Transxəzər layihəsi aktuallaşır - RƏY

Transxəzər layihəsi aktuallaşır - RƏY Avropaya daha çox qazın ixrac edilməsi Azərbaycanın gəlirlərini artıracaq
Analitika
14 Yanvar , 2016 16:42
Transxəzər layihəsi aktuallaşır - RƏY

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın “Qazprom” şirkətinin Türkmənistan qazından imtina etməsi gözlənilən idi. Çünki neft və qaz bazarı getdikcə daralır. Rusiyanın öz qazını satmaq üçün bazar axtardığı bir vaxtda idxal etdiyi Türkmənistan qazını hara və neçəyə satacağı “Qazprom”un baş ağrısına çevrilmişdi.

Rusiya 1990-cı illərin sonunda Türkmənistan qazının tamamına iddialı idi. O illərdə “Qazprom” şirkəti Türkmənistandan hətta 70-80 milyard kubmetr qaz ala biləcəyini açıqlayırdı. Ancaq daha sonra 50-55 milyard kubmetrlə kifayətləndi. Zaman keçdikcə bəlli oldu ki, “Qazprom” şirkəti heç bu qədər qazı da almaq iqtidarında deyil.

Məsələ burasında idi ki, “Qazprom” şirkəti Türkmənistandan qazı alıb Avropaya satmalıdır. “Qazprom”un məqsədi isə qazı Türkmənistandan ucuz alıb Avropaya baha satmaqdır. Ancaq zaman keçdikcə “Qazprom” iki maneə ilə üzləşdi.

Birinci maneə odur ki, “Qazprom” özü də Rusiya ərazisində kifayət qədər qaz tədarük edir və istehsal edilən “mavi yanacaq” üçün xarici bazar tapmalıdır. Avropa isə Rusiyadan hazırkı miqyasdan daha çox qaz almağa o qədər də maraq göstərmir. Avropa Birliyinin yeni strategiyası köhnə qitəni Rusiyanın qaz asılığından qurtarmaqdır. Belə olan halda Rusiya ancaq öz qazı haqqında düşünmək məcburiyyətindədir.

İkinci maneə odur ki, Türkmənistan “Qazprom”un ucuz qiymətlərindən narazı idi və qiymətlərə yenidən baxılmasını tələb edirdi. “Qazprom” isə 2000-ci illərin ortalarında dünyanı və Rusiyanı bürüyən ağır iqtisadi böhran illərində Türkmənistandan aldığı qazın qiymətinin qaldırılmasında maraqlı deyildi.

Belə bir vaxtda Türkmənistanla Rusiyanı birləşdirən qaz boru xəttində müəmamalı partlayış baş verdi və bir neçə ay iki ölkə arasında qazın idxal-ixrac əməliyyatı dayandı. Bu, Rusiyanın xeyrinə idi. Çünki Rusiya bir müddət Türkmənistan qazından qurtulmuşdu, əlavə pul xərcləməyə və yeni bazar tapmağa ehtiyac yox idi.

Hadisələrin bu istiqamətdə inkişafı Türkmənistan hakimiyyətini öz qazı üçün alternativ bazarlar axtarmağa məcbur etdi. Rəsmi Aşqabad anladı ki, yalnız Rusiyadan asılı olmaq Türkmənistanı gəlirlərdən məhrum edir. Ona görə də rəsmi Aşqabad Çinlə razılaşdı və bu böyük bazara yol tapdı.

Aşqabad növbəti mərhələdə Hindistan bazarını hədəf seçdi və bu məqsədlə yeni saziş imzalandı. Bu sazişə görə, Türkmənistandan başlayan boru xətti Əfqanıstan və Pakistandan keçməklə Hindistana çatmalıdır. Boru xəttinin uzunluğu 1 800 kilometrdir. Ancaq hazırkı geosiyasi şərtlər daxilində bu layihənin reallaşması asan görünmür. Birincisi, Əfqanıstan hakimiyyəti ərazinin tamamına nəzarət etmir, "Taliban" qruplaşması boru xəttinin çəkilişinə mane ola bilər. İkincisi, Əqfanıstanın dağlıq ərazisi boru xəttinin çəkilişində ciddİ maneələr yaradacaq. Üçüncüsü, Pakistanla Hindistan arasında münasibətlər hamar deyil.

Buna baxmayaraq, Türkmənistanın yeni bazarlar axtarışı təqdirəlayiqdir. Rəsmi Aşqabadın əsas hədəflərindən biri də Avropa bazarına çıxış əldə etməkdir. Bunda bir çox dövlət - Avropa Birliyi ölkələri, ABŞ, Türkiyə və Azərbaycan maraqlıdır. Türkmənistan qazının Avropaya çatdırılması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Başqa sözlə, illərdir haqqında çox danışılan Transxəzər layihəsi reallaşmalıdır.

Rusiyanın Türkmənistandan qaz alışını dayandırmasından sonra Transxəzər layihəsi yenidən aktuallaşıb. Moskvanın bu layihəni əngəlləməsi də əvvəlki illərdən fərqli olaraq çətindir. Aşqabadın indiki halda arqumenti bundan ibarət ola bilər: “Siz (oxu: Rusiya) məndən qaz almırsınızsa, mən bu qazı harasa satmalıyam və mən sizə sata bilmədiyim “mavi yanacağı” Avropaya satmaq istəyirəm”.

Transxəzər layihəsinin reallaşması üçün Türkmənistana və Azərbaycana Avropa Birliyinin dəstəyini artırması vacibdir. Əgər Brüssel Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasını istəyirsə, Rusiyanın təzyiqlərini neytrallaşdırmaq barədə düşünməlidir.

Türkmənistan qazının Avropaya çatdırılması Azərbaycan üçün də iki baxımdan vacibdir.

Birincisi, bu Azərbaycanın bölgədəki geosiyası ağırlığını artıracaq;

İkincisi, TANAP və TAP boru xətləri ilə Avropaya daha çox qazın ixrac edilməsi Azərbaycanın gəlirlərini artıracaq.

Elxan Şahinoğlu, xüsusi olaraq “Report” üçün.

Son xəbərlər

Orphus sistemi