​Sarqsyandan "normallaşdırma protokolu" ilə erməni diasporu və lobbisinə mesaj - ŞƏRH

​Sarqsyandan "normallaşdırma protokolu" ilə erməni diasporu və lobbisinə mesaj - ŞƏRH Ermənistana Azərbaycanın işğal altında olan torpaqları azad ediləcəyi halda normallaşma prosesinin gerçəkləşəcəyi bildirilmişdi
Analitika
17 Fevral , 2015 16:40
​Sarqsyandan normallaşdırma protokolu ilə erməni diasporu və lobbisinə mesaj - ŞƏRH

Bakı. 17 fevral. REPORT.AZ/ Ötən gün Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması haqda protokolun geri götürülməsi ilə bağlı qərar qəbul edib.

"Report"un məlumatına görə, o, Türkiyə prezidentinə göndərdiyi müraciətdə məsələyə dair protokolun 6 il öncə imzalandığını və bu müddət ərzində heç bir nəticə olmadığını vurğulayıb.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürixdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi.

Ermənistan prezidentinin bu addımı hər iki ölkədə müxtəlif cür dəyərləndirilib. Türkiyədə bunu "Ermənistan tərəfdən təxribatçı addım", "Şokedici hərəkət" adlandırıblar.

Türkiyədə çıxan "Hüriyət" qəzetinə ölkə Xarici İşlər Nazirliyinin məsullarından biri hadisəyə belə qiymət verib: "Yanlış və uğursuz bir addımdır. Bunlar səmimyyətdən uzaq yanaşmadır".

Erməni təhlilçilər isə bunu həm də aprelin 24-ü ilə əlaqələndirirlər. Onların qənaətincə, bu tarixədək iki ölkə arasında hansısa hadisə baş verməli idi və protokolun geri götürülməsi bu addımlardandır. Heç şübhəsiz, bu, Ermənistanın daxilindəki ictimai-siyasi və iqtisadi hadisələrələ birbaşa əlaqədardır.

Son zamanlar Ermənistanda baş verən hadisələr, müxalifətin hakimiyyətə istefa tələbi, Gümrüdə bir ailənin 7 üzvünün Rusiya hərbçisi tərəfindən qətlə yetirilməsi, ölkə iqtisadiyyatının Rusiyadan asılılığı və bunun nəticəsi olaraq bu sahədə böhran Serj Sarqsyan hökuməti üçün bir sıra probemlər yaradıb. Ona görə də rəsmi İrəvan diqqəti problemlərdən yayındırmaq və özünü müstəqil göstərmək (çünki Rusiyanın hərbi bazası ilə bağlı baş verənlər Ermənistanın və hakimiyyətinin müstəqilliyinin olmadığını bir daha təsdiqləyib) üçün bu addımı atıb.

Qeyd edək ki, həmin sənəddə Türkiyə ilə Ermənistan arasında sərhədin açılması və iki ölkə arasında iqtisadi, diplomatik münasibətlərin normallaşdırılması öz əksini tapmışdı.

Türkiyə tərəfi protokola imza atarkən onun imzalanmasını istəyənlər, yaxud bu məsələdə israr edənlərin qarşısında öz şərtini irəli sürmüşdü. Rəsmi Ankara Ermənistana və onun havadarlarına Azərbaycanın işğal altında olan torpaqları azad ediləcəyi halda normallaşma prosesinin gerçəkləşəcəyini bildirmişdi. Bu, elə bir neçə gün öncə Türkiyənin baş naziri Əhməd Davudoğlunun çıxışında da bir daha vurğulandı. O dedi ki, Ermənistan işğal altında saxladığı Azərbaycan rayonlarından birini belə azad etsə, sərhədlər açıla bilər.

S.Sarqsyanın addımı təsdiqlədi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından razılaşdırılmış beynəlxalq sənədlərin əsasında çıxmaq niyyətində deyil, yaxud o bu sayaq beynəlxalq prinsiplərə məhəl qoymur. Burada rəsmi İrəvanın əməl etmədiyi BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini də xatırlamaq yerinə düşər.

Ermənistanın bu sayaq davranışına gəldikdə isə qeyd etmək lazımdır ki, o torpaqları ermənilər təkbaşına işğal etməyib və ona görə də özxoşuna oradan çətin çıxa.

Məsələyə başqa tərəfdən yanaşsaq, bunu da xatırlamalıyıq ki, Ermənistanın bir dövlət kimi mövcudluğu və taleyi daha çox diaspordan və Moskvadan asılıdır. Müşahidələr göstərir ki, indiyədək erməni diasporu və lobbisi ilə Rusiya bu ölkə ilə bağlı məsələlərdə öz hərəkətlərini uzlaşdırırdı. Ancaq son zamanlar Ukraynada baş verən hadisələr bunun əksini deməyə əsas verir.

Məlum olduğu kimi, Ermənistanın ən güclü lobbisi Parisdədir. Ukraynanın şərqində baş verənlərə görə Fransanın Rusiya ilə münasibətlərində müəyyən soyuqluq yaranıb. Bundan başqa, görünür, Ermənistandakı hakimiyyətin Avrasiya İqtisadi Birliyinə üzv olmasından da diaspor və lobbi narazıdır.

Rəsmi İrəvan isə bu davranışı ilə öz yerini Rusiyanın yanında gördüyünü onlara göstərib, Qərbdəki diasporu və lobbisinə özünəməxsus mesaj verib.

Beləliklə, ehtimal etmək olar ki, Ermənistan uğrunda diaspor və lobbinin mübarizəsi yeni mərhələyə qədəm qoyub, "normallaşma protokolu"nun geri götürülməsi isə bunun ilk görüntüsüdür. 

Son xəbərlər

Orphus sistemi