Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən Naxçıvana, oradan da Türkiyəyə qədər uzanacaq dəmir yolunun tikintisi Azərbaycanın və bütövlükdə bölgənin dayanıqlı iqtisadi inkişafına xidmət edən bir layihə kimi dəyərləndirilməlidir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uzun illər ərzində Azərbaycan faktiki olaraq Naxçıvan və Türkiyə ilə quru sərhədə malik olmadığı üçün Muxtar Respublika ilə əlaqələrimizi hava nəqliyyatı vasitəsilə reallaşdıra bilirdik: “Həm də Azərbaycanın Türkiyə ilə böyük hissəsinin quru əlaqəsi yox idi. Bütün bunlar eyni zamanda həm də Azərbaycanın Avropa bazarlarına çıxışı nöqteyi-nəzərdən problemlərin yaradılmasına şərait formalaşdırırdı. Azərbaycanın Avropa bazarlarına çıxışı yalnız Gürcüstan üzərindən idi ki, bu da müəyyən mənada iqtisadi asıllığın böyüməsinə şərait yaradırdı”.
Ekspert deyir ki, hətta hər hansı yaxın və xoş münasibətdə olduğumuz qonşu ölkələrlə belə iqtisadi münasibətləri qurarkən həddən artıq asılılıq müəyyən problemlərə səbəb ola bilər: “Onların şərtlərinin həmin ölkələr üçün daha məqbul olmasına şərait yarada bilər. Bu da iqtisadi cəhətdən problemlərin yaranmasına gətirib çıxara bilər. Bunun üçün də biz xarici bazarlara çıxışımızı şaxələndiririk. Eyni zamanda Naxçıvanın Azərbaycan iqtisadi sisteminə daha sıx inteqrasiyası təmin ediləcək ki, bu da olduqca önəmlidir”.
Regionda sülh və əmin-amanlıq olacaq
E. Məmmədov deyir ki, Azərbaycan regional iqtisadi əməkdaşlığa prioritet kimi yanaşmalıdır: “Dünyada gedən proseslər onu göstərir ki, qloballaşma tənəzzülə uğrayır və regional əməkdaşlıq ön plana çıxır. Belə olan halda, Azərbaycan Rusiya ilə Türkiyə, eyni zamanda Rusiya ilə İran arasında bir tərəfdən tranzit, digər tərəfdən açar dövlət kimi formalaşa bilər. Bu, Azərbaycanın xarici iqtisadi münasibətlərində olduqca böyük bir üstünlük yarada bilər. Bu ölkələr arasında ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlıq dərinləşir və Azərbaycanın Cənubi Qafqazda bu ölkələrin bir-biri ilə iqtisadi əməkdaşlıqlarının dərinləşməsi nöqteyi-nəzərindən açar bir dövlət kimi çıxış etməsi Azərbaycanın mövqelərini gücləndirəcək”.
Professor hesab edir ki, Naxçıvana Ermənistan üzərindən dəhlizin açılması 3-5, hətta 10 illik deyil, uzunmüddətli dayanıqlı iqtisadi, humanitar, sosial və siyasi əlaqələrin dərinləşməsidir: “10 noyabrda hər üç ölkə başçısının (Azərbaycan, Rusiya və Ermənistan) imzaladıqları bəyənnamənin uzunmüddətli regional dayanıqlı inkişafa xidmət etməsinin göstəricisidr. Hesab edirəm ki, bu bəyənnamə ilə Azərbaycan bununla hətta Ermənistanın belə bölgədə baş verən iqtisadi proseslərə məcburən qoşulmasının qaçılmazlığını təmin etdi. Bölgədəki iqtisadi inteqrasiyadan və iqtisadi inkişaf proseslərindən kənarda qalan dövlət iqtisadi cəhətdən iflasa məhkumdur. Regional iqtisadi layihələrdə iştirak etməyən dövlətlər böhranla üzləməli olurlar. Bütün bu proseslər bölgədə yerləşən ölkələrin iqtisadi cəhətdən inkişafına xidmət göstərməlidir. Digər tərəfdən iqtisadi əməkdaşlıq siyasi problemlərin ön plandan çəkilməsinə və bundan sonra da bölgənin sülh və əmin-amanlıq bölgəsinə çevrilməsinə şərait yaratmalıdır. Hesab edirəm ki, Azərbaycanın Naxçıvanla quru əlaqələrinin yaradılması bölgədə sülh və əmin-amanlığın, eyni zamanda iqtisadi inkişaf üçün fundamental baza yaratmalıdır”.
