Bakı. 8 sentyabr. REPORT.AZ/ Sentyabrın 7-də keçirilən Tehran sammitində Türkiyə, Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə etdilər.
Sammitdə Suriyanın ərazi bütövlüyü, ölkədə terrorçuluğa qarşı birgə mübarizənin vacibliyinə ortaq mövqe nümayiş etdirildi. Ancaq görüşdən əvvəl Rusiyanın Suriyanın İdlib bölgəsini bombalaması, Bəşşar Əsədə bağlı silahlıların bu bölgəni top atəşinə tutması ölkədə vəziyyətin yaxın zamanda düzəlməyəcəyindən xəbər verir. Keçirilən hərbi əməliyyatlar nəticəsində bölgədəki mülki şəxslər arasında ölənlər və yaralananlar olub.
Rusiya İdlibi bombalaması barədə rəsmi xəbəri bir gün sonra yaydı. Həmin gün isə ABŞ prezidenti Donald Tramp İdliblə bağlı açıqlama verdi: “Yaranmış vəziyyət çox kədərləndiricidir. Ehtiyatlı və diqqətli olacaqlarını ehtimal edirəm. Əgər qan axıdılarsa, onda bu vəziyyət dünyanı, eləcə də ABŞ-ı çox qəzəbləndirəcək. Bəşşar Əsəd rejimi İdlibə düşünülmədən hücum etməməlidir. Rusiyalılar və iranlılar ehtimal olunan insanlıq faciəsində iştirak etməklə nəticəsi pis olacaq humanitar səhv edirlər. Bu əməliyyat nəticəsində yüz minlərlə insan ölə bilər. Bu isə yolverilməzdir”.
ABŞ prezidenti həmçinin vurğulayıb ki, Suriyanın İdlib bölgəsinə mümkün kimyəvi silahlı hücum cavabsız qalmayacaq.
Tehran görüşündən bir gün əvvəl isə ABŞ-ın Suriya məsələlər üzrə xüsusi təmsilçisi Ceyms Cefri Suriyanın İdlib bölgəsi ilə bağlı açıqlamasında vurğulayıb ki, İdlibdə kimyəvi silah tətbiq ediləcəyi istiqamətində hazırlıq işlərinin görüldüyünə dair dəlillər var. D.Tramp isə İdlibə kimyəvi silahlı hücumun cavabsız qalmayacağını bildirmişdi. Sentyabrın 6-da Fransa Silahlı Qüvvələri Baş Qərargahının rəisi François Lekontre də İdlib bölgəsində kimyəvi silah tətbiq ediləcəyi təqdirdə, ölkəsinin Suriyanı bombalayacağını vurğulamışdı.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də İdlibdə keçiriləcək hərbi əməliyyatın acı nəticələr verəcəyini qeyd etmişdi.
Rusiya İdlibi bombalamzdan əvvəl isə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayaraq Türkiyə-Rusiya işçi qrupları arasında Suriyadakı hadisələr və regional təhlükəsizlik məsələlərinin sonuncu dəfə müzakirəsinin avqustun 31-dən sentyabrın 4-dək Ankarada keçirildiyini vurğulayıb. Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Suriyanın şimalındakı vəziyyət barədə Ankaranı məlumatlandırdıqlarını deyib.
Suriya məsələsində Türkiyənin narahat edən əsas məsələlərdən biri də qaçqınların sayının artacağıdır. Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər. Rəcəb Tayyib Ərdoğanın qaçqın qəbul edə bilməmələri bu istiqamətdə narahatlığı təsdiqləyən amillərdəndir.
Rəsmi Ankara Suriya ərazisində terrorçu PKK qruplaşmasının qolları YPG və PYD-nin fəaliyyətindən və onlarla Rusiyanın, ABŞ-ın, habelə Bəşşar Əsəd rejiminin əməkdaşlığından narazılığını gizlətmir. Türkiyə Suriyada yeni bir inzibati idarəetmə quruluşunun yaranmasına qarşı çıxış edir, həmçinin İdlib məsələsinin hərbi yolla həllini Suriya üçün fəlakət olacağını bildirir.
