Bakı. 9 yanvar. REPORT.AZ/ Dünyanın, o cümlədən Uzaq Şərqin ziddiyyətli bölgələrindən biri də Koreya yarımadasıdır. Bu bölgədəki qarşıdurma və gərginlik etnik münaqişə, yaxud torpaq davası üstündə başlamayıb. Koreya yarımadasındakı ziddiyyətin yaranmasının 68 ilə yaxın tarixi var. Bu müddət ərzində davam edən gərginlik tarixdə “Koreya müharibəsi” adlanan qanlı müharibə, iki qardaşın bir-birinə qarşı silah işlətməsi ilə başlayıb. Şimali və Cənubi Koreya arasında savaş 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-nə qədər davam edib. İkiyə bölünmüş bu ölkələr arasında müharibənin bitməsi rəsmi şəkildə hələ elan olunmayıb. Əslində, bu münaqişə ABŞ-la keçmiş SSRİ arasındakı “soyuq müharibə”nin təzahürü idi. Cənubi Koreyada qurulan hakimiyyətin arxasında ABŞ və onun NATO-dakı müttəfiqləri, o cümlədən Türkiyə, Şimali Koreya tərəfdə isə keçmiş SSRİ, Çin Xalq Respublikası dururdu. Sovetlərin dağılmasından 26 il ötməsinə baxmayaraq, ondan miras qalan çoxsaylı münaqişə ocaqlarından biri kimi Koreya münaqişəsi də hələ öz həllini tapmayıb.
Şimali Koreyada, demək olar, bir-birini əvəz edən Kim sülaləsi iki qütbün savaşında oyuncaq olub. Hazırkı III Kim (Kim Çen In) ata və babasından qalma ziddiyyətli, başqalarının əlində oyuncaq olma siyasətini uğurla davam etdirir. Sovet İttifaqı dağılandan sonra cənub və şimal arasında gərginlik bir az azalmışdı. Kim Çen İrin (onun atası, Şimali Koreyanın qurucusu Kim İr Sen) hakimiyyəti illərində tərəflər arasında az qala birləşmə məsələləri müzakirə edilirdi. Ancaq Kim Çen İr öləndən sonra Rusiyanın beynəlxalq aləmdə dirçəlməsi ilə Şimali Koreya məsələsində də gərginlik yaranmağa başladı. Rusiya Suriya və İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən sonra Şimali Koreya məsələsində də fəal rol oynamaq niyyətindədir. Hətta son zamanlar bu iki respublikanın bir-birinə münasibətdə atdığı addımlar ABŞ, Yaponiya, Cənubi Koreya, Rusiya və Çinin Seulla Pxenyan arasındakı gərginliyin azaldılması məsələsinə yaxın mövqedən yanaşmalarının nəticəsi kimi də dəyərələndirilə bilər.
Yanvarın 7-də KXDR-in lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərait yaradılması barədə sərəncam imzalayıb. Bununla bağlı Şimali Koreyanın rəsmi informasiya agentliyi belə bir məlumat yayıb: “Dövlət başçısı dəqiq şəkildə ifadə edib ki, ölkəmiz müstəqil birlik işində sıçrayış etməyə imkan verən siyasəti qətiyyətlə dəstəkləməlidir”.
Məlumata görə, KXDR-in başçısı keçmişi qurdalamamağa, Şimali və Cənubi Koreya arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində işləməyə çağırıb. O bildirib ki, keçmişi qurdalayıb rəsmi Seulla qarşılıqlı münasibətləri xatırlamağa gərək yoxdur: “Bunun əvəzində Şimalla Cənub arasında əlaqələri yaxşılaşdırmaq lazımdır".
Cənubi Koreya iki ölkədəki ayrı düşmüş ailələrin bu ilin fevralında görüşünün keçirilməsini təklif edib. Rəsmi Seul hərbi sahədə də danışıqların keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Yeri gəlmişkən, Şimali və Cənubi Koreya arasında danışıqlar 2015-ci ilin dekabrından sonra dayanmışdı. Yanvarın 8-də keçirilən görüşdə nümayəndə heyətlərinə Cənubi Koreyanın birləşmə üzrə naziri Ço Myounq-gyon və Şimali Koreyanın Barış üzrə Birləşmə Komitəsinin sədri Ri Son-Goun başçılıq ediblər. Bu, ötən müddət ərzində baş tutan yüksək səviyyəli ilk rəsmi görüşdür.
Ço Myoung–gyon bildirib ki, müzakirələrin uğurla nəticələnməsi üçün tələsməyəcəklər: “İki tərəfin iştirakı ilə toplantılar davam edəcək”.
Hətta Kim Çen In Yeni illə bağlı müraciətində ölkəsinin idman komandasını 2018-ci il fevralın 9-da Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarına göndərəcəklərini də vurğlayıb. KXDR Pxençxanda keçiriləcək bu idman yarışına öz rəqqas və musiqiçilərini, həmçinin taekvondo üzrə nümayiş komandasını da göndərəcək. Ümumiyyətlə, oxşar danışıqlar və mövqelərin yaxınlaşması əvvəllər də olub. Ancaq həmin münasibətlər pozulduqdan sonra Şimali Koreya rəhbərliyi Avropa İttifaqı və ABŞ-a qarşı sərt çıxşlar edib, nüvə bombasının, ballistik raketlərinin sınağını keçirib. Bu isə Qərbi Şimali Koreya ilə bağlı ehtiyatlı olmağa vadar edir.
