Tehranın yada salmaq istəmədiyi soyqırımı - ŞƏRH

Tehranın yada salmaq istəmədiyi soyqırımı - ŞƏRH Güneyli-quzeyli azərbaycanlıları ermənilərin və havadarlarının soyqırımına məruz qoymasından 105 il ötür.
Analitika
30 Mart , 2023 13:27
Tehranın yada salmaq istəmədiyi soyqırımı - ŞƏRH

Güneyli-quzeyli azərbaycanlıları ermənilərin və havadarlarının soyqırımına məruz qoymasından 105 il ötür.

Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Bu, ermənilərin güneyli-quzeyli azərbaycanlılara qarşı törətdiyi soyqırımının ümumiləşdirilmiş tarixidir. Ermənilər havadarlarının yardımı və dəstəyi ilə yüz ildən artıqdır azərbaycanlılara qarşı soyqırımı həyata keçirirlər.

1918-ci ilin martında kütləvi qırğınlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə qeydə alınıb.

Soyqırımı nəticəsində onminlərlə azərbaycanlı qətlə yetirilib, daha onminlərlə insan itkin düşüb.

Yeri gəlmişkən, Birinci Dünya müharibəsindən əvvəl Bakının təxminən 200 000 əhalisi olub.

Erməni daşnaklarının liderlərindən biri olan Stepan Şaumyan sonralar etiraf edirdi ki, Hərbi İnqilab Komitəsi Qafqaz ordusunun qüvvələrini birləşdirərək yaxşı silahlanmış 6 000 nəfərlik dəstələr təşkil etmişdi.

O qeyd edirdi ki, milli xarakterli qırğınlara bilərəkdən imkan yaradırmışlar. Həmin vaxt S.Şaumyan və bolşeviklər sinfi mübarizə adı altında azərbaycanlılar qarşı soyqırımı törədiblər. Sovet dövründə kommunistlər onun adını əbədiləşdirmək üçün Xankəndinin adını dəyişdirmişdilər.

SSRİ dövründə və ondan sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklərindən əl çəkmədilər. 1987-ci ildə azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən dədə-baba yurdlarından didərgin salındılar.

Erməni quldurları Birinci Qarabağ müharibəsində Azərbaycanın Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və s. yaşayış məntəqələrində soyqırımlar törədiblər.

1941-1945-ci illərdə Cənubi Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində həmin hadisələrə toxunaraq yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaraylarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.

Mart qırğını Güney Azərbaycanın Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə, azərbaycanlılara hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanəti ilə şəhər sakinləri tərk-silah edildiyindən ermənilərə müqavimət göstərə bilməmişdilər.

Məşhur tarixçi Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxivlərində saxlanılan materiallara əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, İlaxır çərşənbə günü erməni-daşnak və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında bu, “Urmu bəlası” olaraq yad edilir.

Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birləşmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə xaricin dəstəyi ilə silahlandırılmışdı. Məsələn, birləşmiş koalisiya qüvvələrin 30 minlik ordusunda rus və fransız zabitləri xidmət edirdi. Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı. Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər... Bu soyqırımı təkcə Urmiyada deyil, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində, Muğanda da törədilib. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı ermənilər havadarlarının yardımı ilə Güney Azərbaycanda 200 minə yaxın Azərbaycan türkünü qətlə yetirdiyinə dair tarixi faktlar var.

1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyi ilə Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmasa da ermənilərin vəhşiliklərinin qarşısı alınmışdı.

Ermənilərin İranda müsəlman azərbaycanlılara qarşı törətdikləri soyqırımından 105 il ötsə də Tehran hakimiyyəti indiyədək bu hadisəni yada salmayıb. Həmin cinayətləri araşdıranlar daim təqiblərə məruz qalıblar. İrandakı rejim ermənilərin uydurduqları saxta soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə də bir qayda olaraq şərait yaradıb. Əvvəllər İran hakimiyyəti bunu müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışırdı. Ancaq son illər baş verənlər Ermənistanı bütün istiqamətlərdə müdafiə edən Tehran rejiminin maskasını yırtdı. Həmin hadisələrdən sonra İranda qacarların hakimiyyəti devrildi. Onları panfarsizm ideologiyasının daşıyıcıları əvəzlədi. Hazırda İranda hakimiyyətdə olanlar onların davamçılarıdır. Ona görə də 105 il əvvəl törədilən soyqırımını gizlədirlər. Tehran rejimi bununla türklərə qarşı düşmənliklərini, ermənilərə isə sevgilərini göstərir.

Son xəbərlər

Orphus sistemi