2017-ci aprelin 4-də İdlibdə baş verənlər bunu təsdiqləyir. Həmin tarixdə Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin Xan Şeyxun şəhərinə endirdiyi hava zərbələri nəticəsində 27-si uşaq olmaqla, 100-ə yaxın insan öldü, 300-dən çox insan yaralanmışdı. Onda Əsəd rejiminin tərkibində xlor qazı olan kimyəvi silahdan istifadə etdiyi haqqında məlumatlar yayılmışdı. Həmin vaxt Donald Tramp Xan Şeyxun hadisəsindən sonra çox sarsıldığını bildirmişdi: “Bu hadisə Suriya və Əsədə münasibətimi kəskin dəyişdirdi”.
2017-ci il aprelin 7-də səhər saatlarında ABŞ-ın Aralıq dənizindəki gəmilərindən "Tomahawk" tipli 59 raket B.Əsədin Humus əyalətindəki Şaryat hərbi hava bazasına buraxılmışdı. Şaryat bazası Livanın Hizbullah hərəkatının və iranyönlü silahlıların yerləşdiyi ərazi sayılır. Həmin əməliyyat nəticəsində Bəşşar Əsədə bağlı silahlı qüvvələrin xeyli sayda hərbi texnikasının məhv edildiyi və insan təlafatının olması barədə məlumat verilmişdi.
Üçlərin son görüşündən əvvəl İdlibdə oxşar mənzərə yaranıb. Rusiya və Bəşşar Əsəd bu bölgəni bombalayır. Kimyəvi silahdan istifadə edilməsi təhlükəsi yaranıb. Mülki şəxslər arasında çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. Rusiya bu sayaq görüşləri keçirmək və Suriyada hərbi əməliyyatlarda açıq-aşkar iştirak etdiyini bildirməklə bölgədə maraqlarının təmin olunmasına çalışır, eləcə də ABŞ başda olmaqla qərbə hərbi-siyasi varlığını, gücünü nümayiş etdirir.
Sanki Suriyada mövcud olmaq İranın çoxdankı arzusu imiş. O, bu yolla İsrailə zərbələr endirmək kimi əlavə imkanlar qazanır.
İdlib bölgəsi B.Əsəd ordusunun əlinə keçərsə, Rusiya və İran Suriyada, o cümlədən Yaxın Şərqdə geosiyasi mövqeyini xeyli möhkəmləndirəcək. İdlibin ələ keçirilməsi Əsəd rejiminin qələbəsini təmin edə biləcək başlıca amillərdən sayılır. Bu həm də Suriyanın birləşdirən İdlib-Hələb yolunun Rusiya və İranın nəzarətinə keçməsi deməkdir. Belə bir hal isə ABŞ, İsrail və Səudiyyə Ərəbistanını qane etmir.
Yeri gəlmişkən, İdlibin 3 milyondan artıq sakini var. Bölgə hazırda “Əl-Qaida” terror təşkilatına bağlı olan “Heyət Tahrir əl-Şam” ( “Fəth əş-Şəm”) yaraqlılarının nəzarətindədir.
Hər bir dövlət öz marağını irəli sürsə də, Türkiyə, Rusiya və İran prezidentlərinin Tehran sammiti Suriyanın dərdinə dərman ola bilmədi. ABŞ-ı prosesdən kənarda saxlamaqla münaqişə çətin həll olar. Düzdür, İran, Rusiya və Türkiyə Suriya məsələsində təminatçı dövlət rolunda çıxş edirlər. Ancaq bu prosesə ABŞ-ın xeyir-dua verməsi daha etibarlı olar. Hələlik bunların heç biri baş verməyib. "Təminatçı"ların görüşünün uğurlu nəticəsinin olacağı isə arzu edilən olsa da, gözlənilən deyil. Nəzərə almaq lazımdır ki, Rusiya və İran ABŞ-ın birbaşa, Türkiyə isə qismən sanksiyasına məruz qalır. Suriya məsələsinin həllinə isə külli məbləğdə maliyyə vəsaiti tələb olunur. Bu baxımdan, son Tehran sammitini ABŞ-ın təzyiqləri qarşılığında birlik nümayişi kimi də dəyərləndirmək olar.
Bir məsələni də qeyd etmək istərdik. Ötən il ABŞ, Rusiya və İran Suriyada İŞİD terrorçularının qalmadığını bildirmişdi. Bu terrorçu təşkilatın yenidən peyda olmayacağına isə təminat yoxdur.
Xatırladaq ki, BMT-nin hesabatına əsasən, Suriyada münaqişə nəticəsində 400 min dinc sakin ölüb, 10 milyon suriyalı evini tərk etməyə məcbur olub. Suriyanın 4,8 milyon vətəndaşı başqa dövlətlərin ərazisinə sığınıb.