​Siyasi analitiklər: Qərb Yaxın Şərqdəki planlarını həyata keçirilmək üçün Türkiyəni proseslərə cəlb etməyə çalışır - ŞƏRH

​Siyasi analitiklər: Qərb Yaxın Şərqdəki planlarını həyata keçirilmək üçün Türkiyəni proseslərə cəlb etməyə çalışır - ŞƏRH "Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün, istər-istəməz bu tədbirlərdə iştirak etməli olacaq"
Analitika
5 Avqust , 2015 10:13
​Siyasi analitiklər: Qərb Yaxın Şərqdəki planlarını həyata keçirilmək üçün Türkiyəni proseslərə cəlb etməyə çalışır - ŞƏRH

Bakı. 5 avqust. REPORT.AZ/ Siyasi analitiklərin fikrincə, Qərb Yaxın Şərqdə öz planlarını həyata keçirməyə çalışır və bu oyuna Türkiyəni də cəlb edir.

"Türkiyə artıq neçə ildir ki, regional qüvvələrə öz "oyununu" təqdim edir. Bunun üçün o, müxtəlif vasitələrdən yararlanır, lakin bu ona hələ ki, gözlənilən nəticələri vermir. Bunun səbəbi də odur ki, Türkiyə hər yerə və hər bir vəziyyətə nəzarət edə bilmir" - bunu politoloq Tofiq Abbasov "Report"a bildirib.

Ekspert bu gün Türkiyənin bəzi regional "oyunların oynanılmasında" iştirakının bir qədər gec olduğunu bildirib.

"Ankaranın cərəyan edən proseslərə bir qədər gec müdaxiləsi onun nəinki ümumi atmosferə təsir göstərmək imkanlarını, hətta Türkiyənin birbaşa maraq dairəsində olan problemlərin həlli ilə bağlı təsir imkanlarının məhdud olduğu üzə çıxarır" - analitik deyib.

Onun sözlərinə görə, bugünkü reallıqlar onu göstərir ki, Qərbi Asiya ölkələri Türkiyənin fikirini nəzərə almaq niyyətində deyillər və istiqamətlərin müəyyənləşdirilməsini heç də Ankaranın ssenarisi üzrə qurmağa hazırlaşmırlar.

T.Abbasovun fikrincə, Ankaranın ən böyük səhvlərindən biri ondan ibarətdir ki, "o, bunu öz şəxsi qərarı kimi qələmə verərək, xarici qüvvələrin iradəsinə xidmət edir". "Suriyada bu səhv özünün faktiki təsdiqini tapdı", - deyə o, əlavə edib.

T.Abbasov vurğulayıb ki, Türkiyə "İŞİD"-a qarşı daha sərt mövqe nümayiş etdirməli idi: "Hələ bir il əvvəl artıq məlum idi ki, islamçıların etibarını qazanmaq istiqamətində atılan uğursuz addımlar Ərdoğanın özünə qarşı dəhşətli bumeranq kimi çevrilə bilər. İndi bütün gizlin məqamlar üzə çıxanda, regional problemlərin həlli müşkülə dönür".

Onun sözlərinə görə, Türkiyə "regional oyunların başlanmasına çox gecikib" və indi Qərbin mənəvi dəstəyilə itirdiklərini yenidən qaytarmağa çalışır.

Qafqaz Tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov qeyd edib ki, Türkiyənin "PKK" və "İŞİD"-lə qarşıdurması ilə bağlı son hadisələr, "Kürd dövləti" layihəsini həyata keçirmək istəyən Qərbin birbaşa regional oyuna cəlb olunması ilə bağlıdır.

"2011-ci ildə "Ərəb Baharı" adı altında Amerika tərəfinin reallaşdırmaq istədiyi "Böyük Orta Şərq" layihəsinin aktiv fazası başladı. Bura Şimali Afrikadakı bir sıra ölkələrin sərhədlərinin yenidən müəyyənləşdirilməsi və bu dövlətlərdəki bir sıra siyasi rejimlərin dəyişdirilməsi daxil idi. Məlum idi ki, gec-tez Türkiyə bu proseslərə cəlb olunacaq. Belə ki, o, bölgənin çox vacib və əsas ölkəsidir", - politoloq bildirib.

Onun sözlərinə görə, Qərbin Yaxın Şərq xəritəsini yenidən öz maraqlarına uyğun dəyişmək arzusu, enerji resurslarının daşınmasının quru və dəniz tranzit marşrutlarına, həmçinin neft ixrac edən ölkələrə də nəzarəti ələ keçirmək istəyi neftin qiymətinin azalmasına səbəb olub.

"İŞİD"-in yaradılmasından sonra, Qərb onun əliylə İraq və Suriyanın vacib tranzit əhəmiyyətli bölgələrindən Aralıq dənizinə qədər "pəncərənin açılmasına" nail ola bildi. Bu da öz növbəsində, OPEK-in qiymətləri tənzimləmək imkanlarının zəifləməsinə gətirib çıxardı" - Hüseynov qeyd edib.

Onun sözlərinə görə, tranzit marşrutlarına nəzarəti gücləndirmək, enerji qiymətlərini aşağı səviyyadə saxlamaq və əldə olunan uğurları möhkəmləndirmək məqsədilə Qərb ölkələri İraq, Suriya və Türkiyə ərazilərində kürd dövlətinin yaradılmasına başladılar.

"Türkiyə istər-istəməz öz ərazisində yeni dövlətin formalaşdırılmasına inkan verməmək və sərhədlərini möhkəmləndirmək üçün bu tədbirlərdə iştirak etmək məcburiyyətində qalacaq", - ekspert bildirib.

Analitikin fikrincə, "İŞİD" bölgədə vəziyyətin gərginləşdirilməsi və xaosun hökm sürməsi üçün yaradılmışdı.

"Çox güman ki, sonradan kürd döyüşçülərinin əli ilə "İŞİD"-a "qalib" gəlinəcək, bu isə öz növbəsində "qaliblərə" və onların havadarlarına kürd dövlətini yaratmaq üçün mənəvi haqq qazandıracaq. Hadisələrin belə cərəyan etməsi Türkiyə hakimiyyətini heç cürə qane edə bilməz. Mən hesab edirəm ki, Ərdoğanın komandası hadisələrin belə bir kulminasiya həddinə çatmasına imkan verməyəcək", - Hüseynov bildirib.

O vurğulayıb ki, Türkiyənin vəziyyətə təsiri, öz növbəsində, ölkədəki siyasi rejimin dəyişəcəyi halda zəifləyə bilər. Ona görə də, Qərb paralel olaraq Türkiyənin daxilindəki siyasi sabitliyi pozmaq istiqamətində fəaliyyət göstərir və bir kürd dövlətini yaratmaq bir planını həyata keçirməyə dəstək verəcək qüvvələri hakimiyyətə gətirilməyə çalışır.

"Ona görə də, hazırda Ərdoğanın komandasının xalqı və siyasi dairələri ətrafında sıx birləşdirə biləcəyi indi olduqca vacibdir", - deyə politoloq qeyd edib. 

Son xəbərlər

Orphus sistemi