Senatın qətnamə şousu: Fransanın iflasa məhkum siyasəti - ŞƏRH

Senatın qətnamə şousu: Fransanın iflasa məhkum siyasəti - ŞƏRH Təcavüz, terrora dəstək verən, soyqırımı törədən ölkə - Fransanı təcəssüm edən prinsiplər
Analitika
17 Yanvar , 2024 17:38
Senatın qətnamə şousu: Fransanın iflasa məhkum siyasəti - ŞƏRH

Sürpriz baş vermədi və Fransa Senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiq etməsi üçün növbəti bədnam qətnamə qəbul etdi. Hazırda isterik vəziyyətdə olan Emmanuel Makron hökuməti ümid edir ki, Azərbaycana qarşı hər oyundan çıxmaqla, müxtəlif təzyiq və qərəzli variantlara əl atmaqla nəyəsə nail olacaq. Lobbidən yemlənən fransız senatorların özləri də gözəl bilirlər ki, qəbul etdikləri qətnamənin heç bir əsası və real gücü yoxdur. Sadəcə bu barədə çox danışıldığı və yazıldığından digər məsələlər üzərində dayanmaq istərdik. Azərbaycan dəfələrlə Fransa ilə ikitərəfli münasibətlərin güclənməsinə tərəfdar olduğunu deyib. Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində bu məqama xüsusi toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransa ilə münasibətlərin yüksələn xətlə inkişaf etdirilməsinin tərəfdarı olub. Lakin görünən odur ki, Fransa Senatı bu mesajı özünəməxsus şəkildə başa düşüb.

E.Makron başda olmaqla hökumət hesab edir ki, dost və tərəfdaşlıq mesajları səsləndirməklə rəsmi Bakı geri addım atır. Halbuki, dövlət başçısı müsahibəsində bu məsələyə də yer ayırıb və söyləyib ki, bütün hücumlara lazımi cavab veriləcək. “Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, yeri gəlmişkən, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var”.

Əvvəla, uzaq və yaxın keçmişi müstəmləkəçilik üzərində qurulan bir dövlət heç kimə, o cümlədən Azərbaycana dərs verə, onu nədəsə ittiham edə bilməz. Prezidentin də qeyd etdiyi kimi, Fransa müstəmləkə ölkələrində başqa cinayətlər də törədib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Lakin bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, xalqları sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycanın işğal altında olan öz ərazilərini geri qaytarmasını isə ermənilərin hüquqlarının pozulması kimi sırımağa çalışır.

Makron Fransasının, onun sifarişi ilə oturub-duran Senatın Azərbaycana qarşı təşəbbüsü sözsüz ki, səbəbsiz deyil və bu səbəbləri də açıqlayacağıq.

Birincisi, Fransanın anti-Azərbaycan mövqeyinin əsas səbəblərindən biri rəsmi Bakının Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliyinə qarşı apardığı mübarizədir və bu Yelisey sarayının maraqlarına toxunur. Hazırda Azərbaycanın təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyə qarşı yorulmaz və ciddi mübarizə aparılır. Bu prosesə Bakının liderlik etdiyi heç kimə sirr deyil. Azərbaycan müstəmləkələrin – Fransanın dənizaşırı adlandırdığı ərazilərin nümayəndələrinin iştirakı ilə böyük konfranslar düzənləyir. Bəyan edilir ki, Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu yaşayacaq. Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcək.

İkincisi, Senatın təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürüdür. Fransızlar Azərbaycanı Qarabağdan ermənilərin qovulmasında ittiham edirlər. Halbuki, heç bir insan hüquq və azadlıqlarının pozulmasından söhbət gedə bilməz. Onlar könüllü şəkildə bu əraziləri tərk edib Azərbaycanın qanunlarına tabe olmaq istəməyiblər. Azərbaycan Prezidenti dəfələrlə onların hüquq və azadlıqlarının qorunacağını bildirsə də, onlar Ermənistanda yaşamağı seçiblər. Bu da onların hüquqlarından biridir. Buna isə başqa don geyindirmək elə ancaq ermənilərdən maliyyələşənlərə yaraşardı. Beynəlxalq təşkilatlar, hətta BMT missiyası da təsdiq edib ki, bu insanlara qarşı heç bir zorakılıq və təzyiq olmayıb.

Üçüncüsü, əslində Senatın qərarı Azərbaycana deyil, elə Fransanın özünə zərbədir, onun maraqlarına ziddir. Parislə Bakı arasında ticarət dövriyyəsi Ermənistan və Gürcüstanla birgə dövriyyəsindən xeyli çoxdur. Bu mənada, Parisin mümkün "sanksiyası" ilk növbədə elə özünün maraqlarına zərbədir və Makron Azərbaycanı yox, məhz Fransanın Cənubi Qafqazdakı ticarət mənafelərini hədəfə almış olur. Digər tərəfdən, əgər iqtisadi əlaqələri ehtiva edən sanksiyalardan söhbət gedirsə, sirr deyil ki, Parisin Mərkəzi Asiyaya artan marağı, xüsusən, Qazaxıstanın yalnız yerüstü nəqliyyatla daşına bilən uran ehtiyatlarının nəqli məsələsində Fransa üçün Azərbaycan açar ölkədir. Deməli, Paris nəinki Azərbaycanı, elə öz ölkəsini də zərbə altına qoyaraq çətin vəziyyətə salır.

Sonda bir daha vurğulamaq istərdik ki, Senatın bu “sanksiya təşəbbüsü” Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Sözsüz ki, dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması deməkdir. Fransa hökuməti də böyük ehtimalla qətnamənin təşəbbüskarı olduğuna görə Senatdan sonra özü də bu riyakar və bədnam təşəbbüsünə qarşı çıxmayacaq, ona veto tətbiq etməyəcək.

Beləliklə, Fransa bu və əvvəlki addımları ilə neoimperialist simasını bir daha ifşa etmiş olur. Amma dəyişməyən bir reallıq var - Ermənistanın havadarının bu şousu da fiasko ilə üzləşəcək. Sadəcə, özünün sonuncu aktivlərini xərcləyən Parisin geri addım atacağı müddət uzaqda deyil.

Son xəbərlər

Orphus sistemi