Ötən gün Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının KXDR üzrə qətnaməsinin yerinə yetirilməsi çərçivəsində 16 fiziki şəxsi və Şimali Koreyanın Ordu İşləri Nazirliyini sanksiya siyahısına əlavə edib. Bununla da ölkəyə qarşı yeni məhdudlaşdırıcı tədbirlər nəzərə alınmaqla BMT-nin sanksiya siyahısına 79 fiziki şəxs və 54 təşkilat daxil edilib. Ümumilikdə, 41 fiziki şəxs və 10 təşkilat barədə sanksiyaları Avropa İttifaqı tətbiq edib. ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley də yanvarın 8-dəki çıxışında Şimali Koreyaya mesaj yollayıb: “Bizim də onları məhv edə biləcəyimizi xatırlatmaq istəyirəm. Ona görə də etdiklərinizə diqqət yetirin”. O, Şimali Koreya ilə görüşə hazır olduqlarını vurğulayaraq deyib: “Görüşlə bağlı mövqeyimizdə elə bir dəyişiklik yoxdur. Ancaq bunun üçün Şimali Koreyanın nüvə sınaqlarını dayandırması lazımdır”. Yeri gəlmişkən, yanvarın 3-də ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində Şimali Koreya liderinə cavab olaraq yazmışdı ki, onun nüvə düyməsi Kim Çen Inın düyməsindən “daha böyük və daha güclüdür”. Onu da qeyd edək ki, nüvə hücumu üçün prezidentin Konqres və hərbi qüvvələr də daxil olmaqla heç kəsdən razılıq alması tələb olunmur. Şimali Koreya lideri isə nüvə düymələri ilə bağlı bir gün əvvəl bildirmişdi: “Bu, adi hədə deyil, bir reallıqdır ki, mənim ofisimdə masamın üzərindəki nüvə düyməsidir. Birləşmiş Ştatların bütün quru ərazisi bizim nüvə zərbəsinin daxilində yerləşir”. Ümumiyyətlə, bir neçə gün əvvəl bu sayaq qarşılıqlı ittihamlar fonunda Şimali və Cənubi Koreya arasında danışıqların başlaması yarımada əhalisi üçün xoş hadisə sayıla bilər. Danışıqların Şimali Koreyanın təşəbbüsü ilə başlamasını Rusiya və Çinin bölgədəki münaqişənin həllində təşəbbüsü ələ alması kimi də qiymətləndirmək mümkündür. Çünki SSRİ dağılsa da, Rusiya onun hüquqi varisi olaraq həm də münaqişələrin həllində vasitəçilik edir. Nəticə etibarilə Rusiya və Çinin Şimali Koreyaya bir sıra məhdudlaşdırıcı tədbirləri və danışıqları onların bu məsələdə geri çəkilməsi kimi görünür. Nə qədər ört-basdır edilsə də, KXDR atom, o cümlədən nüvə silahı texnologiyasına Rusiya və Çinin yardımı ilə nail olub. Şimali və Cənubi Koreya arasında gərginliyin artması, KXDR-in Yaponiya və Cənubi Koreyanı hədələməsi, nüvə sınaqlarının artması qarşılığında ABŞ və onun bölgədəki müttəfiqləri də yarımadada, Sakit okean hövzəsində hərbi mövcudluğunu inkişaf etdirir. Bu nə Çini, nə də Rusiyanı çətin qane edə bilər. Moskva və Pekin ABŞ-ın bölgədə hərbi cəhətdən daha da güclənməsindən, yumşaq şəkildə desək, ehtiyatlanırlar. Bu həm də ABŞ-ın yarımadada Rusiya və Çinin qonşuluğunda hərbi cəhətdən güclənməsi deməkdir. Ona görə də ehtimal etmək olar ki, bu və başqa bu kimi amillər Rusiya və Çini Şimali Koreya məsələsində geri addım atmağa, yaxud gərginliyi azaltmağa məcbur edib. Çünki Suriyadakı hadisələr ABŞ-ın bütövlükdə bölgədəki mövqeyini gücləndirməklə yanaşı, hərbi cəhətdən mövcudluğunun artmasına müsbət təsir göstərib.
Adi insanlar müharibə, silahlı qarşıdurma, gərginlik və s. ziddiyyətlərə qarşıdır. Bu baxımdan, Şimali və Cənubi Koreya arasında danışıqlar bölgədə yaşayan insanlar üçün də xoşməramlı sayıla bilər. Cənubda keçiriləcək olimpiya oyunlarında KXDR vətəndaşları iştirak etməklə həm də yarışlara mənəvi baxımdan ev sahibliyi edəcəklər.
Beləliklə, 68 ildir iki yerə bölünmüş daha bir xalqın yenidən yaxınlaşması istiqamətində xoşməramlı addım atılır. Ehtimal etmək olar ki, beynəlxalq güclər arasında ziddiyyətlər Şimal və Cənubdakı dövlətlər arasında gərginliyin artmasına təsir göstərməyəcək.