Bakı-Tbilisi-Qarsın hegemon statusu aradan qaldırılacaq?
Bu layihənin həyata keçməsindən sonra Bakı-Tiflis-Qars dəmir yolunun aqibətinə aydınlıq gətirən ekspert hesab edir ki, Azərbaycan tərəfi bir reallığı dərk etməlidir ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması həyata keçirilərkən dünyada və bölgədə real geosiyasi və iqtisadi vəziyyət başqa idi.
Onun sözlərinə görə, açıq etiraf etmək lazımdır ki, o zaman Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru nəqliyyat əlaqəsinin yaradılması üçün yaxın onilliklər üçün belə çox da real görünmürdü: “Təbii ki, biz Türkiyə ilə ixracat nöqteyi-nəzərindən iqtisadi əlaqələrimizi nəzərdən keçirərkən Avropa bazarlarını nəzərdə tutmalıyıq. O zaman da Azərbaycanın Gürcüstan üzərindən, Avropa bazarlarına çıxış dəhlizi ancaq Rusiya vasitəsilə idi. Bizim Avropa bazarlarına başqa çıxış imkanlarımız yox idi”.
E. Məmmədov deyir ki, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması da ixrac bazarlarına çıxış əldə etmək üçün idi: “Hesab edirəm ki, bu gün Azərbaycanın Türkiyəyə Ermənistan və Naxçıvan üzərindən dəhlizin açılması ilə şübhəsiz ki, Bakı-Tbilisi-Qarsın hegemon statusu aradan qaldırılacaq. Hətta o zaman da ölkə rəsmiləri deyirdi ki, əgər Ermənistan konstruktiv mövqe tutmuş olsaydı, Azərbaycan üçün ixracın ən münbit yolu Ermənistan üzərindən idi. Çünki, Azərbaycan bununla da Naxçıvana quru çıxış əldə edirdi, həm də Türkiyəyə çıxışı olacaqdı. Ancaq Ermənistan öz destruktiv və təxribatçı mövqeyi ilə 30 il ərzində bu imkanı yaratmadı”.
UNEC rəsmisi deyir ki, ancaq bu gün dünyada və bölgədə vəziyyət dəyişib: “Təbii ki, belə olan halda bu o demək deyil ki, Bakı-Tbilisi-Qars Azərbaycana lazım olmayacaq. Bu layihəyə milyardlarla dollar investisiya qoyulub. Azərbaycan bu dəmir yolunun inkişafı üçün yenə də çalışmalıdır. Bu gün bu yolla Azərbaycan ikinci ixrac kəməri əldə etmiş olub. Bu, həm də Bakı-Tbilisi-Qars layihəsinin prioritetliyini və hegemonluğunun tam şəkildə aradan qaldırmayacaq”.
Ancaq ekspert deyir ki, bununla belə etiraf etməliyik ki, Bakı-Tbilisi-Qarsa rəqib və daha iqtisadi cəhətdən sərfəli və rentabelli bir nəqliyyat xətti açılacaq: “Düşünürəm ki, bu, ölkəmizin dövriyyəsinin artırmaq üçün Azərbaycan hökumətini stimullaşdırmalıdır. Bu layihə bizim ixrac imkanlarınmızı artırmağa imkan verəcək siyasətini buna doğru istiqamətləndirilməlidir”.