​Gürcü politoloq: “Türkiyənin parçalanması bizim inkişafımıza ciddi maneədir”

​Gürcü politoloq: “Türkiyənin parçalanması bizim inkişafımıza ciddi maneədir” “Azərbaycanda və Gürcüstanda dövlətin hərbi və güc yolu ilə dəyişdirilməsi ehtimalı yoxdur”
Analitika
18 İyul , 2016 17:29
​Gürcü politoloq: “Türkiyənin parçalanması bizim inkişafımıza ciddi maneədir”

Tbilisi. 18 iyul. REPORT. AZ/ “Azərbaycanda və Gürcüstanda dövlətin hərbi və güc yolu ilə dəyişdirilməsi ehtimalı yoxdur”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Gürcüstandakı “Qafqaz Evi”nin icraçı direktoru, politoloq Qeorqi Konaşvili söyləyib.

O deyib ki, Azərbaycan və Gürcüstan müstəqil, demokratik inkişaf edən ölkələrdirlər: “Bizdə milli, dini məsələləri qızışdıra biləcək qüvvələr də yoxdur. Ən başlıcası buna zəmin yoxdur. Bizim dövlətlərimiz dünyada söz sahibi olmaq istəyən ölkələrin də qarşısını kəsmir. Ona görə də Azərbaycanda və Gürcüstanda dövlət çevrilişinə cəhd ehtimalı sıfıra bərabərdir”.

Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin region ölkələrinə, xüsusən də Azərbaycana və Gürcüstana təsirinə toxunan politoloq bildirib ki, bu cür hadisələr münasibətlərimizin inkişafına mane ola bilər: “Türkiyə güclü və böyük dövlətdir. Gürcüstan ilə Türkiyə arasında çox yaxşı münasibətlər var. Gürcüstan, Azərbaycan və Türkiyə bir çox sahələrdə səmərəli əməkdaşlıq edir, çox mühüm layihələr həyata keçirirlər. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ona görə də Türkiyədə baş verənlər bizi də ciddi narahat edir. Biz istəmirik ki, dost və qonşu türk xalqı parçalansın, inkişafdan qalsın. Bu bizim də iqtisadi inkişafımıza ciddi maneədir”.

Politoloqun sözlərinə görə, Türkiyə güclü, çoxmillətli, çoxpartiyalı dövlətdir. Bu ölkənin tarixində hərbi çevrilişlər olub. Amma bu gün Türkiyə demokratik ənənələri olan, dünyada sözünü deyən, güclü dövlətdir: “Ola bilər ki, Türkiyənin güclü olması bəzi qüvvələri və dövlətləri qane etməsin və onların, qədim türk dövlətinin parçalanmasına çalışsınlar. Lakin türk xalqı buna imkan verməyəcək, necə ki, iki gün əvvəl hərbi çevrilişə, dövlətin güc yolu ilə dəyişdirilməsinə yox dedi”, - deyə, politoloq vurğulayıb.

Q.Konaşvili iyulun 17-də Ermənistanda baş vermiş qarşıdurma ilə Türkiyədəki hərbi çevrilişə cəhd arasında hər hansı bağlılığın olmadığını bildirib: “Ermənistan kiçik, öz müstəqil siyasəti olmayan bir dövlətdir. Bizim dövlətlərimizlə müqayisədə az inkişaf edib. Ermənistanda baş verən qarşıdurma çox kiçik miqyaslı və şəxsi ambisiyalara əsaslanan münaqişə idi. Ona görə də tez yatırıldı. Ermənistanda dövlət çevrilişi edə biləcək, hərbi və ya siyasi qüvvədə yoxdur.

Bundan başqa, Ermənistan həm də Rusiya və Qərb dövlətləri ilə eyni münasibətlər qurmağa çalışır. Bunun da nəticələri aydındır”.

Son xəbərlər

Orphus sistemi