Oturuşmayan hökumət və müxalifət - Ermənistanda nə baş verir?

Oturuşmayan hökumət və müxalifət - Ermənistanda nə baş verir? Hökumət binasının qarşısında az qala hər gün iqtisadi və sosial tələblərlə iş adamları, tacirlər, kəndlilərin etiraz aksiyaları keçirilir
Analitika
3940
18 Sentyabr , 2020 14:52
Oturuşmayan hökumət və müxalifət - Ermənistanda nə baş verir?
Nikol Paşinyan

Ermənistanda hakimiyyət və müxalifət hələ də özünü təsdiqləyə bilməyib. Deməli, 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra qurulan yeni rejim özünü demokratik, islahatçı,anti-korrupsioner, qərbyönlü, anti-Rusiya və s. kimi təqdim etməyə çalışdı. Ancaq ötən müddət ərzində iddialarına nail ola bilməyib. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın hələ də azadlıqda olması bunu təsdiqləyir. Ermənistan KİV-in məlumatına əsasən, Koçaryanın əmlakının bir hissəsinə qoyulan həbs götürüləcək. Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan barəsində həbs qətimkan tədbirinin seçilməməsi kimi faktlar Nikol Paşinyan hökumətinin may “inqilabının şüarlarını” yerinə yetirə bilməməsinə aid dəlillərdəndir. 2016-cı ilin aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində aparılan araşdırma da hələlik nəticəsiz qalıb.

Əslində, mövcud hakimiyyət Qərblə Rusiya arasında vurnuxur. Nəticədə hər iki tərəfin hələ də etimadını qazana bilməyib. Rusiya və Qərb blokunun Ermənistana etdikləri isə Paşinyanla bağlı deyil. Bu, onların adıçəkilən ölkədəki maraqlarının təmini üçündür. Bununsa hakimiyyətdə olan siyasi qüvvəyə heç bir aidiyyəti yoxdur.

Nikol Paşinyan hökuməti iqtisadi baxımdan da uğur əldə edə bilməyib. O, bu günlərdə iqtisadi uğurları ilə bağlı statistik göstəriciləri açıqlayıb. Paşinyan bildirib ki, keçi və qoyun ixracatı 256 faiz artıb. Yerli ekspertlər bildirib ki, bu rəqəm manipulyasiya xarakteri daşıyır. Çünki 2019-cu ildə qəbul edilən proqram əsasən belə bir uğuru qısa müddətə əldə etmək mümkün deyil. Bu proqramın gerçəkləşməsi üçün azı 5 il vaxt lazımdır. İndiyədək ölkə iqtisadiyyatına sərmayə cəlb edilməyb. Hökumət binasının qarşısında isə az qala hər gün iqtisadi və sosial tələblərlə iş adamları, tacirlər, kəndlilərin etiraz aksiyaları keçirilir.

Ümumiyyətlə, Nikol Paşinyan hökumətə başçılıq edəndən xaricdəki erməni milyonçular və iş adamları ilə bu istiqamətdə danışıqlar aparır. Ancaq indiyədək bunun heç bir nəticəsi olmayıb. Məsələn,“American International Airports” şirkətinin sahibi, Argentina vətəndaşı Eduardo Ernekyanla danışıqlar nəticəsiz qalıb. Ermənistana sərmayə qoyan kimi görünən “Taşir” şirkətinin sahibi Samvel Karapetyandır. O, daha çox Ermənistanda Rusiyanın tapşırıqlarını icra edənə oxşayır. Xarici sərmayənin cəlb edilməməsi isə hakimiyyətlər, hökumətlər üçün çox pis göstəricidir. Bu, Ermənistanın riskli ölkə olduğunu, siyasi cəhətdən sabit olmadığını, hökumətə isə etimadsızlığı əks etdirir. Koronavirusa qarşı mübarizədə fövqəladə vəziyyəti qanunsuz olaraq uzatmaqla vaxt udmağa, rəqiblərini sıradan çıxarmağa çalışsa da, hələlik buna nail ola bilməyib. Müxalifət sayılan qüvvələr fəaliyyətini davam etdirir. Paşinyan təzyiqlərdən sonra fövqəladə vəziyyəti 2021-ci il yanvarın 11-dək qüvvədə olacaq karantin rejimi ilə əvəzlədi. Fövqəladə vəziyyət rejimi dövründə müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələri ölkənin bütün sahələr üzrə vəziyyətinin acınacaqlı olduğunu bildiriblər.

Son günlər Ermənistanın təhsil, elm, mədəniyyət, turizm və idman naziri Araik Arutyunyanın istefası tələb edilir. Müxalifətdə olan Qaqik Sarukyanın Çiçəklənən Ermənistan və eyniadlı parlament fraksiyası ötən günlərdə bu istiqamətdə aksiya keçiriblər. Ermənistan Gündəliyi Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə Nazirlər Kabinetinin binası qarşısında keçirilən etiraz aksiyasında Nikol Paşinyan hökumətinin tam tərkibdə istefası tələb edilib, yeni milli razılıq hökumətinin qurulması ideyası irəli sürülüb. Araik Arutyunyan istefa verməyə hazır olduğunu bildirməklə yanaşı, Sarukyanın keçmişindən də bəzi detalları xatırladıb. O bildirib ki, 1979-cu ildə erməni milyonçu, siyasəti, deputat Sarukyan qrup şəklində zorlamada iştirak edib.

