Taksi şirkətləri: Qiymətlər və fəaliyyət qane edirmi? - ARAŞDIRMA - VİDEO

Taksi şirkətləri: Qiymətlər və fəaliyyət qane edirmi? - ARAŞDIRMA - VİDEO Sərnişindaşıma fəaliyyətinin rahat və çevik həyata keçirilməsini təmin etmək məqsədi ilə tətbiq edilən daşıma növlərindən biri də taksi xidmətidir. Xüsusən hərəkətliliyin daha yüksək olduğu iri şəhərlərdə yaşayan əhali tez-tez nəqliyyat vasitəsi olaraq taksilərə üz tutur.
Analitika
18 Sentyabr , 2019 13:41
Taksi şirkətləri: Qiymətlər və fəaliyyət qane edirmi? - ARAŞDIRMA - VİDEO

Sərnişindaşıma fəaliyyətinin rahat və çevik həyata keçirilməsini təmin etmək məqsədi ilə tətbiq edilən daşıma növlərindən biri də taksi xidmətidir. Xüsusən hərəkətliliyin daha yüksək olduğu iri şəhərlərdə yaşayan əhali tez-tez nəqliyyat vasitəsi olaraq taksilərə üz tutur. 

Ölkəmizin müxtəlif bölgələrində, xüsusən paytaxtda taksi fəaliyyəti üçün istismar olunan avtomobillərin sayı kifayət qədərdir. Lakin statistik göstəricilərə nəzər saldıqda ölkədə nəqliyyat sektorunda taksi fəaliyyəti ilə sərnişin daşınmasında maraqlı mənzərənin şahidi oluruq. Belə ki, əgər 1990-cı ildə taksi vasitəsilə sərnişin daşınması say olaraq 89 milyon 400 min nəfər təşkil edirdisə, 2018-ci ildə bu rəqəm bir xeyli azalaraq 69 milyon 328 min nəfər təşkil edib. Cəmi 8 il bundan əvvəl isə 42 milyon həddində olub. Taksidən istifadənin azalmasının aparıcı faktorlarından biri kimi ölkədə ötən əsrin sonları ilə müqayisədə şəxsi istifadə üçün nəzərdə tutulan minik avtmobillərinin sayının kəskin artması qeyd edilir. Nəzərinizə çatdırırıq ki, əgər 1990-cı ildə şəxsi istifadədə olan minik avtomobillərinin sayı 246 min 100 ədəd olubsa, 2018-ci ildə bu göstərici 1 milyon 118 min 480 ədədə çatıb. Bu da özlüyündə 4,5 dəfə artım deməkdir.

Azərbaycanda nəqliyyat sektorunun tarixinə baxsaq, ötən əsrin sonlarına qədər ölkədə ənənəvi fərdi fəaliyyət göstərən taksi minik avtomobilləri üstünlük təşkil edirdisə, artıq yeni əsrin ikinci on illiyində taksi fəaliyyətində yeniliklər nəzərə çarpmağa başladı. Təqribən 2010-cu ildən etibarən paytaxtımızda müxtəlif taksi şirkətləri fəaliyyət meydanına atılmağa başladı. İlk olaraq 2009-cu ilin dekabrında “189TAXI” xidməti yarandı.

Günümüzdə də ölkədə sərnişindaşıma sahəsində onlarla taksi şirkəti fəaliyyət göstərir. Sözügedən şirkətlərin sayının artması onlar arasında rəqabəti daha da gücləndirib. Elə bu səbəblə də taksi şirkətləri bazarda öz yerlərini tutmaq və daha çox müştəri cəlb etmək məqsədilə istifadəçilərə müxtəlif endirimli kampaniyalar, fürsətlər təqdim edirlər. Xüsusilə, həmin şirkətlərin müştərilərə fərdi şəkildə fəaliyyət göstərən taksilərlə müqayisədə xeyli ucuz qiymət təklif etməsi əhalinin böyük bir qisminin belə şirkətlərə üz tutmasına səbəb olub. Bəs görəsən onların bu ucuz qiymət müqabilində sərnişinlərə göstərdikləri xidmət paytaxt sakinləri və analoji sahə üzrə ekpertlər tərəfindən qənaətbəxş hesab edilirmi?

“Report” ölkəmizdə taksi sifarişi şirkətlərinin fəaliyyəti ilə bağlı mövcud olan problemləri, həmin şirkətlərin müştərilərə təqdim etdikləri qiymətləri, əhalinin və eləcə də taksi sürücülərinin bu şirkətlərə münasibətini araşdırıb.

Mövzu ilə bağlı şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev “Report”a bildirib ki, hazırda ölkədə taksi xidmətlərinin bu qədər ucuz olması heç də sağlam hal hesab edilmir:

“Azərbaycanda taksi şirkətləri yarandıqları ilk dövrlərdə bazara girmək üçün müştərilərə lazımi dəyərindən xeyli aşağı qiymətlər təklif edirdilər. Lakin bu proses çox davam edə bilmədi. Həmin şirkətlər bazarda özlərinə müəyyən qədər yer edəndən sonra qiymətləri nisbətən qaldırdılar. Amma bununla belə, hazırda taksi şirkətlərinin təqdim etdiyi qiymətlər ənənəvi taksilərin qiymətlərindən xeyli ucuzdur. Bunun da səbəbi taksi şirkətlərinin sayının çoxluğu nəticəsində yaranan rəqabətin böyük olmasıdır".

