Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə - ŞƏRH

Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə - ŞƏRH Əks halda, bölgədəki dövlətlərin sayının artması hərəkatı davam edəcək
Analitika
24 Avqust , 2017 14:17
Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə - ŞƏRH

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə və İranın qonşuluğunda yerləşən İraqın xəritəsinin ehtimal edilən dəyişdirilməsinə hazırlıq gedir. Bu hazırlıq həm də Ankara və Tehranın təbii narahatlığına səbəb olub. Çünki İraqın başına açılan oyun Türkiyə və İran üçün də oynanıla bilər.

Başqa sözlə, həmin dövlətlərin ərazisinin parçalanması, yaxud hər iki ölkədə muxtar bölgələrin yaranması təhlükəsi az deyil. Bu və digər səbəblər Ankara və Tehranı ortaq düşmənə qarşı birgə mübarizə aparmaq üçün zor-xoş müttəfiq olmağa vadar edir.

Yeri gəlmişkən, tarixən bu iki dövlətin bir-birindən uzaq salınması səbəbindən bölgəyə aidiyyəti olmayan güclər regionda söz sahibinə çevriliblər.

Bir neçə gündür Türkiyə və İranın terrorçu PKK qruplaşmasına qarşı birgə mübarizə aparacağı ilə bağlı xəbərlər yayılmaqda, mülahizələr irəli sürülməkdədir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqirinin Türkiyəyə səfərindən sonra bu məsələ mətbuatda daha çox müzakirə edilir. O, Türkiyədə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bir neçə gün əvvəl isə Türkiyə ilə İranın terrorçu PKK qruplaşmasına qarşı İraqın Sincar bölgəsində və Kandil dağında 3 fərqli plan üzrə birgə əməliyyat keçirməyi planlaşdırdığı haqqında informasiya yayılmışdı. Məlumata görə, M.Baqirinin Türkiyəyə səfəri zamanı bu plan müzakirə olunub. Əməliyyatı keçirməkdə məqsəd terrorçu PKK qruplaşmasını tamamilə məhv etməkdir.

İranlı generalın Ankaraya səfəri ilə başlayan 7 maddəlik müzakirələr sentyabrın 5-dək davam edəcək. Həmin müzakirələr çərçivəsində Türkiyənin təhlükəsizliyi təmin edilərsə, onda oktyabrda Kandildə əməliyyat başlayacaq. Əməliyyatın üç ay davam etməsi nəzərdə tutulub. 

Xəbərdə əməliyyatın üç mərhələli olmasının planlaşdırıldığı vurğulanmışdı. Əsasən 891 km uzunluğunda sərhədboyu ərazidə, quruda əməliyyat keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Bundan əlavə, plana PKK rəhbərliyinin məhv edilməsi, terrorçuların Suriyaya keçməsinin qarşısının alınması da daxil edilib. Məlumata görə, İran əməliyyata 42 min hərbçi cəlb etməyi planlaşdırır. 

Xatırladaq ki, M.Baqiri Ankarada başladıqları müzakirələri İranda davam etdirəcəklərini söyləyib.

Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın da İrana səfər edəcəyi gözlənilir. 

Ərdoğan avqustun 22-də İordaniya səfərindən dönərkən deyib: “İran “terrora qarşı birgə mübarizə aparaq” təklifinə münasibətdə həmrəylik göstərir. Hazırda PKK-nın İran qolu PJAK Tehranı narahat edir. İranla bəzi məsələlərdə anlaşılmazlıqlar olsa da, hazırda onlar da əməkdaşlıq etmək niyyətindədirlər. Bu mübarizəni biz Kandildə də, Sincarda da apara bilərik. Müzakirələr davam edir. Xarici işlər nazirləri, kəşfiyyat və başqa qurumların məsul şəxsləri görüşürlər”. 

Türkiyə rəsmiləri terrora, o cümlədən terrorçu PKK qruplaşmasına və onun bölgədəki qollarına qarşı mübarizə apardığını açıq-aşkar bəyan etsə də, İran məsələyə ehtiyatla yanaşır.  

İran İnqilab Keşikçiləri Qvardiyası ölkə xaricində Türkiyə ilə birlikdə heç bir hərbi əməliyyat planlaşdırmadıqlarını açıqlayıb: “İran sərhədləri xaricində genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırmır. Ancaq İraqın şimalında yuva salmış istənilən qruplaşma ölkəmizin sərhədlərində təhlükəsizliklə bağlı azacıq problem yaradarsa, onlara çox sərt və kəskin reaksiya veriləcək. Onların qollarının olduqları ərazilər də hədəfə alınacaq. Bununla belə, İraqın şimalında yerləşən terror qruplaşmaları son iki ildə İran torpaqlarında müəyyən pozuculuq fəaliyyətinə cəhd etsələr də, ciddi zərbələr alıblar. Onlar İranda heç bir uğura nail olmayıblar”.