Nikol Paşinyan da nazirə dəstək olaraq bu barədə “Facebook” səhifəsində bunları yazıb: “Təhsil naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasından danışırsan”. Qeyd edək ki, Ermənistan müxalifətinin lideri, milyonçu deputat Qaqik Sarukyan 1979-cu ildə qrup şəklində zorlamaya görə mühakimə edilib. 22 ildən, SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırıb. Faktiki müxalifət lideri, Sarukyanın Paşinyana cavabı gecikməyib. O, Ermənistanın baş nazirini nəzərdə tutaraq bildirib: “Ciddi psixoloji problemlərdən əziyyət çəkən şəxslərin ali dövlət vəzifələri tutmamasının Konstitusiyada təsbit edilməsinin vaxtı çatıb”. Sarukyan deyib ki, belə şəxslər dövlətin və vətəndaşların təhlükəsizliyini ciddi təhdid edirlər.

Hər halda 2,5 ildən sonra Ermənistanda hökumət oturuşmayıb. Başqa sözlə, yeni siyasi qüvvələrin həm yönü, həm də istəyi hələ də müəmmaldır. Bu qüvvələr hakimiyyət dəyişikiyindən əvvəl Rusiyanın kölgəsini qamçılayır, Qərbə sədaqətli olduqlarını nümayiş etdirməyə çalışırdılar. İndi isə Kremlə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar. Bəlli siyasi mövqeyin olmaması da indiki hakimiyyət, hökumət üçün beynəlxalq aləmdə problem yaradıb.

Ermənistanda müxalifət də birmənalı olaraq formalaşmayıb. Ermənistanda müxalifət kimdir? Revanşist Koçaryan? Onun tutduğu mövqe və fəaliyyəti bəlli olduğu üçün sabiq prezidentin ətrafında müxalifətin formalaşması təhlükəli və Ermənistanın inkişafı üçün xeyirsizdir. Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası da müxalifət olmağa iddia edir. Ancaq onlar da keçmiş iqtidar partiyası kimi əllərini çoxdan oxudub. Sarqsyanın dəstəsi də Koçaryanınkından fərqlənmir. Bu baxımdan ehtimal etmək olar ki, onların ətrafında yaradılacaq müxalifət daha çox qisasçılıq edəcək. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçısı olduğu Vətən Partiyasının da müxalifətə liderlik etmək iddiası var. Onun Rusiyayönlü olduğu sirr deyil. Əvvəllər Paşinyan komandasında təmsil olunduğu və sonra “üçüncü ölkəyə casusluq etməkdə şübhəli bilinərək” istefaya göndərilməsi onun birmənalı şəkildə müxalifət düşərgəsində lider kimi qəbul edilməsini çətinləşdirir. Kommunistlər və başqa Rusiyayönlü partiyaların, ictimai birliklərin müxalifətə liderlik etmək şansı da çox azdır, yaxud heç yoxdur.

Ermənistan parlamentində iki müxalifət partiyası var: İşıqlı Emənistan və Çiçəklənən Ermənistan. Birinci qərbyönlü sayıldığından daha çox indiki hökumət üçün yedək sayılır. İkincisi isə 2018-ci ilin may hadisələrində Paşinyana dəstək verdi. Sarukyan Sarqsyanın istefası tələbinə əvvəlcə qoşulmadı. Ancaq bir müddət sonra Sarqsyanın sərt çıxışı onun şəxsi biznesinə toxunduğu üçün istefa hərəkatına qoşuldu. O, indi rayon və şəhərləri gəzərək görüşlər keçirir, Nikol Paşinyan hökumətinin əleyhinə çıxışlar edir, bu kabineti Ermənistanı faciəvi vəziyyətə salmaqda günahlandırır. O, Nikol Paşinyan hökumətinin istefasını tələb edir. Əslində, bunu Sarukyanın Rusiyanı inandırmaq üçün ikinci cəhdi kimi də qiymətləndirirlər. Ancaq Kremlin adamı sayılan Serj Sarqsyanın istefası hərəkatını Sarukyanın dəstəkləməsini Moskva yəqin ki unutmayıb. O, bu addımı ilə etibarını itirib. Son günlər zorlama faktı ilə bağlı cinayət işinin yada salınması Sarukyanın nüfuzuna çox mənfi təsir edəcək. Onun bu cinayətdə əli olması doğruluğunu Rusiya da yaxşı bilir. Belə çirkli ömür yolu ilə Sarukyan müxalifət lideri rolu üçün Moskvaya göydəndüşmə ola bilərdi. Ancaq Sarqsyana “xəyanəti” onu ikinci plana keçirə bilər. Sarukyan bu “ləkəni” təmizləmək, Rusiyaya yararlı olacağını sübut etməkdən ötrü daha çox canfəşanlıq edir. Bu zaman hökumət əlində olan resurslarla onun yamaqlı yerlərini açıb göstərir. Elə zorlama faktı ilə bağlı cinayət işi də bu yamaqlardandır.

Beləliklə, Ermənistanda yolu, mövqeyi hələ də bəlli olmayan hökumət var. İqtidardakı belə siyasi qüvvə ilə əməkdaşlıq başqa dövlətlər üçün çox riskli sayılır. Heç müxalifət də hökumətdən seçilmir. Onun da çoxsaylı problemləri var. Bu düşərgədə isə birmənalı qəbul ediləcək lider yoxdur. Ona görə də Ermənistanın belə tezliklə demokratikləşməsi, yaxud bu istiqamətdə uğur qazanacağı az inandırıcıdır. Yaranmış vəziyyəti belə xarakterizə etmək olar: belə psixi cəhətdən anormal baş nazirin hökumətinə, zorlamada iştirak etmiş milyonçu siyasətçi müxalif olar, yaxud Ermənistanda “axsaq ata kor at nalbəndilik edir”.

Son xəbərlər

Orphus sistemi