Bakı. 28 iyun. REPORT.AZ/ Bütün müharibələr, münaqişələr və bu sayaq başqa problemlər gec-tez yoluna qoyulur.
Bununla bağlı tarixdən çoxsaylı örnəklər də göstərmək mümkündür. Heç şübhəsiz, bir-birini düşmən olaraq görən İsraillə İran İslam Respublikası arasında da münasibətlər yaxın zamanlarda öz məcrasına düşəcək.
Təbii ki, Türkiyə-Rusiya əlaqələrində yaranan soyuqluq da əbədi davam edə bilməzdi. Nəhayət, tərəflər arasında münasibətlərin bərpa ediləcəyi ilə bağlı ilkin işartılar görünməkdədir.
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozmuşdu. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq etmişdi. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirmişdi. Pilotlardan biri yaralanmış, biri isə hadisə yerində ölmüşdü. Türkiyə vətəndaşı Alparslan Çelik isə yaralı pilotu öldürməkdə şübhəli bilinir.
Bu hadisədən sonra bir-biri ilə müttəfiq sayılan Türkiyə ilə Rusiya arasında vəziyyət gərginləşdi.
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, "Su-24" pilotunun ölümünə görə başsağlığı verib, təyyarənin vurulmasından təəssüf hissi keçirdiyini ifadə edib.
Ərdoğan Putinə göndərdiyi məktubun məzmunu ilə bağlı bunları deyib: "Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki mənfi halın aradan qaldırılması üçün addım atdıq. Əminəm ki, Rusiya ilə münasibətləri bərpa etmək üçün göndərdiyim məktub ölkələrimizin xeyrinə olacaq. Mən həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik".
Türkiyənin baş naziri Binəli Yıldırım isə məktubla bağlı belə açıqlama verib: "Məktubun məzmunu aydındır. Biz öz təəssüfümüzü bildirdik. Hər iki ölkə münasibətlərin normallaşdırılmasını istəyir. Düşünürəm ki, işlər düzəlməyə doğru gedir".
B.Yıldırım Türkiyə prezidenti R.T.Ərdoğanın bu həftə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağını da istisna etməyib: "Bu böhran Türkiyə və Rusiya xalqları üçün xoş deyil. Bizim prezident ya çərşənbə günü, ya da cümə axşamı cənab Putin ilə telefon danışığı aparacaq".
Kreml də Türkiyə prezidentinin məktubu haqda məlumat yayıb və məktubda bu məsələlərin qeyd olunduğu vurğulanıb:
- Ərdoğan Rusiya hərbi təyyarəsinin vurulmasından təəssüfləndiyini yazıb;
- O, iki ölkə arasında münasibətlərin əvvəlki vəziyyətə qayıtması üçün əlindən gələni edəcəyinə söz verib;
- Türkiyənin bölgədə terrora qarşı mübarizədə Rusiya ilə birlikdə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb;
- Ərdoğan təyyarənin vurulmasından peşmanlıq və üzüntü duyduğunu bildirib;
- Türkiyə prezidenti hadisə nəticəsində ölən pilotun ailəsinin ağrı-acılarını səmimi qəlbdən hiss etdiyini ifadə edib;
- O, Rusiya pilotunu öldürməkdə ittiham olunan Türkiyə vətəndaşı haqda istintaqın başladıldığını diqqətə çatdırıb.
Ərdoğanın məktubu gözlənilməz deyil. Çünki bunun üçün rəsmi Ankara əvvəldən bir neçə addım atmışdı. Rusiyanın Milli Günündə Türkiyə prezidenti və baş nazirinin rusiyalı həmkarlarına məktublarını, Moskvanın Ankaradakı səfirinin prezidentin iftar süfrəsinə dəvət edilməsini, habelə münasibətlərin normallaşdırılması üçün Türkiyənin 9 addımdan ibarət sənəd hazırlamasını buna nümunə olaraq göstərmək olar.
"Yol xəritəsi" olaraq hazırlanan həmin sənədə əsasən, Türkiyə münasibətləri 2016-cı il dekabrın 15-dək əvvəlki səviyyədə bərpa etməyi planlaşdırır. Rəsmi Ankara Kremllə əlaqələrin bərpası prosesində vasitəçi ölkə istəmədiyini sənəddə qeyd edib. Türkiyə rəhbərliyi bu məsələdə İsraillə əlaqələrdə yaranmış durumun aradan qaldırılnası təcrübəsini əsas götürüb. Ankara hesab edir ki, vasitəçi olmasaydı Türkiyə-İsrail münasibətləri daha tez bərpa olunardı.
