Yuxarı
    Bağlamaq

    Trampın Səudiyyə Ərəbistanına səfəri - yaranmayan “müsəlman NATO-su" - ŞƏRH

    Bu tədbirdə isə 55 dövlətin prezidentləri, hökumət başçıları və digər rəsmi şəxslər iştirak ediblər

    Bakı. 22 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ilk səfərini Səudiyyə Ərəbistanına etməklə sələflərinin ənənəsini pozub. ABŞ-da prezidentlər, adətən, ilk səfərlərini ya Kanadaya, ya da Meksikaya edirlər.

    Trampın Səudiyyə Ərəbistanı Krallığına ilk səfəri bu dövlətin ABŞ üçün əhəmiyyətinin göstəricisi sayıla bilər. Qeyd edək ki, ABŞ prezidenti mayın 20-21-də Səudiyyə Ərəbistanında olub. Mayın 22-23-də isə İsraildə səfərdə olacaq. O, yəhudi dövlətinin hökumət başçısı Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla görüşəcək.

    Tramp mayın 24-də Roma Papası Fransisklə görüşmək üçün Vatikana, oradan isə mayın 25-də NATO-nun sammitində iştirak etmək məqsədi ilə Brüsselə yollanacaq. O, mayın 26-da isə Siciliya şəhərində “Böyük 7”liyin (“G7”) zirvə toplantısına qatılmaq üçün İtaliyaya gedəcək.

    Heç şübhəsiz, bu görüşlərin hamısında terrorçuluğa qarşı mübarizə, Suriyadakı mövcud vəziyyət və bu ölkənin gələcəyi, terrorçu İŞİD-ə qarşı mübarizədə koalisiyanın rolunun artırılması və beynəlxalq ictimaiyyəti maraqlandıran digər məsələlərin müzakirə olunacağı gözlənilir. D.Trampın Səudiyyə Ərəbistanı və İsrailə səfərində müzakirə olunan əsas mövzulardan biri isə Yaxın Şərqdə həll edilməsi düyünə düşən Fələstin-İsrail münaqişəsi olub.

    ABŞ liderinin ilk rəsmi səfər turnesində müzakirə olunan və olunacaq məsələlərin hamısında Səudiyyə Ərəbistanı bu və başqa şəkildə iştirak etməkdədir. Bu baxımdan onun krallığa səfəri təsadüfi sayıla bilməz.

    Beynəlxalq arenadakı vəziyyət və əhəmiyyət baxımından Kanada və ya Meksikaya ilk rəsmi səfərin edilməsi elə də aktual sayıla bilməz. Əgər Tramp həmin ölkələrdən birinə səfər etsəydi, bu sıradan, ənənəvi protokol xatirinə edilən ilk rəsmi ziyarət olaraq reallaşacaqdı.

    Səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə ABŞ arasında silah alqı-satqısına dair 110 milyard dollarlıq müqavilə imzalanıb. Bu məbləğin təkcə 6 milyard dollarına krallıq ABŞ-dan 150 “Black Hawk” helikopteri alacaq. Bundan başqa, müqavilədə tank, artilleriya qurğuları, raket əleyhinə “Patriot” və “THAAD” komplekslərinin də idxalı nəzərdə tutulub.

    Eyni zamanda, 250 milyard dollarlıq qarşılıqlı sərmayəyə dair müqavilə də imzalanıb.

    Qeyd edək ki, yüksək dəqiqlikli silahların Yəmənin dinc əhalisinə tətbiq ediləcəyindən ehtiyatlanan ABŞ-ın keçmiş prezidenti Barak Obama onların Ər-Riyada verilməsini dondurmuşdu. Ancaq yeni müqavilə bu sayaq məhdudiyyəti aradan qaldırır.

    Krallığa səfər edən ABŞ rəsmilərinin çıxışlarında vurduqları eyham da səfərin mahiyyətinin açılmasına yardım edir. D.Tramp müsəlman dövlətlərini ekstremizm və terrorçuluğa qarşı mübarizənin yükünün bir hissəsini üzərlərinə götürməyə çağırıb: “Yaxın Şərq xalqları düşmənə qalib gəlmək üçün ABŞ-ın yardımını gözləyə bilmirlər”.

    Dövlət katibi Reks Tillerson isə bildirib: “Möhkəm iqtisadiyyat bölgədə təhlükəsizlik sahəsində davamlı əməkdaşlığın əsasıdır”.

    Krallıq həm də ABŞ-ın neft idxalı üzrə əsas tərəfkeşlərindən sayılır. Ötən il ABŞ Səudiyyə Ərəbistanından 20,9 milyard dollarlıq neft ixrac edib. Bu göstərici ilə ABŞ Çindən sonra ikinci yerdədir.

    2001-ci il sentyabrın 11-də törədilən terror hücumunu həyata keçirən 19 terrorçudan 15-i Səudiyyə Ərəbistanı əsilli olub. Bu məsələ ilə bağlı iki ölkə arasında da münasibət gərginləşmişdi. 2013-cü ildə ABŞ-la İran arasındakı münasibətlərdə yaranan istilikdən Səudiyyə Ərəbistanı qıcıqlanmışdı.