Avqustun 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə İraqa səfər edib. O, Bağdadda iraqlı həmkarı İbrahim Cəfəri ilə terrorçu PKK və İŞİD qruplaşmalarına qarşı birgə mübarizəni, eləcə də İraqın şimalında kürd muxtariyyəti rəhbərliyinin sentyabrın 25-nə planlaşdırdıqları müstəqillik haqqında referendumla bağlı müzakirə aparıb. 

Diplomatlar bildirib ki, bu terrorçu qruplaşmalar Türkiyə və İraqın ortaq düşmənidir. Onlar terrorçulara qarşı birlikdə mübarizə aparacaqlarını vurğulayıblar. Türkiyəli diplomat ölkəsinin İraqın ərazi bütövlüyünü müdafiə etdiyini və referendumun keçirilməsinə qarşı olduqlarını da söyləyib. 

İraqın gələcəyi, terrorçuların bu ölkədə perspektivi və onlara qarşı bölgə dövlətlərinin birgə mübarizəsi müzakirə edildiyi şəraitdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyəyə rəsmi səfər edib.

Görüşlər çərçivəsində terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin fəaliyyəti, ABŞ-ın bu qruplaşmaya verdiyi dəstək, İraqın şimalında kürd muxtariyyətinin keçirmək niyyətində olduğu referendum və başqa məsələlər müzakirə olunub. 

ABŞ nümayəndə heyəti ilə keçirilən görüşlərdə bildirilib ki, Türkiyə cənub sərhədlərində yeni dövlətin və ya təsisatın yaradılmasına imkan verməyəcək. Bundan başqa C.Mettisə ABŞ-ın Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı istifadə üçün verdiyi silahların terrorçuların əlində olması barədə hesabat təqdim olunub.

ABŞ-ın müdafiə naziri Ceyms Mettis

Beləliklə, terrorçu PKK təkcə Türkiyənin deyil, həm də İran və İraqın da düşmənidir. Ancaq İranın PKK-ya qarşı açıq mübarizə aparmaq istəyini bildirməməsi bir qədər müəmmalıdır. Onda belə çıxır ki, rəsmi Tehran Türkiyənin mübarizəsi nəticəsində qaçan PKK terrorçularına ötən illərdə verdiyi dəstəyi dayandırmaq niyyətində deyil. Başqa sözlə, İran rəhbərliyi bu məsələdə mövqeyini açıq formada ortaya qoymamaqla və şəffaf davranmamaqla terrorçu PKK qruplaşması ilə gələcəkdə Türkiyəyə qarşı bazarlıq belə edə biləcəyinə dair ehtimalların yaranmasına rəvac verir. Bunu ötən illərdə baş verənlər də təsdiqləməkdədir. Çünki İran hakimiyyəti Səddam Hüseynə və Türkiyəyə PKK və ona oxşar silahlılar vasitəsilə təzyiq göstərib. Bu, mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan torpaqlarına kürdlərin yerləşdirilməsi və onların iddiasının dəstəklənməsi formasında davam edir. 

Odur ki, bölgə dövlətlərinin indi seçim vaxtıdır: onlar ya bir-birinin ərazi bütövlüyünə hörmət edib, bunu pozmağa cəhd göstərənlərə qarşı birgə mübarizə aparmalıdırlar, ya da hər üç dövlətin ərazi bütövlüyü pozulacaq.

Hələlik isə vəziyyət belədir: bu məsələdə Türkiyə daha qəti danışır və fəaliyyət göstərir. İraq hökuməti zəifdir və hakimiyyətdə PKK-nın ideyalarını daşıyanlar, referendumu dəstəkləyənlər var. Rəsmi Bağdad ərazi və dövlətin gələcəyi ilə bağlı yardıma böyük ehtiyacı olduğundan sərt mövqe tuta bilmir. İran isə bu məsələdə birlikdə fəaliyyət göstərməkdənsə, hələlik təkbaşına hərəkət etməyi üstün tutur.

Nəhayət qeyd edək ki, diqqətdən kənarda saxlanılması mümkün olmayan amillərdən biri də ABŞ və onun bölgədəki maraqlarıdır. Hadisələr onu göstərir ki, ABŞ İraqın və Suriyanın parçalanmasında az maraqlı deyil. Hətta kürdlərin referendum keçirmək istəyinin bu səviyyəyə gəlib çıxmasında belə amerikalıların rolu az olmayıb. Ona görə də Türkiyə, İran və İraqın ərazi bütövlüyü, mövcud siyasi xəritələrinin dəyişdirilməməsi ABŞ-dan da asılıdır. Deməli, Ankara, Bağdad və Tehrana xarici maraqlara qarşı birgə müqavimət göstərmək su və hava kimi vacibdir. Əks halda, bölgədəki dövlətlərin sayının artması hərəkatı davam edəcək.

Son xəbərlər

Orphus sistemi