Türkiyənin bu addımı atması əsasən siyasi və iqtisadi amillə bağlıdır.
Qeyd edək ki, bir müddət əvvəl Ərdoğan ABŞ və Rusiya prezidentləri ilə münasibətlərin onu məyus etdiyini söyləmişdi. O, bir zamanlar Barak Obama ilə Amerika və Türkiyə arasında nümunəvi münasibətlər yaratmaq arzusunda olduqlarını, Putinlə müzakirələrdə Rusiya ilə ticarət əməkdaşlığını yeni səviyyəyə çatdırmaq istədiklərini xatırladıb."Təəssüf ki, ümidlərimiz doğrulmadı, iqtisadi sahədə əməkdaşlıq yaxşılaşmaq əvəzinə pisləşir, xarici siyasət sahəsindəki münasibətlərimiz də ürəkaçan səviyyədə deyil", - deyə Türkiyə lideri vurğulamışdı.
Bundan başqa, ABŞ-ın Türkiyədə pozuculuq fəaliyyəti ilə məşğul olan terrorçu PKK və onun Suriyadakı "PYD" və "YPG" kimi qollarını silahla təchiz etməsi, habelə Ərdoğana münasibətdə problemlərin olması da onu məyus edən amillərdən sayılır. Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun istefasına səbəb olan məsələlər də məyusluğun yaranması üçün arqumentlər sayıla bilər.
Türkiyəyə qarşı terror hücumlarının gücləndiyi, İraq və Suriyada döyüşlərin getdiyi, qaçqın axınının çoxaldığı bir vaxtda Almaniya parlamentində "erməni soyqırımı"nın tanınması haqqında qətnamənin qəbul edilməsi, ABŞ və Avropa dövlətlərinin Türkiyəyə terrorçu kürd qruplaşmaları ilə bağlı təzyiqləri artırması fonunda rəsmi Ankara perspektivdə təklənməyə doğru sürüklənir.
Bu təhlükəli təklənmə təhdidindən ehtiyatlanan Türkiyə hakimiyyəti Rusiya ilə münasibətlərin normallaşdırılmasına üstünlük verib.
Heç şübhəsiz, bu addım Rusiyanın da xeyrinədir. Bunun da əsasında Kremlin üzləşdiyi iqtisadi problem durur.
Düzdür, ruslar türklərin üzr istəməsində israr edirdi. Bunu İsrailin Türkiyədən üzr istəməsi ilə eyniləşdirirdilər. Ancaq bütün müqayisələrdə qüsur olduğundan bu da belə bir cəhətdən xali deyil.
İsrail Türkiyənin humanitar yardım aparan vətəndaşlarına silahlı basqın edib. Nəticədə Türkiyənin 9 dinc vətəndaşını öldürüb. Rusiyanın isə hərbi təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Fikrimizcə, əsas fərq də elə budur.
Nəhayət, Türkiyə-Rusiya münasibətlərinin bərpası perspektivdə əsas üzvlərindən birini - Britaniyanı itirən Avropa İttifaqının oyunlarının qarşısını ala bilər. Moskva-Ankara əlaqələrinin bərpası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ probleminin həllində Türkiyənin fəallığına müsbət təsir göstərəcək. Eyni zamanda, bu, Ankara-Moskva əlaqələrində problemlər yaranandan sonra bir sıra sosial-ticari çətinliklərlə üzləşən Azərbaycanın xeyli sayda vətəndaşının düşdüyü vəziyyətdən çıxmasına da təkan verəcək. Rusiya-Türkiyə razılaşmasının xüsusən də Türkiyə-Azərbaycan-Rusiya arasında ticarətlə məşğul olan azərbaycanlı iş adamlarının əvvəlki işlərini bərpa etməsinə şərait yaradacağını gözləmək olar.
Binəli Yıldırım Misirlə də münasibətləri normallaşdırmağı planlaşdırdıqlarını söyləyib. Görünür, rəsmi Ankara başqa maraqlara oynamağın ziyanını çəkdiyini görməkdədir.
Beləliklə, Türkiyənin yaxın zamanda İsrail, Rusiya, hətta Misirlə də daha geniş miqyasda əlaqələr quracağını ehtimal etmək olar.