    Səfər bu iki məsələdə yaranan narazılığın da aradan qalxmasına yardım edib.

    Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib.

    Görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkənin yüksək çinli rəsmisi qatılıb. İran isə sammitə dəvət olunmayıb.

    Ərəb-İslam-Amerika sammitində D.Tramp bütün ölkələri İranı təcrid vəziyyətində saxlamağa çağırıb. O, ilk növbədə ekstremizmlə mübarizənin vacibliyini vurğulayıb. ABŞ prezidenti bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini söyləyib. 

    Qeyd edək ki, sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb.

    Trampın Yaxın Şərqə səfərinin nəticəsi olaraq “müsəlman NATO-su"nun yaranacağını ehtimal edilirdi. 

    Xatırladaq ki, 2015-ci ilin dekabrında müsəlman dövlətlərin terrorçuluğa qarşı mübarizə ittifaqının yarandığı elan edilmişdi. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Pakistan, İordaniya, Tunis, Qətər, Liviya, Mali, Mərakeş, Somali, Sierra Leona, Sudan, Komor adaları, Mavritaniya, Niger, Nigeriya, Yəmən, Qabon, Maldiv adaları, Qvineya, Fələstin, Çad, Toqo, Cibuti, Seneqal, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Banqladeş, Benin, Livan və Küveyt daxil idi.

    Türkiyə terrorçuluğa qarşı mübarizə aparacaq qüvvələrə hərbi təlimlər verməyə hazır olduğunu, Malayziya hakimiyyəti isə terrorçuluğa qarşı mübarizəni dəstəkləyəcəklərini, ancaq hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirmişdi. İttifaqın yaranmasının təşəbbüskarı Səudiyyə Ərəbistanı idi.

    Qeyd edək ki, terrorçu İŞİD-ə qarşı beynəlxalq koalisiyaya 65 dövlət daxildir. Bu ittifaqdakı dövlətlər eyni zamanda həmin koalisiyanın üzvləridir.

    Ancaq səfər zamanı D.Tramp terrora qarşı mübarizə üzrə rəqəmsal mərkəzin açılışına qatılıb. Bununla da “müsəlman NATO-su" təsis edilməyib, mərkəzin açılşı olub. Bu tədbirdə isə 55 dövlətin prezidentləri, hökumət başçıları və digər rəsmi şəxslər iştirak ediblər.

    Beləliklə, Trampın krallığa səfəri bir neçə məqama aydınlıq gətirdi.

    Ağ evin yeni administrasiyası Orta Şərqdə güc mərkəzi olaraq Səudiyyə Ərəbistanını seçib və krallıq 1940-cı illərdən ABŞ-ın bölgədə əsas strateji müttəfiqi olaraq qalır. Səfərdən və keçirilən görüşlərin formatından belə qənaətə gəlmək olar ki, İsrail-Fələstin münaqişəsinin həllində rəsmi Vaşinqton “qızıl orta” xətti tapmaq cəhdlərini 70 ildir davam etdirir.

    Məsələ ilə ciddi məşğul olanlara aydındır ki, Yaxın və Orta Şərqdə baş verən hadisələrin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu məsələdə aydın iki xətt var - biri İslam adı altında yaradılan qruplar, o biri isə bunlara qarşı savaşan dövlətlər. Bu müharibədə birinci tərəf öz iddia və hikkələrinə görə parçalanır və bölünür. Bunun nəticəsində isə İraq, Suriya kimi dövlətlərin məhv olması və ya parçalanması ehtimalı artır.

    ABŞ prezidenti sammitdəki çıxışında müsəlman dövlətlərini belə qruplaşmalara qarşı mübarizədə birgə olmağa çağırıb.

    Trampın bölgədəki çıxışından o da aydın oldu ki, ABŞ-ın İrandakı hakimiyyətə qarşı yürütdüyü siyasət 38 ildir dəyişməyib və dəyişəcəyi də gözlənilmir. Başqa sözlə, rəsmi Tehranı yeni təzyiqlər və sanksiyalar gözləyə bilər. ABŞ-İran münasibətlərində yaranan yeni gərginlik, heç şübhəsiz, Azərbaycan Respublikası başda olmaqla, Cənubi Qafqaza da təsir edəcək. Bu, Moskva ilə Vaşinqton arasında seçimdə yeni problemlərin yaranacağı ehtimalını artırır. Hadisələrin belə inkişafı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad olunmasının daha bir müddətə ləngiməsinə səbəb ola bilər.

    Qeyd edək ki, dünya müsəlmanlarının müqəddəs şəhərləri Məkkə və Mədinə Səudiyyə Ərəbistanındadır. Hər il bu şəhərlər milyonlarla insan ziyarətə gedir. Ancaq təəssüf ki, birlikdə edilən bu ziyarət müsəlman dövlətlərinin taleyüklü məsələlərində görünmür. ABŞ prezidenti səfəri və çıxışı ilə bu birliyin yaranmasının zəruriliyini sübut etdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi