir edir. Çünki fərqli regionlarda bir-biriləri ilə müttəfiq olan dövlətlər var. Bu isə geosiyasi mühitdə bir növ domino effekti verir. Üstəlik, bütün toqquşmaların arxasında duranlar eyni imperialist qüvvələrdir.
Davam etməkdə olan proseslərin Azərbaycandan yan keçməsi rəsmi Bakının uğurlu siyasətinin nümunəsidir. Belə ki, Azərbaycan heç bir bloka qoşulmur, kimsənin "çətirinin altına girmir", öz müstəqil siyasətini həyata keçirir, azad iradəsini ortaya qoyur. Bu, rəsmi Bakının balanslı siyasətinin təzahürüdür.
Yeri gəlmişkən, Azərbaycan Qarabağın işğaldan azad olunması üçün çox düzgün vaxt seçmişdi: nə tələsmiş, nə də gecikmişdi. Hərəkətə keçmək üçün ən düzgün vaxt, tarixi fürsət seçilmişdi. Bu gün isə Azərbaycan Cənubi Qafqazı təhlükəsizlik adasına çevirmək niyyətindədir. Bölgədə əməkdaşlıq mühitinin təmin edilməsi, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması indi heç vaxt olmadığı qədər real və yaxındır.
Buna baxmayaq, Şərqi Avropada, Yaxın Şərqdə özünün proksiləri vasitəsilə ambisiyalarını həyata keçirmək istəyən imperialist güclər, xüsusilə Qərb indi də Cənubi Qafqazı "qan gölünə" çevirmək niyyətindədir. Yaxın Şərqdə İsraildən, Şərqi Avropada Ukraynadan istifadə edən ABŞ və Avropa İttifaqı bu gün eyni ssenarini Cənubi Qafqazda təkrarlamaq üçün Ermənistandan istifadə edir. Zəif iradəyə malik rəsmi İrəvan isə "kökə və qamçı" prinsipi ilə Qərbin "çətiri altına" keçir, Rusiyadan uzaqlaşır. Son vaxtlar Azərbaycanla şərti sərhəddə baş verən təxribatlar, o cümlədən Ermənistan hakimiyyətinin tədricən sülh gündəliyindən uzaqlaşmaq cəhdləri onu deməyə əsas verir ki, qarşı tərəfin hazırkı mövqeyi kifayət qədər destruktivdir. Bu isə Cənubi Qafqazda potensial münaqişə deməkdir. İstisna deyil ki, Rusiya və Qərbin poliqonu bu dəfə Ermənistan olacaq.
Belə bir şəraitdə Azərbaycan daxilində milli birlik, həmrəylik və dövlət maraqları nəzərə alınmalı ən vacib amildir. Çünki Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsini təmin edən əsas faktorlardan biri də məhz milli həmrəylik, xalq-iqtidar birliyi oldu. Əslində, bu, bütün cəmiyyətlər üçün keçərlidir. İstənilən dövlətdə milli həmrəylik hər şeydən vacibdir. Məhz bu amillər nəticəsində Azərbaycan gələcək təhdid və təhlükələrdən qoruna, siyasi iradəsini daha da möhkəmlədə bilər.