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev

"Əslində taksi xidməti bir o qədər ucuz olmamalıdır".

Hüseyn Abdullayev

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev

Ekspert hesab edir ki, qiymət formalaşarkən tək müştərilərin deyil, sürücülərin də marağı nəzərə alınmalıdır: 

"Qiymətlər ucuz olduğuna görə də artıq şəhərimizin orta təbəqəsinin bəzi nümayəndələri ictimai nəqliyyatdansa taksi şirkətlərinə müraciət etməyə üstünlük verirlər. Əslində taksi xidməti bir o qədər ucuz olmamalıdır. Çünki taksi fəaliyyətinin başqa xərcləri də var və bu xərcləri ödədikdən sonra sürücüyə çox az miqdarda pul qalır. Hətta bəzən sürücülərin qazancı o qədər az olur ki, onlar avtomobili saz vəziyyətdə saxlamağa belə pul tapmırlar. Təsəvvür edin, bu şirkətlərlə işləyən bir sürücü evinə normal çörək pulu aparmaq üçün gərək 12-13 saat dayanmadan işləsin. Bu, acınacaqlı bir vəziyyətdir. Taksi şirkətlərinin qiymətlərinin bu qədər ucuz olması heç də sağlam hal hesab olunmur. Biz bu məsələdə təkcə müştəriləri deyil, sürücüləri də düşünməliyik. Qiymətlərin ucuz olmasından müştərilər razı qalsa da, bu ucuzluq, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyini aşağı endirir.

Eşitdiyimə görə, sürücülərə ödənişi bank kartları ilə edən bəzi taksi şirkətləri bəzən bu köçürmələri gecikdirilər. Bir də, onların təyin etdikləri tariflər sürücüləri qane etmir. Bu zaman taksi sürücüsü iki yol ayrıcında qalır: ya yolların kənarında dayanıb ənənəvi fərdi fəaliyyət göstərməli, ya da bütün gün ərzində ucuz qiymətə müştəri daşımalı. Nəticə etibarilə bu iki kateqoriyadan olan sürücülərin hər biri eyni məbləğdə pul qazanır ki, bu da taksi şirkətləri ilə işləyən sürücülərin narazılığına səbəb olur. 

Çünki onlar bütün günü dayanmadan işlədiklərinə və daha uzun məsafə qət etdiklərinə görə avtomobilləri də daha tez xarab olur. Bunun əvəzində isə qazancı fərdi fəaliyyət göstərən taksi sürücüləri ilə eynilik təşkil edir. Əgər taksi şirkətləri ilə işləyən sürücülər çoxlu sayda ucuz sifariş qəbul etməklə öz qazanclarını təmin edirlərsə, ənənəvi fərdi fəaliyyət göstərən sürücülərin də daimi müştəriləri var. Bura onların mütəmadi olaraq məktəblərə uşaqları aparmasını, turistlərlə işləmələrini də əlavə etmək olar. Ona görə də onlar taksi şirkətləri ilə əməkdaşlığa qoşulmurlar".

"Bizdə klassik taksi anlayışı yoxdur. Klassik taksi anlayışına cavab verən taksilər müəyyən standart rəng və görkəmə, salonlara malik olurlar. Onların salonlarında sayğaclar quraşdırılır. Hazırda istənilən Avropa ölkəsində fəaliyyət göstərən bu cür taksilər müəyyən imtiyazlara sahib olurlar. Məsələn, onlar yol kənarlarından, küçələrdən və taksi dayanacaqlarından müştəri götürə bilirlər. Eyni zamanda, onların qiymətləri də nisbətən yüksək olur. Əlavə olaraq Avropa ölkələrində sifarişlə gələn sürücü xidmətləri də mövcuddur. Onların klassifikasiyaları və qiymət siyasətləri tamamilə fərqlidir. Avropanın elə şəhərləri var ki, orada taksi xidməti avtomobilin modelindən, göstəricilərindən, sürücünün hazırlıq səviyyəsinə qədər müxtəlif tələblərlə tənzimlənib”, -ekspert vurğulayıb. 

Yuxarıda qeyd edildiyi taksi şirkətlərinin sayının çoxluğu və bazarda rəqabət mühitinin formalaşması gətirib çıxarır ki, bu da qiymətlərdə öz əksini tapır. Aşağıdakı cədvəldə taksi şirkətlərinin "Xətai” metrostansiyasının qarşısından “Elmlər Akademiyası” metrostansiyasının qarşısına qədər olan məsafə üçün müəyyən etdiyi gediş haqqı göstərilib.

Məsələ ilə əlaqədar “Report” həm də paytaxt əhalisinin rəyini öyrənib. Videosorğuda iştirak edən sərnişinlər taksi şirkətlərinin fəaliyyətinin üstünlükləri ilə yanaşı, bir sıra narazı qaldıqları məqamlara da toxunublar. Taksi sürücüləri isə şirkətlər tərəfindən təyin olunan gediş haqqı qiymətlərinin xeyli aşağı olmasından şikayətlənirlər.

Son xəbərlər

Orphus sistemi